AZ

Ali Məhkəmənin yeni tikililərlə bağlı verdiyi qərar: Əhali bundan xəbərsizdir

Ali Məhkəmənin Mülki kollegiyası çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin tətbiq olunması qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Məlumata əsasən, məhkəmə mübahisəsi cavabdeh MMC ilə çoxmənzilli yaşayış binasının sakinləri arasında bağlanmış xidmət müqavilələrindən irəli gəlib.

Həmin müqavilələrə görə, MMC binanın idarə olunması, istismarı və sakinlərə kommunal xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb. Sakinlərdən bir neçəsi xidmət haqqını ödəməməsi səbəbilə MMC tərəfindən liftdən istifadə kartlarının deaktiv olunmasının qadağan edilməsi barədə iddia qaldırıb. Ali Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olub ki, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətində olmaqla, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər.

Beləliklə, Ali Məhkəmə liftdən istifadənin fundamental bir hüquq olduğunu təsdiqləyib və bunun yalnız kollektiv razılıq və ya müqavilə ilə məhdudlaşdırıla biləcəyini açıq şəkildə bəyan edib. Yeni tikililərdə yığım məsələsi aktual problemlərdəndir. Sakinlərin bir qismi xidmət haqlarının ödənilməsindən yayınır, üstəlik onlara qarşı təzyiq metodları da yoxdur. Bəs yeni tikililərin bu problemi necə həll olmalıdır?

“İdarəedici təşkilatlar çıxılmaz vəziyyətdədir”

Əmlak eksperti Firdovsi Xəlilov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, bu, çox ağrılı və ciddi problemlərdən biridir: “Təəssüf ki, müvafiq dövlət orqanlarının bu məsələlərin həllində nəinki maraqlı olduqları görünmür, hətta bu barədə düşünmədikləri belə hiss olunur. Gəlin, problemin miqyasını daha aydın göstərmək üçün konkret bir misalla yanaşaq. Tutaq ki, 12 mərtəbəli bir binamız var. Hər mərtəbədə bir blokda dörd mənzil yerləşir və hər biri 80 kvadratmetrdir. Bu zaman ümumilikdə 3840 kvadratmetr yaşayış sahəsi əldə edirik. Əgər kvadratmetrə görə aylıq ödəniş 40 qəpikdir və bu binada yaşayan sakinlər vaxtında ödəniş edir, bu halda ideal yığım cəmi 1536 manat təşkil edir. Binada dörd blok varsa, ən azı iki nəfər təmizlikçi çalışmalıdır. Onların maaşı və DSMF ödənişləri ilə birlikdə bu, təxminən 1000 manata yaxın edir. Üstəlik, bir komendantın maaşı da təxminən 800 manatdır. Liftlər elektrik enerjisi ilə işləyir, nasazlıqlar istisna olunmur. Binada su təzyiqli gəlməsi üçün çənlər, nasoslar istifadə olunur ki, bu da əlavə elektrik xərcləridir. Beləliklə, hətta bütün sakinlər ödəniş etsə belə, toplanan məbləğ bəzən sadəcə minimal xərcləri qarşılayır. Əksər hallarda ödənişlər ya gecikir, ya da ümumiyyətlə həyata keçirilmir. Bu isə idarəedici təşkilatları çıxılmaz vəziyyətdə qoyur”.

Seçilən
18
2
publika.az

3Mənbələr