AZ

Luka Skiepatti: TAP boru kəmərinin gücünün tədricən artırılması hesabına Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə əlavə töhfə verilə bilər – MÜSAHİBƏ

Bakı, 22 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC

Trans-Adriatik Boru Kəməri (TAP) son bir neçə ildə Avropanın enerji infrastrukturunun əsas elementinə çevrilib, onun enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirib və qaz tədarükünün şaxələndirilməsini asanlaşdırıb. 2020-ci ildə kommersiya fəaliyyətinə başlayandan bəri TAP yüksək etibarlılıq və çeviklik nümayiş etdirib, cənub-şərqi Avropa ölkələrini və İtaliya ölkələrini təbii qazla təmin edir, eyni zamanda regional əməkdaşlıqda mühüm rol oynayır. Dəyişən enerji mənzərəsi və Avropanın karbon neytrallığına sadiqliyi fonunda TAP fəal şəkildə innovativ həllər hazırlayır və yaşıl iqtisadiyyata davamlı keçidi dəstəkləyərək hidrogen və biometan kimi yeni yanacaq növlərini inteqrasiya etməyə hazırlaşır.

“Trans Adriatic Pipeline AG” (TAP AG) konsorsiumunun idarəedici direktoru Luka Skiepatti AZƏRTAC -a müsahibəsində TAP-ın əsas nailiyyətlərini, layihənin üzləşdiyi çətinlikləri, potensialın genişləndirilməsi və kommersiya məhsullarının inkişafı planlarını, bu boru xəttinin Avropa Yaşıl Sazişinin məqsədlərinə və Paris Sazişinə töhfəsini müzakirə edib.

- TAP vasitəsilə qaz tədarükü 50 milyard kubmetr həddinə çatıb. Bu mərhələ Avropanın enerji təhlükəsizliyi üçün nə deməkdir? Avropanın qaz mənbələrinin şaxələndirilməsi, xüsusən də ənənəvi təchizatçılardan asılılığın azaldılması kontekstində TAP-ın rolunu necə qiymətləndirirsiniz?

- Dörd il yarımdan artıq bir müddət əvvəl qaz nəqli sisteminin operatoru kimi fəaliyyətə başladıq və həmin gündən bəri TAP qitənin enerji təchizatı ilə bağlı ciddi problemlərlə üzləşdiyi bir vaxtda qazı yeni mənbədən və alternativ marşrutla çatdırmaqla Avropanın enerji infrastrukturunun mühüm hissəsi kimi tanınıb.

2022-ci ilin əvvəlindən cari geosiyasi hadisələrin yaratdığı artan bazar tələbatını ödəmək üçün TAP kəmərinin nominal gücündən kənarda da qaz nəql edə bildi. Bu, Avropanın enerji təhlükəsizliyini gücləndirdi və ev sahibi ölkələrin regional energetika habı kimi rolunu artırdı.

Bu mühüm nailiyyət TAP-ın Avropaya etibarlı və şaxələndirilmiş qaz tədarükünün təmin edilməsində rolunu nümayiş etdirir, eyni zamanda, daha böyük rəqabəti təşviq edir və Cənub-Şərqi Avropada karbonsuzlaşma səylərinə töhfə verir.

Daha dəqiq desək, 2020-ci ilin sonunda kommersiya əməliyyatlarının başlanmasından bəri TAP aşağıdakı həcmdə qaz tədarükünü təmin edib:

• İtaliyaya 41,7 milyard kubmetrdən çox,

• Yunanıstana 4,8 milyard kubmetrdən çox,

• Bolqarıstana 3,2 milyard kubmetrdən çox.

Təkcə 2024-cü ildə TAP Yunanıstanın ümumi qaz idxalının təxminən 18%-ni və İtaliyanın qaz idxalının 16%-dən çoxunu təşkil edib.

Bundan əlavə, regional səviyyədə TAP Aİ-nin Cənub-Şərqi Avropaya qaz tədarükünü təmin etmək məqsədini dəstəkləyir və Avropa Komissiyasının qonşuluq və genişlənmə üzrə Baş direktorluğu tərəfindən Qərbi Balkanlarda karbonsuzlaşdırma üçün qabaqcıl layihə kimi tanınıb, çünki o, regionda daha təmiz və münasib enerji təchizatına çıxışı təşviq edir, habelə vahid qaz tədarükçüsündən asılılığı azaldır.

Kifayət qədər bazar marağı olduğu halda, bu boru kəmərinin cari gücünü tədricən artırmaqla, TAP Avropanın enerji təhlükəsizliyi və karbonsuzlaşdırma məqsədlərinə töhfə verməyə davam edə bilər.

- 2020-ci ildə kommersiya fəaliyyətinə başlayandan indiyədək TAP hansı problemlərlə üzləşib?

- Kommersiya fəaliyyətlərimizə başlamazdan bir müddət əvvəl yaranan ilk, ən əhəmiyyətli və gözlənilməz problemlərdən biri tikintinin son mərhələsi – boru kəmərinin istismara verilməsi ilə üst-üstə düşən COVID-19 pandemiyasının baş verməsi oldu. Belə ağır şəraitdə biz Avropanın enerji təhlükəsizliyinə davamlı dəstəyi təmin etməli idik.

İrəliyə baxsaq, daha bir problem, eyn zamanda əhəmiyyətli bir fürsət – 2050-ci ilə qədər uzunmüddətli davamlılığı və enerji təhlükəsizliyini təmin etməklə bərabər, Aİ-nin xalis sıfır karbon emissiyasına nail olmaq məqsədinə tədricən uyğunluğu əldə etməkdir. Bu, TAP üçün əsas strateji prioritet olaraq qalır.

- TAP-ın Cənub-Şərqi Avropada regional əməkdaşlığın lokomotivinə çevrildiyini söyləmək olarmı? Yunanıstan, Bolqarıstan və İtaliya ilə əməkdaşlıq necə inkişaf edir?

- TAP üç ölkəni əhatə edən strateji enerji infrastrukturu əlaqəsidir və əvvəllər tək təchizatçıdan, daha yüksək emissiyalı mədən yanacaqlarından çox asılı olan regionu qazla təmin edir. Boru kəməri tikinti mərhələsindən kommersiya istismarına qədər qonşu ölkələr arasında uğurlu transsərhəd əməkdaşlığının parlaq nümunəsi olub.

Ev sahibi ölkələrimiz təkcə Cənub-Şərqi Avropa və ya Balkanlar deyil, bütün qitə üçün daha da əhəmiyyətli rol oynamaq potensialına malik enerji mərkəzlərinə çevrilib. TAP 2022-ci ildən fəaliyyət göstərən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) kimi digər təbii qaz layihələri ilə əlaqə yaratmaqla buna öz töhfəsini verir.

Bundan başqa, biz, həmçinin şərq istiqamətində müqavilə əsasında qaz tədarükünə imkan verən yeni nəqliyyat məhsulları təqdim etmişik. Boru kəməri şəbəkə kimi istifadə olunur: qaz təkcə qərbə - Yunanıstana, Bolqarıstana və İtaliyaya deyil, həm də İtaliyadan Yunanıstan və Bolqarıstana verilir. Virtual ticarət platformasında aparılan əməliyyatlar sayəsində qaz TAP və daha sonra IGB vasitəsilə Qərbi Balkanlar və Moldova bazarlarına çatıb.

- Son 4,5 ildə TAP-ın müştəri profili necə dəyişib? Bazara hansı yeni iştirakçılar daxil olub?

- Qaz nəqli sisteminin operatoru olan TAP, həmçinin bazar sınaq prosedurlarının bir hissəsi qismində uzunmüddətli potensial müqavilələr bağlayıb və ya onun qısamüddətli gücündən istifadə edən təchizatçılara – müştərilərimizə etibarlı daşıma xidmətləri göstərir.

Qeydiyyatdan keçmiş iştirakçıların sayı əməliyyatların başlanğıcında mövcud olan 3-dən 2025-ci ilin sentyabrında 45-ə yüksəlib. Yeni oyunçuların əksəriyyəti Yunanıstan və Bolqarıstan bazarlarında - TAP-ın qoşulmasına kömək edən iki regionda aktivdir. Bu inkişaf şərq istiqamətində qaz nəqlini daha da gücləndirdi - İtaliya və Qərbi Avropadan Cənub-Şərqi Avropaya - qitə ərazisində qaz axınlarının daha geniş şəkildə dəyişməsinə töhfə verdi.

Müştəri məmnuniyyəti əsas prioritet olaraq qalır: 2024-cü il sorğusunun nəticələri məmnuniyyətin artması tendensiyasını göstərir. Rəylər tədarükçülər arasında əvvəlki illə müqayisədə məmnunluğun artdığını nümayiş etdirir. Həm yaradılmış, həm də yeni qeydiyyatdan keçmiş müxtəlif şirkətlər bu sorğuda iştirak edərək geniş bazar iştirakını ortaya qoyur.

- TAP-a hidrogen kimi alternativ qaz mənbələrinin nəqli üçün gələcəkdə uyğunlaşdırıla bilən keçid infrastruktur elementi kimi baxmaq nə dərəcədə realdır? Bu boru kəmərinin Avropanın gələcək yaşıl enerji infrastrukturuna inteqrasiyası üçün konkret planlar varmı?

- Avropa iqlim neytrallığına doğru irəlilədikcə, biz özümüzü Avropa Yaşıl Sazişinin və Paris Sazişinin məqsədlərinə nail olmaqda mühüm töhfə verən tərəf kimi görürük. Eyni zamanda, potensial olaraq Aİ-ni hidrogen və biometan kimi karbon-neytral enerji mənbələri ilə qarışdırılmış təbii qazla təmin edirik.

Bizim ambisiyamız hidrogen-təbii qaz qarışığının nəqlini dəstəkləmək üçün infrastrukturu inkişaf etdirməkdir və hazırda bunun texniki mümkünlüyünü qiymətləndiririk. Artıq orta və uzunmüddətli nəqllərə hazırlıqla bağlı yol xəritəsi hazırlanıb. 2021-ci ildə TAP-ın hidrogen nəqlinə hazır olması ilə bağlı ilkin araşdırma aparılıb və bu, kəmərin həmin məqsədlə potensialını təsdiqləyib. Hazırda beynəlxalq laboratoriyada materialların sınaqlarını həyata keçiririk. 2024-cü ilin dördüncü rübündə əldə edilən sınaqların birinci mərhələsinin nəticələri qiymətləndirilir.

Sınaqların növbəti mərhələsi artıq başlayıb və onların nəticələri bu ilin sonunda gözlənilir. Materialların sınağı başa çatdıqdan sonra nəticələr hərtərəfli təhlil ediləcək. Bundan əlavə, yerüstü qurğular da daxil olmaqla hidrogen nəqli avadanlıqlarının uyğunluğu qiymətləndirilir. Bu qiymətləndirmələr tamamlandıqdan sonra hidrogen qarışığı faizinə əsaslanan potensial təkmilləşdirmə planları da daxil olmaqla, TAP hidrogen nəqlinə hazırlığı haqqında daha dəqiq anlayış formalaşdıra biləcək.

- Yaxın illərdə TAP üçün hansı texnoloji innovasiyalar və ya investisiyalar daha çox aktual olacaq?

Təbii qazla qarışdırılmış biometan və ya hidrogenin nəqli potensialını artıq qeyd etdik. Bundan əlavə, tədqiqatlar TAP-ın CO₂ emissiyalarının 90%-dən çoxunun qazla işləyən kompressor aqreqatlarımızın işləməsi ilə bağlı olduğunu göstərdiyinə görə, biz müxtəlif genişləndirmə ssenariləri üçün kompressor stansiyaları üzrə konseptual dizayn, eləcə də yalnız elektriklə idarə olunan kompressor qurğularına əsaslanacaq gələcək genişləndirmələr üçün konsepsiyalar hazırlayırıq. Bu, bizim uzunmüddətli energetika keçidi yol xəritəmizə töhfə verəcək.

- TAP, xüsusən də Avropanın yaşılı kursu nəzərə alınmaqla bu qitənin uzunmüddətli qaz istehlakı proqnozlarının dəyişməsinə necə reaksiya verir?

- Avropanın yaşıl kursunda təsbit olunmuş aşağıkarbonlu iqtisadiyyata keçid 2030-cu ilədək və ondan sonrakı dövrlərə qədər iddialı enerji hədəflərinə nail olmağı tələb edəcək. 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq məqsədi ilə aşağıkarbonlu gələcəyə doğru irəlilədikcə, Avropanın öz iqtisadiyyatını inkişaf etdirmək, evləri qızdırmaq və rəqabət qabiliyyətini qorumaq üçün müxtəlif, etibarlı, təhlükəsiz və sərfəli enerji mənbələrinə ehtiyacı var. Təbii qaz yaxın gələcəkdə Avropanın enerji kompleksinin mühüm hissəsi olaraq qalacaq.

Qaz energetika keçidi prosesində əsas rol oynayır. Qazla işləyən elektrik stansiyaları dəyişən bərpaolunan enerji mənbələrini tamamlayaraq tələbata uyğun elektrik enerjisi verir. Karbonun tutulması, utilizasiyası və saxlanması kimi innovativ texnologiyalarla birlikdə, təbii qaz Paris Sazişinin məqsədlərinə və 2050-ci ilə qədər Aİ-nin karbon neytrallığı hədəfinə nail olmağa kömək edə bilər.

 

Seçilən
12
3
azertag.az

4Mənbələr