AZ

Alpaqut Federasiyasında kütləvi istefanın kökləri... dərinə gedir?


Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvlərinin və Azərbaycan nümayəndəliyinin rəhbər şəxslərinin tutduqları vəzifələrdən istefa vermələri ilə bağlı xəbər yayılıb.

DAF-nin mətbuat xidmətindən mətbuata verilən məlumata görə, istefaların əsas səbəbi federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.

Bundan başqa heç bir əlavə fikir bildirilməyib.

Qeyd edək ki, istefa edənlər sırasında DAF Prezidenti Jalə Əhmədova, 1-ci vitse-prezident Könül Nurullayeva, Vitse-prezident Anar Qurbanov,İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuzə İskəndərova, Katibliyin rəhbəri Tünzalə Əzimovadır.

Federasiyanın Azərbaycan nümayəndəliyində də istefa qərarı verənlər olub.

Azərbaycan Alpaqut Federasiyasının prezidenti Fuad Quliyev, 1-ci vitse-prezident Mehman Səfərov, Vitse-prezident Davud Davudov, Könüllülərlə iş departamentinin rəhbəri Jalə Məmmədova istefa verənlər sırasındadır.

Kütləvi istefaların baş verməsinin arxasında daha hansı ciddi səbəblərin dayandığı məlum deyil. Ümumiyyətlə, indiyə qədər bu qurumda hər hansı bir qalmaqalın olduğu barədə də məlumata rast gəlmədik. Yəni digər federasiyalarda qalmaqallara, qarşılıqlı ittihamlara, qarşıdurmala çox rast gəlinir, bu barədə mediada da yazılar gedir. Amma Alpaqut Federasiyası haqqında bunları demək olmur. Bütün hallarda, indiki vəziyyətdə pərdə arxasında nələrin baş verdiyi, konkert olaraq hansı məqamlara görə fikir ayrılıqlarının yarandığı aydın izah edilmir. Yəqin ki, bu barədə geniş açıqlamalara növbəti günlərdə rast gələ biləcəyik. İstefa verən səlahiyyətlilərin bir neçəsinə zəng etsək də, təəssüf hər hansı bir təmasımız alınmadı.

Alpaqut idman növünə gəlincə, bilirik ki, bu o qədər də populyar idman növü deyil və geniş ictimaiyyətin, hətta idman mütəxəssislərinin əksəriyyətinin onun barəsində məlumatı yoxdur. Əlbəttə, alpaqut qeyri-olimpiya idman növü olduğundan, ona ictimaiyyətin diqqəti də zəifdir. Amma bütün hallarda çox maraqlı və gərəkli bir idman növüdür və Turan döyüş sənəti kimi çox diqqətəlayiqdir. Alpaqut Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.

Dünya Alpaqut Federasiyası (DAF) necə və harda yaranıb, yaradıcısı kimdir, indiyə qədər nə qədər uğura imza atıb, hansı ölkələrdə tanınır?

DAF Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək və digər ölkələrdə olan alpaqut klub və federasiyalarını idarə etmək üçün 2014-cü ildə yaradılmış beynəlxalq idman təşkilatıdır.

Federasiyanın dünyanın 50-dən çox ölkəsində rəsmi nümayəndəlikləri, klub və federasiyaları var.

2014-cü ilin əvvəlindən Alpaqut Turan Döyüş sənətinin qurucusu Vasif Namazovun təşəbbüsünə əsasən, Alpaqut idman növünün inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında Beynəlxalq İdman Təşkilatının yaradılması qərarı verilib. Federasiyanın təsis olunmasında Gürcüstan Respublikasından Müşfiq Əliyev, Faiq Məmmədov, Azərbaycandan isə Fərid Əlizadə və Vasif Namazovun özü iştirak edib. İdarə heyəti üzvləri federasiyaya ilk Prezident kimi Fərid Əlizadəni seçib və 12 fevral 2014-cü il tarixindən etibarən federasiya rəsmən qeydiyyatdan keçərək fəaliyyətə başlayıb.

2015-ci il tarixindən etibarən, Alpaqutun inkişafı naminə Dünya Alpaqut Federasiyasının yenidən formalaşmasına qərar verilib. 12 yanvar 2015-ci il tarixində federasiya prezidenti Fərid Əlizadə və bütün icra strukturu istefaya gedib. 18 mart 2015-ci il tarixində, Azərbaycanda Atatürk Mərkəzində, Dünya Alpaqut Federasiyasının ümumi yığıncağı növbədənkənar qurultay çağırıb. Qurultayda Araz Abdullayev, Asiman Abdurrahmanov, Kamil Yusubov, Faiq Məmmədov, Arzu Eyvazov, Anar Xəlilov, Elnur Hüseynov, Əkbər Goşalı və Vasif Namazov Dünya Alpaqut Federasiyasının İdarə heyətinin üzvləri seçilib. Qəbul edilən qərarlaragörə, Azərbaycan Milli Məclisinin deputatı Nizami Cəfərov Dünya Alpaqut Federasiyasının yeni Prezidenti seçilib. Qurumun bundan əvvəlki Prezidenti iş adamı Fərid Əlizadə isə Dünya Alpaqut Federasiyasının Fəxri Prezidenti elan olunub.

9 yanvar 2015-ci il tarixində Dünya Alpaqut Federasiyasının idarə heyəti növbədənkənar qurultay çağırıb. Qurultayda Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Dünya Federasiyasının 1-ci vitse-prezidenti, daha öncə federasiyanın 1-ci vitse-prezidenti vəzifəsini icra edən Araz Abdullasoy isə Federasiyasının Hüquq məsələləri üzrə vitse-prezidenti vəzifəsinə seçilib.

30 avqust 2022-ci ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı keçirildi. Qurultayda Jalə Əhmədova, Könül Nurullayeva, Betül Altıntaş, Qüdrət Nuriyev, Fərid Əlizadə, Faiq Məmmədov, Nuranə Şıxəliyeva, Amanjol Tuberov, Emil Rəhimov, Ali Gurbani Dünya Alpaqut Federasiyasının yeni tərkibdə idarə heyəti üzvləri, Vasif Namazov isə idarə heyətinin sədri seçilib. Federasiyanın yeni icra strukturu:Azərbaycan Milli Məclisinin deputatı Jalə Əhmədova federasiyanın prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Könül Nurullayeva birinci vitse-prezident, Emil Rəhimov, Fərhad Əliyev vitse-prezident seçilib. Bundan əvvəl federasiyaya rəhbərlik edən Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva qurultayda Dünya Alpaqut Federasiyasının fəxri üzvü seçilib.

Dünya Alpaqut Federasiyası 12 fevral 2014-cü il tarixində 434162041 nömrəsi ilə qeydiyyatdan keçərək fəaliyyətə başlayıb.

ICSSPE - 2022-ci il mayın 17-də Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası Dünya Alpaqut Federasiyasını rəsmi oalraq üzvlüyə qəbul edib, TAFISA - 2022-ci il dekabrın 7-də Dünya Alpaqut Federasiyası Beynəlxalq İdman Hamı üçün Assosiasiyasına müvəqqəti üzvü, 2023-cü il noyabrın 3-də isə daimi üzv seçilib. WEGC - 2023-cü il mayın 1-də Dünya Alpaqut Federasiyası və Beynəlxalq Etno Oyunlar Konfederasiyası arasında memorandum imzalanıb. Memoranduma əsasən alpaqut idman növü köçəri oyunları və etno oyunlar kimi tanınan beynəlxalq idman oyunları proqramına əlavə olunub.

FAIR PLAY - 2023-cü il mayın 10-da Dünya Alpaqut Federasiyası Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin üzvlüyünə qəbul edilib.[22][23][24]

IMGC - 2023-cü il noyabrın 23-də Beynəlxalq Döyüş Sənəti Oyunları Komitəsinin üzvlüyünə

ISNO - 2023-cü inoyabrın 25-də Beynəlxalq İdman Şəbəkəsi Təşkilatının üzvlüyünə qəbul edilib.

2023-cü ildə TRT Belgesel tərəfindən Bakıda Alpaqut döyüş növü haqqında sənədli film çəkilib. Film 2023-cü il iyunun 25-də "Bir Döyüşçünün Dünya Macəraları — Alpaqut " adı ilə yayımlanıb.

GAWSF - 14.02.2024-cü il tarixində, Ümumdünya İdman Federasiyalarının Baş Assosiasiyası tərəfindən tanınaraq rəsmi üzvlüyə qəbul edilib.

ISCA - 26.12.2024-cü il tarixində, Dünya Alpaqut Federasiyası beynəlxalq İdman və Mədəniyyət Assosiasiyası ilə əməkdaşlığa başlayıb və rəsmi üzv kimi qəbul edilib.

ITCHF - 29.12.2024- cü il tarixində, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Alpaqut Federasiyası arasında əməkdaşlıq sazişi imzalanıb.

Dünya Alpaqut Federasiyası fəaliyyətə başladığı gündən etibərən müxtəlif ölkələrdə təqdimatlar, seminarlar, beynəlxalq turnirlər keçirib. Federasiya 2016-cı ildən etibarən Dünya kuboku və Dünya çempionatlarının keçirilməsinə start verib. 2018 və 2019-cu illərdə Bakıda təşkil edilən Dünya çempionatları Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.

Eyni zamanda da bir sıra beynəlxalq yarış və turnirlərdə iştirak edib uğurlar qazanıblar.

Azərbaycan Alpaqut Federasiyası isə Azərbaycanda türksoylu xalqların ortaq mədəniyyətini yaşadan Alpaqut idman növünü inkişaf etdirmək məqsədilə yaradılan qurumdur. Mərkəzi Bakı şəhərindədir. 16 fevral 2014-cü il tarixində AAF Ümumi yığıncağı keçirilərək təsis edilib. 6 aprel 2018-ci ildə keçirilən qurultayın qərarına əsasən Federasiyaya iş adamı Qüdrət Nuriyev rəhbərlik edirdi. 23 Avqust 2024-cü il tarixində keçirilən növbəti qurultayda Quliyev Fuad Gulağa oğlu Federasiyanın prezidenti seçildi (hazırda istefa verib).

Rəsmi fəaliyyətə 2008-ci ildən Mərkəz kimi başlayıb və 14 mart 2014-cü ildə təsis olunub. Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulub. Bu idman növü Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" (Turan: türksoylu xalqların yaşadığı, böyük çöl adlanan coğrafiya) adlanır.

Əli TURABOV

Seçilən
7
baki-xeber.com

1Mənbələr