Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatına yekun vurulub.
Redaktor.az Az xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kq-da medalçılar müəyyənləşiblər.
İkinci dəfə dünya çempionatının finalına yüksələn Həsrət Cəfərov (67 kq) həlledici görüşdə iranlı olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında 3-cü (2 gümüş, 1 bürünc) DÇ medalı olub.
Bununla da yunan-Roma güləşçilərimizin turnirdən medalların sayı 4-ə çatıb.
Xatırladaq ki, daha öncə Ülvü Qənizadə (72 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medalı boynundan asıb.
***
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatının sonuncu günündə Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) final görüşünə çıxacaq.
Redaktor.az xəbər verir ki, idmançı iranlı Səid Esmaili ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 7 medal var. Ülvi Qənizadə (72 kq) dünya çempionu adını qazanıb. Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medal qazanıb.