ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 22 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi mətbuat orqanı “Şərq qapısı” qəzetinin əməkdaşları 27 sentyabr - Anım Günü ilə əlaqədar şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Haçadağa yürüş ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüş iştirakçıları ərazi barədə məlumatlandırıldıqdan sonra, Culfa rayonunun Gal kəndindən hündürlüyü 2415 metr olan Haçadağa yürüşə başlayıblar. 7 saatlıq yürüşün ardından Haçadağın zirvəsinə qalxan qəzet əməkdaşları Ümummilli Liderin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yürüş iştirakçıları üzərinə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “...Qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq” sözləri həkk olunan tablonu Haçadağın zirvəsinə sancıb, müstəqilliyimiz və suvenliyimizin rəmzi sayılan üçrəngli Dövlət Bayrağını dalğalandırıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən Vətən müharibəsinin başlandığı gün - sentyabrın 27-si şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd edilir. Hər ilin bu günü ölkəmizdə silsilə anım tədbirləri keçirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.