AZ

“Neftçi”dəki əsas problemi “Sportinfo”ya söylədi: “Rahat ola bilmirik”

“Neftçi” nin fransalı vingeri İmad Faraj Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın son turunda “Sabah”la qolsuz bərabərə qaldız. Nəticəni necə dəyərləndirirsən?

- Bizim üçün yaxşı nəticə sayıla bilməz. Meydana ilk qələbəmizi qazanmaq üçün çıxmışdıq və bunun üçün çalışırdıq. Gördüyünüz kimi, bir neçə əlverişli imkanımız da oldu. Lakin yenə qol vurmaqla bağlı problem yaşadıq.

- Əsas problem budur?

- 100 faiz. Geridə qalan oyunlarımıza baxın. Hamısında rəqibdən üstün oynamışıq, real imkanlar yaratmışıq, lakin qol vurmaqla bağlı problem bizi geri salıb. Bir qol vursaq, bir qələbə qazansaq, sizi inandırım, davamı ürəkaçan olacaq.

- Hər biriniz təcrübəli futbolçularsınız. Topu qapıya göndərmək niyə problemə çevrilib?

- Fikrimcə, bu, üzərimizdə olan təzyiqlə bağlıdır. Qələbə yoxdur deyə, həlledici anlarda rahat ola bilmirik. Futbolçu rahat olanda topa istədiyi kimi zərbə vurur. Gərginlik, yaxud təzyiq olanda istər-istəməz tələsir, son zərbələrdə rahatlıq ttapmır. Bunun bir yolu var, məşqlərdə durmadan çalışmaq.

- Qələbə qazanmasanız da, “Neftçi” azarkeşləri stadiona gəlib sizi dəstəkləyir, inam göstərir. Onlara nə demək istəyirsən?

- Hazırkı vəziyyət bizi məmnun etmirsə, azarkeşlərimizi qətiyyən razı sala bilməz. Bilirəm ki, yanımızdadırlar, bizdən qələbə gözləyirlər. Biz də bunun üçün çalışırıq, meydanda can qoyuruq. Dediyim kimi, bütün matçları rəqiblərdən üstün keçirmişik. Hər ötən gündən daha yaxşı “Neftçi” görməkdəyik. Keyfiyyət və anlaşma səviyyəsi yüksəlməkdədir. Bu gedişlə qələbələr başlayacaq və davam edəcək. Azarkeşlərimizdən yanımızda olmalarını və sona qədər dəstəkləmələrini xahiş edirəm. Birlikdə yaxşı işlər görəcəyik.

- 4 oyunda qazanılan cəmi 3 xal var. İtirilən xalları sığortalamaq çətin olmayacaq ki?

- Çempionat yeni başlayıb, bütün komandalar xal itirəcək. Həm də arada ciddi fərq yoxdur. 5-6 xalı 2-3 oyunla sığortalamaq mümkündür. Bizə lazım olan ilk qələbəni qazansaq, davamı gələcək. Əsas odur ki, keyfiyyətli və təcrübəli kollektivə sahibik. Bu, bizim üçün böyük üstünlükdür.

HƏBİB

Seçilən
26
sportinfo.az

1Mənbələr