AZ

Uşağınızla kitab mağazasına gedirsinizmi?


Bir uşağın valideyni ilə evdən kənarda vaxt keçirməsi çox vacibdir. Digər tərəfdən bu, uşaqda “Mən atam-anam üçün çox qiymətliyəm” fikrini formalaşdırmaq deməkdir.  
Başqa vacib bir məsələ isə uşaqla vaxt keçirəcəyiniz yerləri düzgün seçməkdir. Belə ki, bu yerlər həm uşağın, həm də valideynin “zövqünə uyğun olan” yerlər olmalı, həmçinin, uşağın enerjisini boşaltmasına imkan verməlidir.
Məsələnin başqa bir tərəfi isə uşağın intellektual inkişafına kömək edən və uşağa faydalı vərdişlər qazandıran yerlər seçməkdir. Bu baxımdan siyahıda əsas yerlərdən birini kitab mağazaları tutur. Çünki uşaqlara kitab oxumaq vərdişini təkcə “Kitab oxumaq vacibdir” sözləri ilə aşılamaq olmaz. Hətta bəzən uşağın yanında kitab oxumaq da bu iş üçün kifayət etməyə bilər.
Valideynlə kitab mağazasına getmək üçün digər səbəblər isə bunlardır:
- Uşaqla valideyn arasında ünsiyyəti artırır.
- Kitabı öz zəhməti ilə əldə etdiyi üçün uşağı bu kitabı oxumağa məcbur etməyə ehtiyac qalmır.
- Uşağın eyni vaxtda müxtəlif kitabları görməsi, həmçinin, eyni vaxtda müxtəlif oxucu kütləsi ilə tanış olması onun kitaba olan marağını artırır.
- Valideyn uşaq üçün yaxşı nümunə olur və uşaqda kitab oxumaq vərdişini formalaşdırmaq asanlaşır.
Burada diqqət yetirməli olduğumuz əsas məsələlərdən biri də ilk vaxtlar uşağa kitab seçməkdə sərbəstlik verməkdir. Təbii ki, valideyn uşağı istiqamətləndirmək üçün bəzi məsləhətlər verə bilər. Ancaq nə olursa-olsun, bu, məsləhətdən kənara çıxmamalı və uşaqda asılılıq hissi yaratmamalıdır.
Digər tərəfdən, uşaq özünə kitab seçdiyi kimi, valideyn də özühə kitab seçməlidir. Bununla yanaşı, evə getdikdən sonra kitabları birlikdə oxumaq və ya birlikdə müzakirə etmək də çox vacibdir.
Ən əsası isə, uşağınıza kitab oxumaq vərdişini aşılamaq istəyirsinizsə, kitabı qurtardıqdan sonra yenidən kitab mağazasına getməli və ya bu işi müəyyən mərhələlərlə təkrar etməlisiniz.

Aygün Vəliyeva
Seçilən
2
4
yeniavaz.com

5Mənbələr