AZ

III MDB Oyunlarına sayılı günlər qaldı: könüllülər təlimlərə hazırdır

Azərbaycan bu il növbəti mötəbər idman tədbirinə – III MDB Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Yarışlara hazırlıq çərçivəsində təşkilatın mühüm iştirakçıları olan könüllülərin təlim prosesi davam edir. Ümumilikdə, təxminən 3000 gənc bu beynəlxalq idman tədbirində könüllü kimi iştirak edəcək.

Hazırda yarışların keçiriləcəyi şəhərlərdə könüllülər üçün xüsusi təlim proqramları həyata keçirilir. Onlara yarışların təşkili, qonaqların qarşılanması, informasiya dəstəyi və digər vacib sahələr üzrə bilik və bacarıqlar aşılanır.

28 sentyabr tarixində Gəncə şəhər stadionunda keçiriləcək təntənəli açılış mərasimində iştirak edəcək könüllülər üçün isə əlavə hazırlıq məşğələləri təşkil olunub.

Könüllülərin şəhərlər üzrə bölgüsü belədir: Gəncə – 1250, Qəbələ – 600, Şəki – 350, Mingəçevir – 255, Yevlax – 190, Xankəndi  185, Göygöl – 175 könüllü.

Qeyd edək ki, III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri 28 sentyabr və 8 oktyabrda Gəncə Şəhər stadionunda olacaqdır.

Könüllülər bu oyunlarda ölkəmizin qonaqpərvərliyini və gəncliyin fəallığını bir daha nümayiş etdirəcəklər.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Seçilən
5
xalqqazeti.az

1Mənbələr