AZ

Poçt şöbələri yox, rəqəmsal mərkəzlər Azərpoçt indi daha fərqli

Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ənənəvi poçtun tarixi çox qədimdir. İnsan cəmiyyətlərinin yazı və ünsiyyət vasitələri inkişaf etdikcə, poçt sahəsində də yeni imkanlar formalaşıb. Konkret desək, ənənəvi poçtun tarixi dövlətlərin idarəçilik ehtiyaclarından başlayıb və sonralar xalq arasında şəxsi ünsiyyət vasitəsinə çevrilib. Texnologiyanın inkişafı ənənəvi sahələrin çoxunu köklü şəkildə dəyişdiyi kimi, poçt sistemlərini də yenidən formalaşdırıb. Əvvəllər fəaliyyət istiqamətləri sadəcə məktub və sənəd çatdırmaq olan poçt təşkilatları artıq elektron ticarətin ən önəmli parçalarından biri hesab olunur. Bir çox poçt təşkilatları eyni zamanda vətəndaşlara maliyyə xidmətləri də göstərir. 

Ənənəvi poçtun transformasiyasına ən güclü təsir göstərən amil texnologiyanın sürətli inkişafıdır. XIX əsrdə teleqraf, daha sonra telefon, XX əsrdə faks, radio və televiziya məktublaşmanın əhəmiyyətini azaltdı. XXI əsrdə isə internet və elektron poçt (e-mail), eləcə də sosial şəbəkələr gündəlik ünsiyyətin əsas vasitəsinə çevrilərək ənənəvi məktubun yerini qismən tutdu. Buna paralel olaraq, iqtisadiyyatın inkişafı və insanların sürətə olan tələbi poçt xidmətlərinin dəyişməsinə səbəb oldu. Ənənəvi məktubların sayı azaldıqca, e-ticarətin yüksəlişi nəticəsində bağlama və yük daşımaları poçtun əsas funksiyasına çevrildi. Bu gün bir çox ölkədə poçt xidmətləri daha çox logistika və kuryer bazarında fəaliyyət göstərir.  Həmçinin nəqliyyat şəbəkələrinin inkişafı poçtun transformasiyasında mühüm rol oynayıb. Dəmir yolu, avtomobil yolları və hava nəqliyyatı poçt daşımalarını daha sürətli və effektiv edib. Nəticədə poçt xidməti yalnız məktub daşınması ilə məhdudlaşmayıb, qlobal logistika şəbəkəsinə çevrilib.

Ənənəvi poçtun transformasiyası tarixi zərurət idi. Texnologiya, iqtisadiyyat, dövlət siyasəti və sosial dəyişikliklər bu prosesi sürətləndirdi. Ən yaxşı beynəlxalq nümunələr göstərir ki, uğurlu poçt sistemləri yalnız məktub daşımaları ilə məhdudlaşmayıb, həm də rəqəmsal xidmətlər, logistika və e-ticarət bazarına inteqrasiya olunmaqla müasir dövrün tələblərinə uyğunlaşa bilib. Beləliklə, poçtun gələcəyi artıq yalnız məktub deyil, daha geniş mənada rəqəmsal-logistika şəbəkəsi kimi formalaşır.  pizza sifarişi

XX əsr: Poçt xidmətinin modernləşməsi

Ənənəvi poçtun transformasiyası tarixi inkişafla bağlı olan bir prosesidir. Biz burada poçt təşkilatlarının məktub xidmətlərindən başlayaraq, bu günkü sürətli, rəqəmsal ünsiyyət vasitələrinə qədər davam edən dərin və köklü təkamülündən bəhs etməliyik. 1874-cü ildə Universal Poçt İttifaqının yaranması sayəsində beynəlxalq göndərişlər standartlaşdı. Xüsusən, hava poçtunun meydana çıxması ilə məktublar qlobal miqyasda daha sürətli çatdırıldı. Artıq poçt yalnız məktub yox, həm də jurnal, qəzet, açıqca, hədiyyə və bağlamaların daşınma vasitəsinə çevrildi.

XXI əsr: Transformasiya dövrü

XXI əsrin ilk illərindən etibarən, insanların həyatına intensiv şəkildə daxil olan internet, özü ilə birlikdə onlayn alış-veriş və sifariş xidmətlərini də gətirdi. Bu mərhələdən etibarən, ənənəvi poçt təşkilatlarının funksiyası məktub və digər sənədlərin daşınmasından əlavə, kuryer və çatdırılma xidmətlərini də özündə ehtiva etməyə başladı. Konkretləşdirsək, bu günkü “poçt” anlayışı artıq məktub yox, daha çox logistika və çatdırılma xidməti deməkdir. 

Ən yaxşı beynəlxalq nümunələrin bir neçəsi

1516-cı ildə Böyük Britaniyada yaradılan “Royal Mail” poçt xidməti dünyanın ilk milli poçt sistemi hesab edilir.  “Royal Mail” artıq ənənəvi məktublardan rəqəmsal xidmətlərə keçid edib. Dünyaca məşhur poçt xidməti bu gün həm filateliya, həm də bağlama çatdırılması ilə məşhurdur.

Yaponiyanın “Japan Post” poçt xidməti müştəri üçün ənənəvi məktubların çatdırılması ilə yanaşı, poçt bankı və sığorta xidmətləri təklif edir. Sözügedən poçt xidməti dünyada ən böyük poçt bankı şəbəkəsinə malikdir. “Japan Post” elektron xidmətlərə uğurla inteqrasiya olunub.

ABŞ-də fəaliyyət göstərən “United States Postal Service” (USPS) dünyanın ən böyük poçt şəbəkələrindən biridir. Ənənəvi məktubların azalmasına baxmayaraq, Birləşmiş Ştatlarda elektron ticarət bağlamalarının daşınmasında əsas şirkətlərdən biridir.

“Deutsche Post” poçt xidməti də öz sahəsində kifayət qədər tanınan və dövrün tələbinə uyğun şəkildə transformasiya edən təşkilatlardan biridir. Almaniyanın bu nəhəng poçt təşkilatı öz poçt xidmətlərini qlobal kuryer və logistika nəhənginə çevirməyi bacarıb. “Deutsche Post” ənənəvi məktub xidmətini qorumaqla yanaşı, bağlama daşımalarında dünya lideridir.

Azərbaycanda poçt xidmətinin transformasiyası

Azərbaycan da bu qlobal tendensiyanın fəal iştirakçılarındandır. Ölkənin ən böyük poçt operatoru “Azərpoçt” MMC son illərdə keçdiyi transformasiya dövrü ilə həm region, həm də beynəlxalq müstəvidə rəqabətədavamlı yeni xidmətlər ortaya qoymaqdadır.

“Azərpoçt” MMC-nin transformasiya dövrü Azərbaycan poçt sisteminin ənənəvi məktub daşınmasından müasir rəqəmsal, maliyyə və logistika xidmətlərinin kompleks təminatçısına çevrilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu transformasiya qlobal tendensiyalarla səsləşərək həm daxili bazarda rəqabətqabiliyyətliliyin artırılmasına, həm də beynəlxalq standartlara uyğun xidmət modelinin qurulmasına xidmət edir.

“Azərpoçt”un transformasiya prosesi göstərir ki, milli poçt operatoru artıq yalnız məktub daşınması ilə məhdudlaşmır. O, eyni zamanda, rəqəmsal maliyyə xidmətləri provayderi, logistika mərkəzi və sosial inklüzivliyin dəstəkləyicisi kimi fəaliyyət göstərir. Bu transformasiya Azərbaycanın poçt sektorunun beynəlxalq təcrübəyə uyğun inkişafını təmin etməklə yanaşı, ölkənin rəqəmsal iqtisadiyyat strategiyasına da mühüm töhfə verir.

Ölkə üzrə fəaliyyət göstərən 1500-ə yaxın poçt şöbəsi modern standartlara uyğunlaşdırılıb və kənd yerlərində belə vətəndaşlara həm poçt, həm də maliyyə xidmətləri göstərilir. Şəbəkənin modernləşdirilməsi sayəsində xidmətlərin əlçatanlığı və keyfiyyəti əhəmiyyətli dərəcədə artırılıb.

Rəqəmsallaşmanın digər mühüm istiqaməti elektron xidmətlərin tətbiqidir. Bu çərçivədə poçt bağlamalarının onlayn izlənməsi, elektron ödənişlər və internet üzərindən sifarişlərin idarə olunması imkanları yaradılıb. Bu xidmətlər müştərilərə sürətli və rahat çatdırılma təcrübəsi təmin edir.

Elektron kommersiya dəstəyi də bu islahatların vacib hissəsidir. Azərbaycanda onlayn alış-verişin genişlənməsi ilə əlaqədar, “Azərpoçt” beynəlxalq daşımaları sürətləndirib. Çin, Rusiya, Türkiyə, ABŞ və digər ölkələrdən sifarişlərin vaxtında çatdırılması üçün xüsusi xidmətlər təqdim edilir.

Eyni zamanda, maliyyə xidmətlərinin genişləndirilməsi kənd yerlərində yaşayan əhali üçün önəmli üstünlükdür. Bank filiallarının olmadığı regionlarda “Azərpoçt” ödənişlərin qəbulu, pul köçürmələri, kart xidmətləri və kredit ödənişləri kimi maliyyə xidmətləri göstərir.

“Azərpoçt” fəaliyyətini beynəlxalq səviyyədə də gücləndirib. Universal Poçt İttifaqının üzvü kimi operator beynəlxalq standartlara tam uyğun formada işləyir və müxtəlif xarici poçt şirkətləri ilə birgə layihələr həyata keçirir. Bu əməkdaşlıqlar poçt xidmətlərinin keyfiyyətini yüksəldir və Azərbaycanı beynəlxalq poçt şəbəkəsinə daha da inteqrasiya edir.

Yekun olaraq, “Azərpoçt” MMC-nin transformasiya proqramı ölkədə poçt xidmətlərinin modernləşdirilməsi, rəqəmsallaşdırılması və müştəriyönümlü xidmətlərin inkişafı baxımından uğurlu nümunədir.

Bu məqalə Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur

Nazim Hacıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
yenisabah.az

1Mənbələr