AZ

Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

1994-cü ilın 20 sentyabrı... Məhz bu gün Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalandı.Və Azərbaycanın neft strategiyasının, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının əsası qoyuldu.

Sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən bu hadisə həm də Azərbaycanın gələcək inkişafının və dünya birliyi ilə tərəfdaşlığının ən həlledici amilinə çevrildi.

Milli Lider Heydər Əliyevin rəhbərliyi ilə xarici neft şirkətlərlə imzalanan neft-qaz müqavilələrində ən böyük üstünlük şərtlərin milli maraqlara maksimum dərəcədə uyğunlaşdırılması idi. Bu da gələcəkdə ölkəmizə dünya bazarında əsas aktorlardan birinə çevrilmək imkanı verdı. Həmin dövrdə ARDNŞ-in vitse-prezidenti olan, danışıqlarda birbaşa iştirak edən İlham Əliyevin də bu proseslərdə rolu böyük idi.

Artan tələbat və əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası

“Əsrin müqaviləsi” çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə müqayisədə o zaman mövcud olan Bakı-Novorossiysk kəmərinin ötürücülük qabiliyyəti məhdud idi. Belə halda yeni ixrac boru kəmərləri gündəmə gəldi. 1997-ci ildə Azərbaycan neftinin Bakı-Supsa marşrutu ilə nəqli haqqında ölkəmizlə Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.

Lakin Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək gücündə deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası gündəmə gəldi. 2002-ci ildə Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Bundan dörd il sonra Azərbaycan nefti BTC vasitəsilə Ceyhan limanına çatdırıldı.Yeri gəlmişkən, müasir dövrdə xüsusi qlobal əhəmiyyət kəsb edən bu kəmər Azərbaycanın dünya bazarlarına alternativ enerji ixracı siyasətində mühüm addım idi.

Bu dövrdə Azərbaycan həm də təbii qaz idxalçısından istehsalçıya çevrildi. 2007-ci ildə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq qardaş ölkənin qaz kəmərləri sisteminə daxil oldu.Beləliklə, Azərbaycan nəinki zəngin neft və qaz yataqlarının işlənilməsinə yeni ixrac marşrutlarının işə salınmasına, enerji nəqlinin şaxələndirilməsinə nail oldu. Hazırda dünyanın 30 ölkəsinə neft və neft məhsulları, 12-yə yaxın Avropa ölkəsinə təbii qaz ixrac edən bazar tərəfdaşı satusuna yüksəldi.

“Əsrin müqaviləsi başlanğıc idi

Bəli, “Əsrin müqaviləsi başlanğıc idi.Ötən müddətdə xarici şirkətlərlə daha 34 saziş imzalandı. 2017-ci ilin sentyabrın 14-də isə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi, eləcə də neft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş sənədi imzalandı. “Yeni Əsrin müqaviləsi” adlandırılan bu sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar.“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı.

Xarici şirkətlərlə imzalanan müqavilər, tikilən boru kəmərlərini son 30 ildə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin əsas hərəkətverici qüvvəsi hesab etmək olar. Bu strategiyanın həyata keçirilməsi sayəsində Azərbaycan Qafqaz regionunun güclü və nüfuzlu dövlətinə, Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən ölkəyə çevrilib.Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox artıb. Ölkənin xarici ticarət dövriyyəsində isə 10 dəfəyə yaxın artım qeydə alınıb. Ən nəhayət investisiya cəlbediciliyi artıb. Son 30 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox investisiya yatırılıb ki, bunun da 200 milyard dollarına yaxını qeyri-neft sektorunun payına düşüb.

Xarici ölkələrə 8 milyard 396 milyon dollar dəyərində neft satılıb

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 8 milyard 396 milyon dollar dəyərində 15 milyon 924,8 min ton xam neft ixrac edib. İlin ilk yarısında BTC ilə təqribən 13 milyon ton (106 milyon barel) xam neft və kondensat ixrac olunub. Bu həcmlər Ceyhan terminalında 145 tankere yüklənərək bazarlara çıxarılıb.

AÇG yataqlar blokunda istismara başlanıldığı gündən 2025-ci il sentyabrın 1-dək, yəni 334 ay ərzində 612,2 milyon ton xam neft və 238,7 milyard kubmetr səmt qazı hasil edilib.

"Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazını Avropaya ötürən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə ixracın həcmi 50 milyard kubmetrə çatıb.

Seçilən
58
teleqraf.com

1Mənbələr