ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 5-ci turunda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Öncə "Qarabağ"ı "Benfika" üzərindəki tarixi qələbə münasibətilə təbrik edirəm. Bu, ölkə futbolu üçün əhəmiyyətli qalibiyyətdir. Öz komandamı da təbrik edirəm. Çox gərgin və əsəbi oyun oldu. Belə olacağını bilirdik. Dəyişikliklər qələbədə vacib rol oynadı. Bu, bizi sevindirir. Ovusu vacib qollar vurdu. Amma həm də məyus oluruq ki, start heyətində meydana buraxdığmız futbolçu etimadı doğrultmadı. Məşqlərdə etdiklərimizi meydanda göstərə bildik. Hətta oyunda daha yaxşı alındı. Ziya Şəkərxanov Premyer Liqada debüt etdi. Qol da vura bilərdi. O son vaxtlar çox inkişaf edib. Hədəfimiz Premyer Liqada qalmaqdır. Bunun üçün çalışırıq. Bütün rəqiblərə qarşı öz oyunumuzu oynamalıyıq.
- İlk qələbənizi qazansanız da, çox yorğun görünürsünüz. Bu, psixoloji yorğunluqdur?
- Hər iki tərəfdə gərginlik var idi. Çünki oyun iki komanda üçün də vacib idi. Biz yorulmadıq, əksinə rəqibi yorduq. Əvvəlki matçlarda da yaxşı oynamışdıq. Heç bir rəqibdən geri qalmırdıq. Yaxşı oynaya-oynaya qələbə qazanmırdıq deyə futbolçularda gərginlik var idi. Bu da psixoloji məsələdir.
- İstədiyiniz sistemi "Qəbələ"də tətbiq etmək üçün sizə nə qədər vaxt lazımdır?
- Meydanda bir oyun var. Sadəcə futbolçular gəncdir. Heyətin gücləndirilməsinə ehtiyac var. Bununla bağlı iş gedir, transferlər gözlənilir.
- Ukraynalı qapıçı Artur Rudkonun "Qəbələ" ilə müqavilə imzalamaq üçün Azərbaycana gələn zaman ölkəsinin sərhədində saxlanıldığı ilə bağlı xəbərlər var. Həmin qapıçı ilə anlaşmışdınız?
- Bizə bir neçə qapıçı təklif olunmuşdu. Həmin qapıçı da o siyahıda var idi. Amma razılıq əldə olunmamışdı.
- Növbəti turda "Qarabağ"la oyununuz var. Rəqib Çempionlar Liqasında mübarizə aparır, siz isə bu gün qələbə qazandınız. Komandada motivasiyanın yüksək olduğunu nəzərə alsaq. əvvəlki "Qarabağ" - "Qəbələ" matçlarını görə bilərik?
- Biz "Qarabağ"a böyük hörmətlə yanaşırıq. Mənim fikrimcə, Qurban Qurbanov Avropada ən yaxşı 5 baş məşqçidən biridir. Bunu "Benfika" ilə oyundan əvvəl demişdim. Həmin matç da haqlı olduğumu göstərdi. Qorxmadan oynayacağıq, qapımızın qarşısında avtobus qurmayacağıq. (sportal.az)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.