AZ

Keniya Dövlət Prokurorluğunun direktoru Azərbaycanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, həmin kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir.

Bu çərçivədə, Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Sentyabrın 20-də Baş prokuror Kamran Əliyev Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Baş prokuror Azərbaycan və Keniya arasında əməkdaşlığın yüksək səviyyəyə çatdırıldığını, hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində ortaq prinsiplərə və əməkdaşlığa əsaslanan güclü siyasi əlaqələrin yüksələn xətlə inkişaf etməkdə olduğu xüsusi qeyd edərək, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən prokurorluq orqanları arasında dinamik inkişaf edən əlaqələri vurğulayıb.

Bundan başqa, Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunan Baş prokuror hüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri barədə danışıb.

Baş prokuror, həmçinin bu ilin iyununda Millətlər Birliyinə (Commonwealth of Nations) üzv ölkələrin baş prokurorlarının 23-cü Konfransında iştirak etməkdən məmnunluğunu ifadə edərək rəhbərlik etdiyi nümayəndə heyətinin Nayrobi və Mombasa şəhərində işgüzar səfəri zamanı göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirib.

Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru Renson İnqonqa çıxışında ötən il ərzində Azərbaycana həyata keçirdiyi işgüzar səfərləri qeyd edərək, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının, həmçinin COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişiklikləri ilə mübarizədə səfərbər olunmasına həsr olunmuş plenar iclasın yüksək səviyyədə təşkil edilməsini vurğulayaraq, Azərbaycan dövlətini və prokurorluğunu təbrik edib. Təmsil etdiyi qurumun Azərbaycan Prokurorluğu ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, qurumlarımız arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, 2024-cü ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun icrası, cinayətkarlığa qarşı mübarizədə bilik və təcrübə mübadiləsi kimi məsələlər diqqət mərkəzində olub.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Seçilən
53
12
xezerxeber.az

10Mənbələr