AZ

“Arşın mal alan Çin səhnəsində” - Dillər Universitetində seminar

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Arşın mal alan Çin səhnəsində” adlı tələbə seminarı keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan ilə Çin arasında mədəni əməkdaşlığın inkişafından, musiqi və teatr kollektivlərinin, ifaçıların mübadiləsindən danışaraq, Ü.Hacıbəylinin Azərbaycanın hüdudlarını aşmış əsərlərinin dünya səhnələrində uğurla nümayiş etdirildiyini, xalqlar arasında mədəniyyət körpüsünə çevrildiyini xüsusilə qeyd edib.

Seminarda ADU-nun çinşünas tələbələri Ü.Hacıbəylinin həyat və yaradıcılığının diqqətəlayiq məqamlarından söz açaraq, o cümlədən müəllifin Avropa klassik və Azərbaycan milli musiqi ənənələrini birləşdirdiyi “Arşın mal alan” operettasının tarixi, ilkin quruluşları və qlobal uğurları barədə danışıblar.

Həmçinin bildirilib ki, 1959-cu ildə görkəmli Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin “Arşın mal alan” operettası ilk dəfə Çin dilində Pekin Mərkəzi eksperimental teatrında səhnəyə qoyulub və sonradan Çin Milli Operası Uxan eksperimental opera teatrı, Tyançzin milli bədii teatrı və Çinin digər şəhərlərində 300 dəfədən çox səhnələşdirilib. Bu operetta Çin paytaxtında səhnələndirilən ilk xarici operettadır. Çində Mao Tszedunun göstərişi ilə “Arşın mal alan” filminin Çin versiyası da çəkilib. Həmçinin “Arşın mal alan” musiqili komediyasının Çin dilində diski buraxılıb. Daha sonra 2010-cu ildə Pekində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Çin Milli Operası tərəfindən növbəti dəfə “Arşın mal alan” tamaşası göstərilib. 2021-ci ildə isə operetta Tyançzin Böyük Teatrında nümayiş etdirilib.

Sonda seminar iştirakçılarına Çin aktyorlarının ifasında “Arşın mal alan” operettasının quruluşundan bəhs edən film nümayiş olunub.

Seçilən
3
1
azertag.az

2Mənbələr