AZ

“Kərə yağı” adı ilə yediyimiz zəhər - İstehlakçı belə aldadılır

Son zamanlar bazarlarda və marketlərdə satılan yağ məhsullarının tərkibi ilə bağlı narahatlıqlar artıb.

İdxal olunan bəzi yağların tərkibinə əlavə qatqılar vurulduğu və bu məhsulların mağazalarda satışa çıxarıldığı iddia olunur.

Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə apardığı monitorinqlərin nəticələrini ictimaiyyətə açıqlamaması isə cəmiyyətdə sualları və narahatlığı daha da artırır.

Bəs belə halların artmasının səbəbləri nədir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bazarın sağlam şəkildə işləməsi üçün nəzarət mexanizmləri olmalıdır:

"Yağ məhsullarına qatqı əlavə edilərək bazarlarda və marketlərdə satılması bir neçə səbəbdən qaynaqlana bilər. Satıcılar və ya istehsalçılar maya dəyərini aşağı salmaq üçün ucuz qatqılar (bitki yağları, marqarin, palma yağı və s.) əlavə edərək məhsulu “Kərə yağı” adı ilə baha satmağa çalışırlar. Bu, ənənəvi fırıldaqçılıq formasıdır və əsas məqsəd daha çox gəlir əldə etməkdir.

Alıcıların keyfiyyətli yağ ilə qatqılı yağı fərqləndirmə qabiliyyəti zəifdir ki, bu da satıcılara fürsət yaradır. Bazarın sağlam şəkildə işləməsi üçün nəzarət mexanizmləri olmalıdır. Dövlət qurumları bazarlarda, marketlərdə və istehsal müəssisələrində yağların tərkibini laboratoriya şəraitində dövri olaraq yoxlamalıdır". 

Onun sözlərinə görə, alıcılar keyfiyyətli yağı seçmək baxımından məlumatlı olmalıdı:

"Qatqı əlavə edib yağ satıldığı aşkarlanan istehsalçı və satıcılar üçün yüksək maliyyə cərimələri və lisenziya məhdudiyyətləri tətbiq olunmalıdır.

Hər bir yağ məhsulunun istehsalçısı, istehsal tarixi, tərkibi və sertifikatı qablaşdırmada aydın şəkildə göstərilməli və elektron sistemlər vasitəsilə izlənilməlidir. Media və sosial şəbəkələr vasitəsilə alıcılara saxta və qatqılı yağları necə tanımaq barədə məlumat verilməlidir".

Ekspert qeyd edib ki, problem nəzarət zəifliyi və sui-istifadədən yaranır:

"Böyük market şəbəkələri və istehlakçı birlikləri üçün müstəqil keyfiyyət test laboratoriyalarının fəaliyyətinə şərait yaradılmalıdır. Yəni problem həm qazanc məqsədli sui-istifadədən, həm də nəzarət mexanizmlərinin zəifliyindən qaynaqlanır. Ən optimal həll yolu dövlət nəzarətinin sərtləşdirilməsi ilə yanaşı, istehlakçıların da məlumatlılığının artırılmasıdır".

Seçilən
19
5
cebheinfo.az

6Mənbələr