AZ

Azərbaycanla BƏƏ arasında bir sıra mühüm sənədlər imzalandı

BAKI, 22 sentyabr. TELEQRAF

Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əməkdaşlığı çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb.

Teleqraf xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Modon”un sədri Cassem Mohammed Bu Ataba Al Zaabi “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq haqqında Sazişi imzalayıblar. Sazişin imzalanmasına Azərbaycan Respublikasının Baş nazirinin müavini Səmir Şərifov və BƏƏ-nin investisiya naziri Mohamed Hassan Alsuwaidi şahidlik ediblər.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli bu əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Daha sonra tərəflər arasında Xəzər dənizi suyun duzsuzlaşdırma zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidməti üzrə Dövlət-özəl tərəfdaşlığı haqqında Saziş imzalanıb. Sənədi Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıb.

Bununla yanaşı, emal olunmuş suyun alınması haqqında Saziş imzalanıb. Sazişə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, “Böyük Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli imza atıblar.

Digər mühüm sənəd – torpaq icarəsi haqqında Saziş İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli tərəfindən imzalanıb.

Sonda Maliyyə naziri Sahil Babayev və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli dövlət zəmanəti haqqında Sazişi imzalayıblar.

Bu sənədlərin imzalanması Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Seçilən
1
9
teleqraf.com

10Mənbələr