AZ

Marneulidə gürcü - azərbaycanlı davası : yeni dalğa və detallar - VİDEO

Musavat.com xəbər verir ki, Gürcüstanın Azərbaycan kökənli fəalı Samirə Bayramova Marneulidə (Sarvan) baş verən qalmaqalla bağlı yeni faktlar açıqlayıb. Onun sözlərinə görə, meriya əməkdaşı Tornike Mtvarelidze azərbaycanlı azyaşlı oğlanı şirniyyat mağazasından qovaraq, ona “öz ölkənə qayıt” deyib.

Bayramova bəyan edib ki, Mtvarelidze də məsuliyyətə cəlb olunmalıdır.

Xatırladaq ki, bir gün öncə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yaymışdı: Marneuli sakrebulo (bələdiyyə şurası) sədr müavininin 27 yaşlı oğlu Mamuka Gigani saxlanılıb. O, gürcü dilini bilmədiyi üçün azərbaycanlı yeniyetməni döyməkdə ittiham olunur.

Samirə Bayramova

Bayramovanın sözlərinə görə, insident zamanı Tornike Mtvarelidze uşağın əlindən tutaraq onu küçəyə atıb və “Vətəninə qayıt” (Azərbaycan — red.) deyib. Bayramova əlavə edib ki, cinayətkar dairələrin nümayəndələri uşağı və ailəsini hədələyərək şikayəti geri götürməyə məcbur etməyə çalışıblar.

O, sərt şəkildə bildirib:

“Uşağa belə davrananlar qoy mənimlə əlaqə saxlasınlar. Mən onların hər birinə yubka göndərəcəyəm ki, kişi kimi gəzməsinlər. Əgər kişi olmaq istəyirsinizsə — gedin işləyin, şərəfsiz kimi davranmayın.”

Bundan əvvəl də Samirə xanım sərt açıqlama vermişdi. Hadisə baş verən gün o, özünün sosial media hesabında bunları yazmışdı: “Gülməli ya ağlamalı bilmirəm… Sakrebulo sədr müavininin oğlu gürcü dilini bilmədiyinə görə yeniyetməni döydü, amma oradakı polis, məmurlar və deputatlar heç nə etmədilər. Onlar zorakının yanında dayanır, heç kəs ona yaxınlaşmırdı. Əksinə, sanki onu himayə edirdilər”.
Musavat.com xəbər verir ki, bu insident Gürcüstanda yaşayan azərbaycanlı icmada ciddi narazılıq yaradıb. Onlar etnik zəmində zorakılığa etiraz edir və günahkarların qanun qarşısında layiqli cəza almasını tələb edirlər.

Musavat.com bildirir ki, bu məsələ Gürcüstan-Azərbaycan münasibətləri kontekstində də diqqətlə izlənir və ictimaiyyət hadisənin nəticəsini gözləyir.

 

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr