BAKI, 20 sentyabr. TELEQRAF
Rusiya gizli şəkildə mafiya klanları vasitəsilə İtaliyaya silah daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın "Linkiesta" nəşri məlumat yayıb.
Qeyd olunur ki , 2010-2020-ci illər arasında istehsal olunan markasız Kalaşnikovlar, müasir avtomatlar, snayper tüfəngləri və döyüş sursatları Siciliya dəniz limanları və Friuli Venezia Giulia sərhəd keçid məntəqələri vasitəsilə ölkəyə daxil olur.
Rusiya istehsalı olan bu silahlar mütəşəkkil cinayətkar qruplar tərəfindən toplanılır və yenidən satılır.
Nəşr mənbələrə istinadən bildirir ki, arsenalın bir hissəsi istəyə uyğun istifadə edilir. Bir hissəsi isə klanların bazara çıxarmadığı, lakin lazım gəldikdə, o cümlədən geosiyasi məqsədlər üçün istifadə edə biləcəyi strateji ehtiyat kimi saxlanılır.
Ekspertlər qeyd edirlər ki, bu cür “nəzarət olunan anbar” son onilliklərdə İtalya mafiya qrupları üçün xarakterik hal alıb.
Yeni rus silahlarının anbarlarının müəyyən edildiyi Siciliyanın Kataniya bölgəsinə xüsusi diqqət yetirilir. 2022-ci ilin martında polis Santapaola-Ercolano klanının Nizza qrupuna bağlı arsenal, o cümlədən doqquz odlu silah və 1000-ə yaxın patron ələ keçirib. San Giovanni Galermo və Librino məhəllələrinə yeni yüklər gəlir və onlar xüsusi hazırlanmış anbarlarda saxlanılır.
Onu da qeyd edirlər ki, silahlar Rusiyanın “kölgə donanması” adlanan gəmiləri vasitəsilə İtaliyaya göndərilir. Yük, yanacaq və ya sürtkü yağları olan çəlləklərdə gizlədilir və bu, ona yoxlamalardan yayınmağa və döyüşə hazır vəziyyətdə qalmağa kömək edir. Bəzi yüklər İtaliyanın şərq sərhədində ələ keçirilsə də, digərləri hələ də mafiya şəbəkələrinin əlindədir.