AZ

Hafta.az-ın sorğusu nazirlik üçün çox ağır oldu - Hələ də araşdırılır

Yazını böyüt
Yazını kiçilt

Təhsil problemlərimizi birgə həll edək...

Azərbaycanda yeni tədris ili başladı. Uşaqların sevinci, valideynlərin həyəcan və narahatlığı ilk günlərdən hiss edildi. Bu narahatlıq isə əbəs deyil. Kimlərsə uşaqlarını istədikləri məktəbə qoya bilmədi. İlk günlərdən başlayaraq əlavə vəsaitlərin alınması və digər məqamlarla bağlı yaradılan votsap qruplarından gələn “tapşırıqlar”...

Universitet tələbəsi adını yeni qazanan tələbələr və onların valideynlərinin də narahat olduqları məqamlar az deyil. İxtisas seçərkən üzləşdikləri problemlər, yüksək bal toplayıb tələbə adını qazanmaq hüququndan məhrum olanlar... İstər orta məktəb, istərsə də ali məktəbdə dərslik problemi...

Bu məqamlarla bağlı müvafiq qurum olan Elm və Təhsil Nazirliyinə hafta.az-ın sorğularının cavabı hələ də yoldadır. “Sorğunuzu araşdırıb, sizə dönəcəyik” cavabından sonra nə qədər gözləsək də, geridönüşün şahidi olmadıq. Paralel şəkildə cəmiyyətin səsi, danışan dili olan deputatlarımızın bir çoxuna müraciət edib, fikirlərini öyrənib, qanunvericiliklə hansı addımların atımalı olduğunu, bu istiqamətdə hansı işlərin görüldüyünü və deputat olaraq bu istiqamətdə nə edə biləcəklərini soruşduq.

“Daha çevik qərarların qəbuluna yol açan mexanizmlər yaradılmalıdır”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli yuksək bal toplayıb tələbə adını qazanmayanlar üçün yeni imkanların yaradılması məsələsinə münasibət bildirərkən vurğuladı ki, bu məsələ ətrafında çoxsaylı mülahizələr yürüdülür.

Deputat qeyd edir ki, bir sıra hallarda baş verənlərin mahiyyətindən və gerçək səbəblərindən məlumatsız olan, proses ətrafında neqativ fon yaratmaq istəyənlərin emossional açıqlamalarının təsiri altına düşən və yaxud maraqları təmin edilməyən insanlar cəmiyyətə yanlış mesajlar ötürürlər:

"Əslində, problemin kökündə ixtisas seçimi, ixtisaslarının əmək bazarının tələblərinə uyğunlaşmaması, universitetlərdə, hazırda populyarlığı artmaqda olan ixtisaslar üzrə yerlərin məhdud olması və digər bu kimi amillər dayanır. Yəni, problem imtahanların nəticələrindən, ixtisas seçimindən daha mürəkkəb, daha köklüdür. Yüksək bal toplayan abituriyentlərin kənarda qalmalarının yeganə səbəbi, onların seçdiyi ixtisaslara daha yüksək bal toplayan abituriyentlərin müraciət etmələridir. Belə olduğu halda, şübhəsiz, daha yüksək bal toplayan abituriyent üstünlük qazanır. Universitetlərə qəbulla bağlı mövcud mexanizmlər çərçivəsində bu qəbildən olan problemlərə görə, subyektiv iddialar və ittihamlarla çıxış etməyi doğru saymıram. Bununla yanaşı, hesab edirəm, qeyd etdiyiniz problemlərin baş verməməsi üçün proses ciddi şəkildə təhlil edilməli, ixtisas seçimi ilə bağlı geniş marifləndirmə işi aparılmalı və bir sıra ixtisasların əmək bazarına uyğunluğuna, tələb və təklif məsələlərinə yenidən baxılmalı, daha çevik qərarların qəbuluna yol açan mexanizmlər yaradılmalıdır”.

Birinci sinif şagirdlərinin məktəbə qəbul olunması ilə bağlı müşahidə olunan narazılıqlara gəldikdə isə, deputat da bu sualın ünvanının müvafiq nazirlik olduğunu bildirir:

“Eyni zamanda sualda yer alan məsələ faktoloji deyil. Nəzəri baxımdan istənilən real və qeyri-real presidenti ümumi problem kimi təqdim etmək olar. Mən məsələlərin həllinə onların yaranma səbəblərinin doğurduğu nəticələr kontekstindən yanaşıram. Məlum olduğu kimi, məktəblərdə konkret sayda şagirdlər təhsil ala bilərlər. Yəni bir məktəbdə ümumilikdə, 1500 şagird təhsil alırsa, həmin məktəbə 1501-ci şagirdin gəlişi artıq problem yaradır. Hazırda əmək bazarını, əsasən, Bakı şəhərində, eləcə də digər böyük şəhərlərdəki iş yerləri təşkil etdiyi üçün insanlar bölgələrdən paytaxta və digər böyük şəhərlərə üz tuturlar. Beləliklə də yaranan daxili miqrasiya problemi bütün digər sahələrə olduğu kimi, təhsilə də təsir göstərir. Məsələn, bu gün Bakı şəhərinin Nəsimi rayonunda özünə iş yeri tapan və ev kirayələyən bu və ya digər rayonun sakini bir və ya bir neçə ildən sonra Bakının başqa rayonunda özünə yeni iş yeri tapa və təbii olaraq, həmin əraziyə köçə bilər. Bu zaman o, orta ümumtəhsil məktəbində oxuyan övladının da köçdüyü yeni ərazidəki məktəblərdən birinə yerləşdirilməsinə çalışacaq. Daxili miqrasiya isə dəyişkən bir prosesdir. Yəni bu gün tikinti ilə əlaqədar Bakının Nəsimi rayonunda iş yerləri çox ola bilər və insanlar kütləvi şəkildə bu əraziyə axın edə bilərlər. Başqa bir vaxtda isə tikinti bumu Sabunçu rayonunda yaşana bilər və Nəsimi rayonu ərazisində işlə bağlı müvəqqəti məskunlaşan insanlar da Sabunçu rayonuna üz tuta bilərlər. Nəzərə almaq lazımdır ki, istər Nəsimi, istərsə də Sabunçu rayonunda yerləşən məktəblər bəlli sayda şagird üçün nəzərdə tutulub. Dövlət, dəyişkən daxili miqrasiya prosesinə uyğun templə yeni məktəblər inşa edə bilməz, etməməlidir də… Bu problemin həlli regionlarda investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və daxili miqrasiyanın qarşısının qeyri-inzibati vasitələrlə alınmasından keçir”.

Deputat universitetlərin təhsilhaqqını ciddi şəkildə qaldırmasından yaranan narahatlıqlara isə sosial problem kontekstindən yanaşmağı üstün tutur:

“O zaman problemin yeganə bir yolu var. Təhsilin bütün pillələri ödənişsiz olmalı, özəl məktəblər də ləğv edilməlidir. Bunun davamı olaraq, bazar iqtisadiyyatı modelindən də imtina edərək planlı təsərrüfata qayıtmalıyıq. Biz bazar iqtisadiyyatının hələ tam tətbiq edilmədiyi, sosialyönlü yanaşmalara üstünlük verildiyi bir ölkədə yaşasaq da, unutmamalıyıq ki, iqtisadiyyatın planlı təsərrüfat modeli qlobal miqyasda iflasa uğrayıb və Azərbaycanda da azad bazar iqtisadiyyatı modelinin tam tətbiqi istiqamətində islahatlar aparılır və aparılmalıdır da.

Mən çox yaxşı başa düşürəm, valideynlərin mütləq əksəriyyəti övladlarının ali təhsil almalarını istəyir. Bu problemin qismən həlli yolu var və qardaş Türkiyənin dövlət təhsil müəssisələrində uzun illərdir ki, tətbiq olunur. Bu mexanizmə görə, şəxsin ali məktəbə daxil oluğu il təhsil haqqı hansı məbləğdədirsə, ona münasibətdə, məsələn təhsilin bakalavr pilləsində 4 il ərzində eyni məbləğ tətbiq edilir. Amma unutmaq olmaz ki, müasir dövrdə təhsil ölkələrin mütləq əksəriyyətində həm də biznes növüdür. Təəssüf ki, biz bir sıra hallarda, öz maraqlarımıza uyğun gələndə planlı təsərrüfatın tətbiq edildiyi zamanın insanları kimi düşünür, yenə də öz maraqlarımız tələb edən də bazar iqtisadiyyatının tam tətbiqinin zəruriliyindən danışırıq. Düşünürəm ki, bütün bu müzakirələrə son qoymaq üçün təhsil kreditlərinin əlçatanlığının təmin edilməsi və geri qaytarılması mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atmalıyıq”.

“Bu işlə məşğul olan şəxslər buna cavab verməlidir”

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov da eyni suallara cavab verdi.

O, deputatların qanunverici orqanda çalışdığını və bu kimi suallara cavab verəcək tərəf olmadığını deyir:

“Biz qanunverici orqanıq, bunun bizə heç bir aidiyyəti yoxdur. Sabah günahkar axtarsalar, o məsələlərin heç birində bizim imzamız olmayacaq. Ancaq ali təhsilimizə dair qəbul olunan qanunlarla bağlı suallar olsa, məmnuniyyətlə cavab verməyə hazıram. Eyni zamanda, yüksək bal toplayan abituriyent kənarda qalıb, tələbə ola bilməyibsə, görünür ki, ixtisas seçimini düzgün aparmayıb. Tutaq ki, mən 600 bal toplamışam, hüquq fakültəsinin də keçid balı 620-dir, mən isə tutaq ki, tarix yazmamışam, ədəbiyyat yazmamışam hüquq yazmışam. Təbii olaraq, o abituriyent hüquqa düşməyəcək. Burada qeyri-adi heç nə yoxdur. Sadəcə, düzgün seçim edilməlidir. Verdiyiniz sualların hər birinin cavabları məndə var. Mən ali məktəbin professoruyam. Sırf bu işlə məşğul olan şəxslər buna cavab verməlidir. Mən Lənkəranda bütün görüşlərimi kəndlərdə keçirirəm, orada da bir nömrəli görüş yeri məktəbdir. Ona görə də mən məktəblə bağlı prosesləri əzbər bilirəm. Hansı məktəbdə nə qədər şagird olur. Yaxud Bakı məktəblərində də nələrin olub-bitdiyini bilirəm. Eyni zamanda bizim kafedranın belə bir təcrübəsi var: 3 ay məktəblərdə oluruq. Yəni nə rayon, nə də Bakı məktəblərində mənə yad olan heç nə yoxdur. Qanunverici orqanın işi o deyil. Məsələn, yerdəyişmə ilə bağlı qanunun hazırlanmasında iştirak etmişəm. Əvvəllər müəllimlər 50 dəfə yerdəyişmə ilə bağlı ödəniş olmadan sənəd verə bilərdi. İndi bir dəfədən sonra ödənişli olacaq.

Mən də valideynəm, kiminsə qohumuyam. Doktorantura, magistraturaya ödəniləcək pul böyükdür. Bunu da başa düşürəm. Azərbaycan vətəndaşı kimi təəssüflənirəm. Elm və təhsil komitəsinin sədri kimi buna münasibət bildirmək düzgün olmaz…”

Göründüyü kimi, ölkə inkişafının bazisini təşkil edən təhsil sahəsində mövcud problemlərin həllindəki pərakəndəlik bu istiqamətdə mühüm sıçrayış sayıla biləcək həmrəy fəaliyyətdə də özünü büruzə verir. Gələcək isə gözləmir...

Seçilən
36
45
hafta.az

10Mənbələr