AZ

Qarabağın dirçəliş tarixində yeni səhifə

20 sentyabr müstəqil Azərbaycan dövlətinin öz əraziləri üzərində suverenliyini tam şəkildə bərpa etdiyi gün kimi tarixə yazılıb. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən 32 il sonra məhz həmin gündə Azərbaycan bayrağı ilk dəfə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri üzərində dalğalanıb.

Prezidentin 18 sentyabr 2024-cü il tarixli sərəncamına əsasına bu günün rəsmən qeyd olunması milli şüurun, tarixi yaddaşın möhkəmləndirilməsi, azadlıq və suverenliyin gənc nəsillərə mənəvi dəyər olaraq aşılanması baxımından ümummilli əhəmiyyət daşıyır. Hər il bu istiqamətdə keçirilən tədbirlər milli birliyin daha da gücləndirilməsi və Qarabağda bərpa və inkişafın sürətləndirilməsi üçün siyasi-ideoloji mahiyyət kəsb edir.

2023-cü ilin 19-20 sentyabr tarixində baş verən hadisələr ümummilli məqsədə tam şəkildə nail olmağın ən uğurlu örnəyini ortaya qoymaqla hər bir Azərbaycanlının düşüncəsində böyük dönüş yaratdı. Bu tarixdən sonra Qarabağ torpaqları yalnız hərbi-siyasi baxımdan deyil, həm də sosial, iqtisadi və mədəni aspektdən yenidən həyata doğulmaqdadır. Bu gün azad edilmiş ərazilərdə dövlət səviyyəsində genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, 30 ildən çox davam etmiş işğalın nəticələri sürətlə aradan qaldırılır. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur ərazisində, o cümlədən 20 sentyabrda azadlığına qovuşmuş Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə sosial infrastruktur bərpa edilir, yeni yaşayış massivləri salınır, yollar, məktəblər, mədəniyyət ocaqları tikilir və istifadəyə verilir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması və rəqəmsal transformasiya layihələrinin icrası bölgənin strateji əhəmiyyətini artırmaqla yanaşı onu regional inkişafın mərkəzinə çevirir.

Qlobal Media Forumlarının, İqtisadi Əməkdaşlıq təşkilatının Zirvə görüşünün, Türk Dövlətləri Təşkilatının və müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərin məhz bu bölgələrdə keçirilməsi Azərbaycanın tarixi qələbəsini və bölgədəki mövcud reallıqları bütün dünyaya təqdim edir.
İşğaldan azad olunmuş Qarabağ torpaqlarında abadlıq-quruculuq işlərinin elə ilk addımında elm və təhsil müəssisələrinin tikintisi Azərbaycan dövlətinin xalqın təhsilinə, milli-mənəvi yüksəlişinə göstərdiyi diqqətin və qayğının aydın təzahürüdür. Ötən ilin sentyabrında Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması Azərbaycan maarifçilik tarixində önəmli hadisələrdən biri kimi tarixə yazıldı. Məktəblərin və Universitetin Qarabağ elmi mühitinə gətirdiyi yeni nəfəs tarixən Qarabağda mövcud olmuş təhsil ənənələrinin davamıdır. Hələ 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi kimi Azərbaycan Pedaqoji İnstitutunun filialı açılmış və 1988-ci ilədək uğurla fəaliyyət göstərmişdi. İşğal həyatın bütün sahələrində olduğu kimi Qarabağda təhsil fəaliyyətinə də son qoymuşdu. 2023-cü ilin sentyabr ayında Xankəndi şəhərinə nəzarət bərpa olunduqdan sonra Azərbaycan Prezidenti Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzaladı.

Qarabağda mövcud olmuş təhsil ənənələrinin bərpası və regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadrların hazırlanması üçün Qarabağ Universitetində təhsil alacaq tələbələr və tədris prosesini təmin edəcək akademik heyət üçün müasir standartlara uyğun fəaliyyət mühitinin yaradılmasına başlanıldı. Qısa müddət ərzində Sərəncamın icrası ilə bağlı əhəmiyyətli addımlar atıldı və 2024-2025-ci tədris ilində universitetə ilk tələbə qəbulu həyata keçirildi. Artıq iki ildir ki, tələbə qəbulu imtahanlarında respublika üzrə ən yüksək nəticələr əldə etmiş gənclər təhsil almaq üçün məhz Qarabağ Universitetini seçir. Universitet Pedaqoji, İqtisadiyyat, Humanitar və Sosial elmlər, Mühəndislik, İncəsənət və Turizm ixtisasları üzrə 6 fakültə və 27 ixtisas qrupunda yüksək ixtisaslı kadrların hazırlanmasını həyata keçirir. 2025-ci ilin 14 sentyabrında Xankəndidə Universitetin Tibb və sağlamlıq elmləri fakültəsi, həmçinin tədris, tədqiqat və tibbi xidmət funksiyasını icra edəcək Klinikanın açılışı bu istiqamətdə həyata keçirilən mədəni quruculuğun uğurlu davamı oldu. Xocavənddə tarixi məkanların və alban abidələrinin bərpası, Xocalıda Soyqırımı Memorial Kompleksinin tikintisi, Ağdərədə Suqovuşan və digər kəndlərin yenidən qurulması, məscidlərin inşası geniş miqyaslı quruculuq işlərinin tərkib hissəsi olmaqla Azərbaycanın milli-mədəni irsinin dirçəlişinə xidmət edir.

Azad olunmuş bölgələrdə otellərin, məktəblərin, uşaq bağçalarının, mədəniyyət obyektlərinin istifadəyə verilməsi, Zəfər parklarının salınması, konqres mərkəzlərinin tikilməsi və çoxsaylı biznes layihələrinin reallaşdırılması bu şəhərlərin qısa bir müddətdə iqtisadi və sosial mərkəzə çevrilməsinə zəmin yaradır.

Xocalı, Xocavənd və Ağdərədə kənd təsərrüfatı və sənaye layihələrinin icrası bölgənin iqtisadi inkişafına mühüm töhfə verir. Fermer təsərrüfatlarının, heyvandarlıq komplekslərinin, kənd təsərrüfatı emalı müəssisələrinin yaradılması, üzümçülük və tutçuluq təsərrüfatlarının salınması əhalinin məşğulluğunu artırır, iqtisadi dinamikanı gücləndirir.

Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə çoxsaylı tədbirlərdə iştirak edir, infrastruktur layihələrinin icrasına şəxsən nəzarət edir. Dövlət başçısının mütəmadi səfərləri bu bölgələrin bərpa və inkişafına xüsusi bir təkan verir. Prezident İlham Əliyev zəfərimizin memarı olduğu kimi Qarabağ və Şərqi Zəngəzurun yenidən həyata qaytarılması prosesində də növbəti tarixi qələbələrimizin müəllifidir. “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” kimi tarixə yazılan 20 sentyabr günü isə bu şəhərlərin dirçəliş tarixində ən yeni səhifənin başlanğıcıdır.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Seçilən
28
6
veteninfo.az

7Mənbələr