AZ

"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub

"Global Media Group" və onun tərkibində fəaliyyət göstərən qurumlar sentyabrın 20-də Bilgəh çimərliyində Beynəlxalq Sahilyanı Təmizlik Günündə "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub.

BAKU.WS xəbər verir ki, aksiyada "Global Management", "Oxu.Az", "Baku TV", "Baku.ws", "Report" İnformasiya Agentliyi, "Kaspi" qəzetinin Azərbaycan və rus redaksiyası, "Media.Az", "Photostock", "Caliber" iştirak edib.

Aksiya dünyanın 100-dən çox ölkəsində eyni vaxtda icra olunan və su hövzələrinin tullantılardan təmizlənməsinə həsr edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində "Coca-Cola"nın təşkilatçılığı, Azərbaycan Ekologiya və Təbii Sərvətlərlər Nazirliyi, özəl sektorlar, QHT-lər və könüllülərin iştirakı ilə baş tutub.

"Global Media Group" artıq ikinci dəfə bu beynəlxalq aksiyada iştirak etməklə özünün ekoloji maarifləndirmə və ətraf mühitin qorunması siyasətinə sadiqliyini nümayiş etdirir.

"İqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi ilə mübarizə yalnız dövlətlərin deyil, cəmiyyətin bütün üzvlərinin üzərinə məsuliyyət qoyur. Biz media şirkətləri qrupu olaraq üzərimizə düşən maarifləndirmə missiyasını davam etdirir, həm də əməkdaşlarımızla birlikdə sahil təmizliyi aksiyasında iştirak etməklə bu çağırışa praktiki töhfə veririk" - deyə "Global Media Group"un idarə heyətinin üzvü Rövşən Nizamov bildirib.

Global Media Group Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Laura Seyidbəyova isə qeyd edib ki, bu cür aksiyalar böyük əhəmiyyət daşıyır və hər il təşkil ediləcək:

"Global Media Group" və qrupa daxil olan şirkətlərimizlə artıq ikinci ildir ki, "Xəzəri qoruyaq" şüarı ilə keçirilən bu beynəlxalq aksiyada iştirak edir. Biz ekoloji maarifləndirməni vacib hesab edir və əməkdaşlarımızla birlikdə sahil təmizliyinə qoşulmaqla təbiəti qorumağa öz töhfəmizi veririk. Hesab edirik ki, Xəzər dənizi bizim üçün təkcə coğrafi sərvət deyil, həm də milli dəyərdir. Onun təmizliyi və qorunması gələcək nəsillərə daha sağlam mühit ötürmək baxımından böyük əhəmiyyət daşıyır. Media şirkətləri qrupu olaraq məqsədimiz yalnız bu aksiyada iştirak etməklə kifayətlənmək deyil, həm də cəmiyyətdə ekoloji şüurun formalaşmasına dəstək verməkdir. Biz gələcəkdə də bu kimi layihələrdə iştirakımızı davam etdirəcəyik".

Qeyd edək ki, BMT-nin Qlobal Sazişinin üzvü olan "Global Media Group" korporativ sosial məsuliyyət siyasəti çərçivəsində medianın inkişafı, ictimai maarifləndirmə və ətraf mühitin mühafizəsi istiqamətlərində davamlı layihələr həyata keçirir.

Seçilən
7
2
far.az

4Mənbələr