AZ

Niyə 15 nəfəri işsiz qoyub, ailələrini çörəyə möhtac etdiniz? AHİK sədrinə açıq müraciət 

32 ilə yaxın Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) çalışmış Rasim Süleymanov üzləşdiyi qanunsuzluqdan şikayətçidir.

Deyir ki, üzləşdiyi qanunsuzluqla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdiyi müraciət də cavabsız qalıb:

“İyun ayında AHİK-də qanunsuz olaraq, aldatma ilə işdən çıxarılmağımla bağlı Əmək Müfəttişliyinə müraciət etmişəm. 3 aydır ki, oradan da bir cavab verilmir. Tək əlacım Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib AHİK-dəki qanusuzluqların araşdırılmasınadır”.

Rasim Süleymanov bildirir ki, uzun illər bu təşkilatın üzvü olub, ona xidmət edib. İndi isə AHİK sədrinə açıq şəkildə müraciət etmək qərarına gəlib.

“Bu qurumun “Ülfət” adlı qəzetində 32 ilə yaxın çalışmışam. Ötən ilin avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqlarıı Konfederasiyasında sədr dəyişikliyi oldu. Sahib Məmmədov AHİK-ə sədr təyin edildi. Düzü, ilk gündən təşkilatda yeniliyin işartıları görünməyə başladı. Nə yaxşı! Hə...indi baxaq görək bu yaxşılığın altında nələr üzə çıxmağa başladı! AHİK-in aparatında, strukturlarında, onun orqanı olan “Ülfət” qəzetində yenilik adı altında yoxlamalar başladı. İllərlə həmkarlara xidmət etmiş, bu sahənin püxtələşmiş işçiləri, qəzetin 15 nəfərə yaxın əməkdaşını başqa işə keçirmək adı ilə işdən uzaqlaşdırmağa qərar verildi! Hə, indi sual yaranır: niyə qəzeti bağlamaq qərarına gəldiniz? Niyə hər əməkdaşa izahat yazdırdınız və nəyə görə bəlli olan məsələyə göz yumdunuz? Niyə?...

Sual çoxdur. Hamısı lazımi orqanlara ünvanlanacaq! Sadəcə, yoxlamaların nəticəsi, nələrin aşkara çıxarıldığı AHİK-dədir. Yenə sual yaranır: niyə bunlara göz yumuldu və nəyin müqabilində, niyə ört- basdır edildi, niyə hüquq-mühafizə orqanlarına müraciət olunmadı? Hə...bu suallara Sahib Məmmədov və qəzetin baş redaktoru olmuş Aqil Dadaşov cavab verməlidirlər! Bu qaranlıq məsələyə aydınlıq gətirilməlidir. Niyə 15 nəfərə yaxın qəzet əməkdaşını işsiz qoyub, ailələrini çörəyə möhtac etdiniz? Axı bu təşkilat çalışanların əmək, sosial hüquqlarının təminatçısı kimi, gərək ki, bu özbaşınalığa yol verməyəydi! Bu iki şəxs özlərini heç nə baş verməmiş kimi aparır. Cidanı çuvalda nə qədər gizlətmək olar? Sən bir işə bax! Sədr Sahib Məmmədov hələ nə üzlə beynəlxalq tədbirlərdə iştirak edir, bəh-bəhlə həmkarların uğurlarından danışır? Adama deyərlər ki, sən təşkilat daxilində aşkara çıxarılmış neqativ hallara aydınlıq gətir, qoy aidiyyəti orqanlar da bu işdən agah olsun, baş verənlərə hüquqi müstəvidə qiymət verilsin! Hə, onda danış! Sənə baxanda xəcalət çəkirəm! Bir yanda əliəyrilik, digər yanda yalan! Elə təsəvvür etmə ki, bu iş elə belə də qalacaq!

Hazırda BHİK-ə, LIHİK-ə, BƏT-ə, digər beynəlxalq qurumlara, eləcə də ölkəmizin aidiyyəti orqanlarına müraciətlərimin üzərində işləyirəm! Bu iş əbədi ört-basdır edilə bilməz! Bu qədər belə eybəcər yenilik ola bilməz! Dövlətimiz, məşğulluq orqanları işsizliklə mübarizə apardıqları halda, həmkarlar ittifaqı bunun əksinə gedir. Baş verənləri yazımda qeyd etdim. Cavanlar ali təhsil alıb işləməli olduqları halda, işsiz qalırlar. Həmkarlarda isə 3-4 vəzifəni yüksək maaşla bir nəfərə tapşırırlar! Konkret olaraq dövlətin siyasətinin əksinə gedən Konfederasiya sədri Sahib Məmmədov hər yerdə də deyir ki, məni bura Prezident təyin edib! Lap yaxşı! Axı sən də cənab Prezidentin etimadını doğrultmalı olduğun halda, niyə vətəndaşları dövlətlə üz-üzə qoyursan!? İşdən çıxarılanların yerinə dost-tanışlarını, əvvəl işlədiyin yerlərdən olan işçiləri, tapşırıqla gələnləri yüksək maaşla işə götürürsən, binəva köhnə kadrları gözümçıxdıya salmaqla nəyə Nail olmaq istəyirsən? Çalışanların təşkilatı olan bu qurum sanki şəxsi iqamətgaha çevrilib!”, - deyə Rasim Süleymanov açıq müraciətində qeyd edib.

Bildirib ki, hüquqları bərpa olunana qədər mübarizə aparacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr