Terapevt Ruslan Muxametkulov bildirib ki, soyuqdəymə mövsümünə hazırlaşarkən ilk addım dərman qutusuna reviziya aparmaqdır
Redaktor.az xəbər verir ki, onun sözlərini aif.ru yayıb.
Həkim qeyd edib ki, vaxtı keçmiş, qablaşdırması zədələnmiş və ya xarici görünüşü dəyişmiş preparatlar mütləq atılmalıdır. Daha sonra dərman qutusunu üç hissəyə bölmək məsləhətdir: simptomlarla mübarizə vasitələri, orqanizmi dəstəkləyən və profilaktik preparatlar, həmçinin tibbi ləvazimatlar.
Muxametkulovun sözlərinə görə, simptomlarla mübarizə üçün dərman qutusunda hərarətsalıcı və ağrıkəsicilər (parasetamol və ibuprofen əsasında), boğaz ağrısına qarşı antiseptik və ağrıkəsici təsirli sprey və pastillər, burun tıxanıqlığını aradan qaldıran damcı və ya spreylər, dəniz suyu əsaslı məhlullar, həmçinin bəlğəmi durulaşdıran və quru öskürəyi yumşaldan dərmanlar olmalıdır.
Orqanizmin dəstəklənməsi və profilaktika üçün o, vitaminlər, bağırsaq pozğunluqları zamanı istifadə edilə bilən sorbentlər və yerli təsirli antivirus preparatları tövsiyə edib.
Üçüncü qrupa isə həkim termometr, birdəfəlik tibbi maskalar, əllər üçün dezinfeksiyaedici məhlul, bint, vata, plastır, birdəfəlik əlcəklər və pulsoksimetr daxil edilməli olduğunu qeyd edib.
Aytəkin TOFİQQIZI