AZ

Zelenski: Ukrayna müharibənin başa çatdırılması üçün “Koreya”, “fin” və ya başqa hər hansı modeli nəzərdən keçirmir

Kiyev, 20 sentyabr, AZƏRTAC

Ukrayna müharibənin başa çatdırılması üçün “Koreya”, “fin” və ya başqa hər hansı modeli nəzərdən keçirmir. Bununla belə, ola bilər ki, müharibənin sonu ilə bağlı yekun sənəd imzalanmasın.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbət zamanı deyib.

Zelenskidən soruşulub ki, müharibənin sona çatdırılması üçün “Koreya” ssenarisi müzakirə olunurmu və atəşkəs razılaşması Ukrayna və Rusiyanın imzası olmadan Koreya nümunəsindəki kimi imzalana bilərmi?

“Heç kim ‘Koreya’, ‘fin’ və ya başqa hər hansı modeli nəzərdən keçirmir və heç kim bilmir ki, sonda nə olacaq. Amma biz bilirik ilk addım hansı olacaq. Biz bilirik ki, hansı təhlükəsizlik zəmanətləri bizim üçün vacibdir. Elə zəmanətlər ki, rusların yeni aqressiya ilə geri dönməsinə imkan verməsin. Əgər belə imkan olsa belə onlar müqavimətlə üzləşəcəklər. Həqiqi müqavimətlə”, – deyə dövlət başçısı bildirib.

O vurğulayıb ki, Ukraynanın tarixi Cənubi və Şimali Koreyadan fərqlidir.

“Elə ola bilər ki, müharibənin başa çatması barədə yekun sənəd olmasın. Ona görə də deyilir ki, təhlükəsizlik zəmanətləri müharibənin sonunu gözləməməlidir”, – Zelenski əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
33
1
azertag.az

9Mənbələr