AZ

20 Sentyabr – Neftçilər Günü münasibətilə tədbir keçirilib

“Əsrin müqaviləsi”nin imzalanmasının 31-ci ildönümü və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib. Bu barədə SİA-ya SOCAR-dan məlumat verilib.

Əvvəlcə SOCAR prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, ölkəmizin yeni enerji strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.

Sonra Şəhidlər xiyabanına gələn SOCAR kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla yad edib.

SOCAR-ın Baş ofisində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib.

Azərbaycanın dövlət suverenliyi və Ümummilli Liderin müəllifi olduğu Azərbaycanın enerji siyasətini əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarxda Ulu Öndərin müəyyənləşdirdiyi müdrik enerji siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində tarixi zəfərlərə aparan yol, ölkəmizin suverenliyinin tam bərpası kimi tarixi nailiyyətlər əks etdirilib.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf Dövlət Suverenliyi Günü və Neftçilər Günü peşə bayramı münasibətilə təbriklərini çatdırıb.

Rövşən Nəcəf dövlətimiz tərəfindən neftçilərin sosial rifahını daim diqqətdə saxladığını, onların əməyinin yüksək qiymətləndirildiyini bildirib, göstərilən yüksək qayğıya görə neftçilər adından minnətdarlığını ifadə edib.

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanın müasir inkişaf yolunun başlanğıcı olduğunu söyləyən Rövşən Nəcəf Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində imzalanan bu müqavilənin ölkəmizi tamamilə yeni mərhələyə çıxardığını qeyd edib.

Həyata keçirilən strateji layihələrin Azərbaycanın regional liderə çevrilməsinə geniş imkanlar yaratdığını deyən SOCAR prezidenti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Cənub Qaz Dəhlizi, eləcə də TANAP və TAP kimi qaz boru kəmərlərinin ölkəmizin enerji resurslarının dünya bazarına çıxışını təmin etdiyini və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.

Son illər əldə olunan nailiyyətlərdən bəhs edən Rövşən Nəcəf bu gün Azərbaycan təbii qazının dünyanın 14 ölkəsinə ixrac olunduğunu diqqətə çatdırıb. Bu il Azərbaycan qazının Ukrayna və Suriyaya nəqlinin ölkəmizin beynəlxalq təchizatçı kimi mövqelərini daha da möhkəmləndirdiyini qeyd edib.

SOCAR-ın Xəzər regionunda həyata keçirilən layihələrlə yanaşı, fəaliyyət coğrafiyasını da genişləndirdiyini söyləyən Rövşən Nəcəf SOCAR-ın beynəlxalq enerji şirkətinə çevrilməsi istiqamətində atılan mühüm addımlardan bəhs edib.

Sonra qocaman neftçi, “Azneft” İB-nin “28 May” NQÇİ-nin ustası Sahib Nuriyev tərəfindən neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladıqları təşəkkür məktubu oxunub. Məktubda neftçilərə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

“Gənc İstedadlar Proqramı”nın 2023-cü il üzrə qalibi Ayşən Qənbərli çıxışında “Əsrin müqaviləsi”nin ölkəmizin hərtərəfli tərəqqisində, o cümlədən gənclərin inkişafındakı rolundan bəhs edib.

Daha sonra fəaliyyətdə fərqlənən bir qrup neftçi “Fəxri neftçi” döş nişanı və fəxri fərmanlarla təltif olunub.

Tədbir çərçivəsində, həmçinin “SOCAR Könüllüləri” qrupunun yeni üzvlərinin təqdimatı olub. “SOCAR könüllüləri” qrupunun son 1 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Qrupun layihələrin idarəedilməsi və ümumi işlərin təşkili üzrə meneceri Cavid Həsənzadə çıxışında ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıb, SOCAR könüllülərinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Tədbir BANM tələbələri tərəfindən “Azərbaycan” şeirinin səsləndirilməsi, vətənpərvər ruhda və neftçilərə həsr olunmuş konsert proqramı ilə davam etdirilib.

Seçilən
3
4
sia.az

5Mənbələr