20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqı üçün tarixi ədalətin bərpası və Qarabağın yenidən dirçəlişinin simvoludur. Həmin gün eyni zamanda Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin iflası kimi də mühüm tarixi əhəmiyyət daşıyır. Bu günün tarixi əhəmiyyəti ondadır ki, artıq Azərbaycan xalqı Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə öz azadlığının, milli birliyinin və dövlət müstəqilliyinin gücünü simvolizə edən üçrəngli bayrağını ucaldıb. Bu günün rəsmi qeyd olunması, gələcək nəsillərə Qarabağda qazanılmış zəfərin siyasi yaddaş kimi ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağını ucaldaraq xalqımıza verdiyi bütün vədlərin gerçəkləşdiyini bəyan etdi. Bu hadisə, sadəcə bir mərasim deyil, Prezident İlham Əliyevin illərdir verdiyi vədlərin, xüsusilə də Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın işğaldan azad edilməsi ilə bağlı vədlərinin tamamilə gerçəkləşdiyinin rəmzi idi. Prezidentin bu addımı, Azərbaycanın öz suverenliyini tam təmin etdiyini və illər boyu davam edən işğal dövrünə son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, Azərbaycanın öz torpaqlarına qayıdışını, bölgədə sülh və bərpa prosesinin başlanğıcını simvolizə edən qürurverici bir an idi. Prezidentin səfəri zamanı verdiyi bəyanatlar da bunu açıq göstərdi – o, bildirdi ki, bu torpaqlarda Azərbaycan qanunları hökm sürəcək, vətəndaşlar bərabər hüquqlarla yaşayacaq. 2024-cü ilin mart ayında Xocalıya etdiyi növbəti səfərdə Prezident İlham Əliyev artıq bərpa olunmağa başlayan infrastruktur layihələrini yerində izləyərək, bu ərazilərin dirçəliş strategiyasının başlanğıcını verdi. 2025-ci ildə cənab Prezident İlham Əliyev Ağdərəyə etdiyi səfəri zamanı da bu bölgədə aparılan bərpa-quruculuq işlərini yerindəcə dəyərləndirdi və bu günün qeyd olunmasının həm də milli birliyi gücləndirdiyini vurğuladı.
Prezident İlham Əliyevin azad olunmuş Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərinə səfərləri regionun inkişafına verdiyi önəmi əyani şəkildə göstərir. Xankəndidə Qarabağ Universitetinin yaradılması, yeni məktəb və infrastruktur layihələrinin açılışı, Ağdərədə Novruz tonqallarının alovlandırılması, Xocalıda Soyqırımı Memorialının təməlqoyması və müasir sənaye müəssisələrinin istifadəyə verilməsi, Xocavənddə qədim abidələrin bərpası sadəcə bərpa işləri deyil, həm də gələcəyə yönəlik strateji inkişaf planının bir hissəsidir.
Otuz ildən sonra Qarabağa qayıdış artıq reallıqdır. Xankəndidə keçirilən beynəlxalq tədbirlər, idman yarışları, iqtisadi zirvə görüşləri Azərbaycanın qələbəsini bütün dünyaya nümayiş etdirir. Artıq Qarabağ bölgəsi təkcə Azərbaycan üçün deyil, region üçün də yeni inkişaf mərkəzinə çevrilməkdədir. Qarabağın bərpası və yenidən qurulması təkcə Azərbaycanın daxili məsələsi deyil, həm də bütün regionun gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Ən önəmlisi isə odur ki, artıq bu torpaqlarda həyat bərpa olunur: yeni evlər, yollar, məktəblər inşa edilir, minlərlə sakin öz yurduna qayıdır. Bütün bu addımlar isə Qarabağı təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın yeni inkişaf mərkəzinə çevirəcək.
Anar Məmmədiv,
Milli Məclisin deputatı