AZ

Biz birlikdə güclüyük!

20 sentyabr Dövlət Suverenliyi Günüdür

20 Sentyabr -Dövlət Suverenliyi Günü hər birimizin qəlbində dərin izlər qoyan, ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edən xüsusi bir gündür.

Əməkdar artist Nuriyyə Hüseynova İki sahil.TV-yə müsahibəsində bu əlamətdar günün mənəvi dəyərlərini, milli birliyin və vətənpərvərliyin önəmini vurğulayaraq, suverenliyin hər bir vətəndaşın qəlbində qorunmalı olan ali dəyər olduğunu bildirdi.

- Nuriyyə xanım, 20 Sentyabr-Dövlət Suverenliyi Gününün qeyd edilməsi bir sənətçi və pedaqoq olaraq, sizdə hansı mənəvi dəyərləri və duyğuları ifadə edir?

- 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi rəsmi şəkildə qeyd olunması xalqımız üçün çox böyük əhəmiyyət daşıyır. Bu, təkcə tarixi bir hadisənin anılması deyil, həm də Azərbaycanın suveren dövlət kimi keçdiyi çətin və şərəfli yolun təntənəsidir. Hər bir vətəndaş, o cümlədən mənim üçün də bu günün ayrı bir mənəvi dəyəri var. Çünki suverenlik bizim milli kimliyimizin, müstəqillik əzmimizin və gələcəyə inamımızın təməlidir. Bir sənətçi və pedaqoq kimi düşünürəm ki, biz bu tarixi təkcə yaşamadıq, həm də qalib xalq olaraq yazdıq. Dövlət suverenliyinin tam bərpası sayəsində Azərbaycanın hər qarışında, o cümlədən illərlə həsrətində olduğumuz torpaqlarda üçrəngli bayrağımız qürurla dalğalanır. Bu duyğu sözlə ifadə olunmayacaq qədər dərin və təsirlidir. Hesab edirəm ki,  bu gün, eyni zamanda, tarixə hörmətin, gələcəyə inamın və birlik ruhunun bayramıdır. 

- Bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Sizcə, bu qərar ümumilikdə cəmiyyətimizə hansı dəyərləri aşılayır və hansı mesajları verir?

-2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nin elan olunması təkcə hüquqi və siyasi müstəvidə deyil, həm də mənəvi və ideoloji baxımdan çox mühüm əhəmiyyət daşıyır. Konstitusiya ölkəmizin hüquqi əsasını təşkil edir, suverenlik isə bu hüququn azad və müstəqil şəkildə həyata keçirilməsinin təminatıdır.

“Konstitusiya və Suverenlik İli” həm hüquqi dövlət quruculuğuna sadiqliyimizi, həm də suverenliyin hər bir vətəndaş üçün nə qədər müqəddəs və əhəmiyyətli olduğunu bir daha xatırladır. Bu, insanlara öz hüquqlarını tanımaqla yanaşı, dövlət qarşısında vəzifə və öhdəliklərini də dərk etməyi aşılayır. Eyni zamanda, bu il çərçivəsində keçirilən tədbirlər, təbliğat kampaniyaları və icra olunan maarifləndirici layihələr cəmiyyətin müxtəlif təbəqələrini, o cümlədən ziyalıları, sənət adamlarını, müəllimləri, vətəndaş cəmiyyətini birləşdirən ortaq bir məram ətrafında toplayır. Bu qərar cəmiyyətə qanunun aliliyinin, vətəndaş məsuliyyətinin, suveren dövlət anlayışının vacibliyini bir daha xatırladır. 

Eyni zamanda bu təşəbbüs hər bir vətəndaşa çatdırır ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də milli iradənin ifadəsi, dövlətin möhkəm dayağıdır. Suverenliyin qorunması isə təkcə siyasi deyil, həm də mənəvi borcdur.  Bu il vasitəsilə həm cəmiyyətin hüquqi maarifləndirilməsi gücləndirilir, həm də milli həmrəylik və dövlətə bağlılıq hissi möhkəmləndirilir. Dövlət başçısının bu qərarı, əslində, hər bir azərbaycanlını dövlətinə sahib çıxmağa, hüquqlarını tanımağa və qorumağa çağıran strateji və simvolik bir addımdır.

 Gənclər bu prinsipləri dərindən anlamalı, onları dəyərləndirməyi və qorumağı bacarmalıdırlar. Bu qərar həm də gəncləri daha fəalvətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşdırmaq istiqamətində bir çağırışdır.   Bu, həm də hər birimizin bu müqəddəs anlayışlara sahib çıxmaq və onları gələcəyə daşımaq məsuliyyətimizi xatırladan vacib bir mərhələdir.

-Sizcə, suverenlik anlayışı gənc nəslə necə başa salınmalı, necə hiss etdirilməlidir?

-Suverenlik anlayışı gənc nəslə yalnız nəzəri şəkildə deyil, həm də hiss, duyğu və həyatla bağlı nümunələr vasitəsilə aşılanmalıdır. Bu anlayış təkcə siyasi və hüquqi məfhum deyil. Suverenlik xalqın öz taleyini özü müəyyən etməsi, sərbəst yaşaması, öz dəyərlərinə sahib çıxması və gələcəyini azad şəkildə qurması deməkdir. Gənclər bunu dərindən anlamalıdırlar ki, müstəqillik və azadlıq illərlə verilən qurbanların, çəkilən əziyyətlərin nəticəsində əldə olunur. Mən bir pedaqoq və sənətçi kimi hesab edirəm ki, bu anlayışı gənclərə başa salmağın ən təsirli yollarından biri onlara milli tariximizi, qəhrəmanlıq səhifələrimizi, mübariz ruhumuzu sevdirməkdir. Bu, dərsliklərlə bərabər, musiqidə, ədəbiyyatda, teatrda və sənətdə öz əksini tapmalıdır. Onlar bu duyğunu təkcə öyrənməməli, həm də yaşamalıdırlar. Məsələn, Xankəndidə, Xocalıda bu gün dalğalanan Bayrağımızın arxasında hansı mübarizə, hansı qürur, hansı əzmkarlıq durduğunu dərk etdikcə, suverenliyin əsl mənasını hiss edəcəklər. Gənclərə suverenlik hissini aşılamaq onlara sadəcə keçmişi tanıtmaq deyil, həm də gələcəyi qorumaq məsuliyyətini hiss etdirmək deməkdir. Bu, hər birimizin borcudur.

-Musiqi sənəti vasitəsilə gənclərə suverenlik, Vətənə bağlılıq və milli dəyərlər necə ötürülə bilər?

-Musiqi sənəti  xalqın ruhunun, tarixinin, düşüncə və hiss dünyasının bədii ifadəsidir. Bu baxımdan suverenlik, Vətənə bağlılıq və milli dəyərlərin gənc nəslə ötürülməsində musiqi mühüm vasitə kimi çıxış edir. Hər bir vətənpərvərlik mövzulu mahnı, xalq havaları, klassik musiqilər gənclərdə milli şüurun formalaşmasına, onların öz milli kimliyini və Vətənini daha dərindən dərk etməsinə şərait yaradır. Məsələn, xalq və bəstəkar musiqisində səslənən qəhrəmanlıq, azadlıq, milli birliyə çağırış kimi motivlər emosional təsir gücü ilə gənclərin yaddaşında daha möhkəm yer tutur. Eyni zamanda, bu musiqilər tarixi hadisələri, şəhidlərin qəhrəmanlığını və xalqın mübarizə yolunu çatdırmaqla, gənclərdə həm qürur, həm də məsuliyyət hissi oyadır. Musiqi pedaqoqları və ifaçılar milli vətənpərvərlik ruhlu repertuarlarla çıxış etdikdə, onlar gənclərə yalnız gözəl sənət nümunələri təqdim etmir, eyni zamanda,  onları milli dəyərlər ətrafında birləşdirən mənəvi körpü rolunu da oynayırlar. Bu baxımdan musiqi, təkcə estetik zövq deyil, həm də ideoloji və vətənpərvərlik tərbiyəsi baxımından təsirli vasitədir.

-Nuriyyə xanım, səhnədə və ya ifalarınızda azərbaycançılıq ruhunu yaşatmaq sizin üçün nə qədər önəmlidir?

-Məni tanıyanlar yaxşı bilir ki, azərbaycançılıq ruhunu səhnədə yaşatmaq mənim sənət yolumun əsas istiqamətlərindən biridir. Bu, təkcə milli musiqimizi  ifa etmək və ya xalq motivlərinə müraciət etməklə bitmir. Azərbaycançılıq  Vətənə sevgi, milli kimliyə bağlılıq, tariximizə, mədəniyyətimizə hörmət və bu dəyərləri gələcək nəsillərə ötürmək məsuliyyətidir.  Səhnəyə çıxdığım hər an dərk edirəm ki, bu, sadəcə ifa deyil - həm də bir missiyadır. Mahnılarımda xalqımızın dərdini, sevincini, qəhrəmanlığını, mübarizəsini çatdırmaqla, insanlarda Vətən sevgisini daha da gücləndirməyə çalışıram. Ən əsası isə budur ki, gənc nəsil bizə baxaraq öz milli kimliyini tanıyır, formalaşdırır. Ona görə də mən səhnədə Azərbaycan ruhunu yaşatmağı yalnız bir sənət borcu deyil, həm də mənəvi borc hesab edirəm. Bu ruh yaşadıqca milli birliyimiz və suverenliyimiz də daha möhkəm olacaq.

-Gənclərin estetik zövqündə və milli ruhunda sənətin yeri nə qədər önəmlidir? 

-Sənət, xüsusilə musiqi, poeziya, teatr və vizual incəsənət gənclərin estetik zövqünün formalaşmasında və milli ruhunun dərinləşməsində əvəzsiz rol oynayır. Estetik zövq sadəcə gözəlliyi dəyərləndirmək bacarığı deyil, həm də insanın daxili dünyasının zənginliyini əks etdirir. Bu baxımdan sənət gənclərə həm duymaq, həm düşünmək, həm də hiss etmək mədəniyyəti aşılayır. Milli ruh isə Vətənə sevgi, tarixə hörmət, mədəniyyətə bağlılıq deməkdir. Gənclərin bu ruhu mənimsəməsi üçün sənət bir körpü rolunu oynayır. Məsələn, muğamımızı dinləyən bir gənc təkcə musiqi zövqünü inkişaf etdirmir, həm də xalqının minillik duyğusunu, fəlsəfəsini, yaşantılarını hiss edir. Teatrda səhnələşdirilən milli dəyərlər, vətənpərvərlik ruhunda yazılmış musiqilər, milli ornamentlər əsasında yaradılmış rəsm və dekorativ sənət nümunələri gəncin içindəki milli kimlik hissini möhkəmləndirir. Gənclərin sağlam estetik zövqə və güclü milli ruha sahib olması onların şəxsiyyət kimi formalaşmasında, milli-mənəvi dəyərlərə sadiq vətəndaş olmalarında mühüm rol oynayır. Sənət bu mənada tərbiyəedici, birləşdirici və ruhlandırıcı qüvvədir.

-Gənclər arasında milli musiqiyə marağın artırılması üçün hansı yeni yollar təklif edərdiniz? Sizcə, bir müğənninin və pedaqoqun üzərinə düşən ictimai və mənəvi məsuliyyət nədir? 

-Milli musiqiyə gənclər arasında marağın artırılması üçün ilk növbədə müasir yanaşmalarla ənənəni birləşdirən yeni layihələrə ehtiyac var. Gənclərin estetik dünyası sürətlə dəyişir və bu dəyişikliklərə uyğun olaraq milli musiqini onlara yaxınlaşdırmaq vacibdir. Məsələn, muğam, xalq mahnıları və klassik əsərlər müasir aranjimanlarla təqdim oluna, populyar musiqi janrları ilə sintez edilə bilər. Sosial şəbəkələr, musiqi platformaları və interaktiv tədbirlər bu prosesin vacib alətlərindəndir. Eyni zamanda məktəblərdə və universitetlərdə milli musiqi ilə bağlı ustad dərsləri, interaktiv seminarlar və müsabiqələr təşkil olunmalıdır.

Bir müğənninin və pedaqoqun üzərinə düşən ictimai və mənəvi məsuliyyət isə çoxşaxəlidir. O, müğənni kimi səhnədə yalnız səs və ifa nümayiş etdirmir, həm də bir millətin ruhunu, tarixini, mədəniyyətini yaşadır. Onun ifası gənclərə örnək olur, dəyərlər sisteminə təsir göstərir. Pedaqoq kimi isə birbaşa gələcək nəslin formalaşmasına təsir edir. Gənclərə yalnız musiqi bilikləri deyil, həm də milli kimlik, Vətənə sevgi, estetik mədəniyyət aşılayır. Bu mənada hər bir sənətçi və müəllim bu sahəyə yalnız peşə deyil, həm də missiya kimi yanaşmalıdır. Çünki onların təsir dairəsi yalnız auditoriya və ya sinif otağı ilə məhdudlaşmır. Onların dedikləri, etdikləri, təmsil etdikləri bütöv bir cəmiyyətin gələcəyinə istiqamət verir.

-Şəxsi təcrübənizdən çıxış edərək, gənclərə hansı tövsiyəni verərdiniz ki, bu dəyərləri yaşatsınlar və gələcək nəsillərə ötürə bilsinlər?

-Gənclərə ən vacib tövsiyəm budur ki, öz köklərinizə sahib çıxın, amma dünyaya da açıq olun. Milli dəyərlərimizi, musiqimizi, dilimizi və tariximizi dərindən tanımaq, onları sevmək və yaşatmaq şəxsiyyətin formalaşmasında çox önəmlidir. Amma bu sevgini yalnız qəlbdə saxlamaq kifayət deyil onu davranışda, yaradıcılıqda, ünsiyyətdə göstərmək lazımdır. Gənclər öz sahələrində necə inkişaf edirlərsə, milli kimliklərini də eyni ciddiliklə inkişaf etdirməlidirlər. Öz mədəniyyətini tanıyan və sevən insan həm daha güclü şəxsiyyətə çevrilir, həm də başqalarına örnək olur. Onlara tövsiyyə edirəm ki, milli dəyərləri yaşatmağın ən gözəl yolu onları səmimi şəkildə, göstəriş üçün deyil, qürurla yaşamaq və yaşatmaqdır. Onların davranışı, dünyagörüşü, zövqü sabahın cəmiyyətini formalaşdıracaq. Odur ki,gənclərimiz ilk növbədə milli dəyərləri sevməyi həm özləri öyrənməli, həm də ətraflarına sevdirməlidirlər.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
2
ikisahil.az

1Mənbələr