Gölə bənzəsə də, göl deyil...
Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin mərkəzi küçələrinin birindən gedir. Son günlər yağan yağışın yaratdığı bu vəziyyət səbəbindən bu küçədən piyada keçmək mümkün deyil.
Heç maşınlar da keçə bilmir. Yığılan su çox, yoldakı çökək isə o qədər dərindir ki, bir çox nəqliyyat vasitəsi gəldiyi yolu geri qayıdır.
Yavər Əliyev küçəsinin sakinləri deyirlər ki, yaranmış bu vəziyyət səbəbindən maşınlar yolda qalır.
Sakinlər deyirlər ki, uşaqlarımız təhsildən geri qalır. Məktəbdə oxuyanımız, universitetə gedən gənclərimiz var, hamısı bu səbəbdən dərsdən qalır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, həmin ünvanda qurumun mərkəzləşdirilmiş su şəbəkəsi mövcud deyil. Ərazidə olan kanalizasiya xətləri də əhali tərəfindən primitiv üsulla çəkilib. Elə buna görə yağıntılar zamanı xətlər həddindən artıq yüklənir.
"Xəzər Xəbər"in çəkilişindən sonra əraziyə yığılan suların kənarlaşdırılması və tullantı su xəttinin yuyulması üçün texnika cəlb edilib və lazımi tədbirlər görülüb.
Daha ətraflı videomaterialı təqdim edirik.