AZ

"Son zamanlarda Rusiya Ermənistanda aktivliyini artırır" -AÇIQLAMA

ABŞ Dövlət Departamenti Ermənistanla bağlı səyahət tövsiyəsini yeniləyərək Azərbaycanla sərhəddə təhlükənin artdığını açıqlayıb. Bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib. Sentyabrın əvvəlində yenilənmiş “Ermənistana səyahət məsləhəti” (Armenia Travel Advisory) hissəsində xüsusilə Azərbaycanla sərhəd bölgələri “riskli ərazilər” kimi göstərilib.

Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki,  Amerika Dövlət Departamenti zaman-zaman bu barədə müxtəlif açıqlamalar verir.

"Bu, təkcə Azərbaycan-Ermənistanla bağlı deyil. Yəni müxtəlif ölkələrdə vətəndaşlarını ora səfərdən çəkindirməyə çalışır. Bunun nə ilə bağlı olduğunu demək bir qədər çətindir. Çünki Azərbaycanla Ermənistan arasında demək olar ki, sülh əldə olunub. Hələ sülh müqaviləsi imzalanmasa da, artıq sülh mövcuddur və uzun müddətdir ki, bu bölgədə heç bir toqquşma baş vermir. Belə olan halda ABŞ Dövlət Departamentinin bu şəkildə açıqlama verməsi bir qədər şübhəli görünür.

Bu, onunla bağlı ola bilər ki, son zamanlarda Rusiya Ermənistanda aktivliyini artırır, kütləvi şəkildə Ermənistandakı hərbi bazanın gücləndirilməsi istiqamətində addımlar atılır və 102-ci hərbi bazaya əlavə qüvvələrin yerləşdirilməsi ilə bağlı faktlar müşahidə olunur. Ermənistan mediası da bu barədə yazır".

O bildirdi ki, Ermənistan hökuməti buna etiraz edir, amma rəsmi Moskva bu etirazlara məhəl qoymur.

"Məhz bununla bağlı Amerika Birləşmiş Ştatları hesab edir ki, Rusiyanın burada hərbi aktivliyinin artması müəyyən dərəcədə təzadlara səbəb ola bilər. Buna görə də çağırış edir ki, xüsusilə bu bölgəyə səfərlər edilməsin.

Ancaq bunun Azərbaycanla əlaqələndirilməsi və Azərbaycanla sərhəd bölgələrə səfərdən imtina ilə bağlı tövsiyə edilməsi, yəni sanki Azərbaycan və Ermənistan arasında hansısa bir toqquşma olacaqmış kimi bəyanatlar verilməsi heç də başadüşülən deyil. Xüsusilə nəzərə alsaq ki, sülh müqaviləsinin paraflanması ilə bağlı məsələ məhz elə ABŞ-də həll olunub. Yəni ABŞ-nin vasitəçiliyi ilə bu barədə razılaşma əldə edilib. Belə olan halda bu ölkənin özünün belə bir açıqlama ilə çıxış etməsi anlaşılan deyil.

Bu sadəcə onunla bağlı ola bilər ki, Rusiyanın Ermənistanda hərbi aktivliyinin artması fonunda belə yanaşma sərgilənir. Yoxsa Azərbaycan və Ermənistan arasında hər hansı bir münaqişə gözlənilmir", - deyə Zeynal Əmrəliyev vurğuladı. 

Aytəkin TOFİQQIZI

Seçilən
44
1
redaktor.az

2Mənbələr