“Təbəssüm Yarat” komandası ucqar dağ kəndlərində yaşayan kasıb ailələrin övladlarına isti geyim, ayaqqabı, məktəbli çantası və digər məktəb ləvazimatları aparır. Komandada 30-a yaxın könüllü birləşib və onlar tam təmənnasız şəkildə yardımsevərliklə bu yola çıxıblar. İanələr toplanır, ləvazimatlar alınır və könüllülər kəndlərə gedərək məktəb yoluna hazırlaşan balacaları sevindirirlər.
Komandanın dəstək göstərdiyi uşaqlar müxtəlif siniflərdədir - məktəbəqədərdən tutmuş 1-ci sinif, eləcə də 5-ci, 11-ci sinif şagirdlərinə qədər. Məqsəd -onların gələcəyini parlaq etmək, savadlı mütəxəssislər, müəllimlər, həkimlər kimi böyümələrinə dəstək olmaqdır. Ən əsası isə -uşaqların üzündə təbəssüm yaratmaqdır. “Təbəssüm Yarat” indiyədək 22 rayonun 56 kəndinə gedib, 13 min məktəbliyə sevinc bəxş edib.

Komandanın rəhbəri İbrahim Əmirov deyir: “8-ci sinfə qədər oxudum, amma maddi imkansızlıq səbəbindən təhsilimi yarımçıq qoydum. Həyatın çətinlikləri o gündən başladı. Kiçik yaşlarımdan işlədim, amma bu məni zəiflətmədi, əksinə gücləndirdi. Özümə söz verdim ki, insanlara faydalı olacam. Bir komanda quracam, uşaqları məktəbə yollayacağam. Onların təhsilinə kiçik də olsa bizim də işığımız düşəcək. Artıq 8 ildir ki, bu yol davam edir və davam edəcək də. Çünki yol hələ uzundur”.
Komanda Xızının Tıxlı kənd ümumi orta məktəbinə səfər edib. 55 uşaq üçün məktəbli çantası, ayaqqabı, əlcək, papaq aparılıb, çantaların içi isə dəftər, qələm, albom, termus, rəngli kağız və digər ləvazimatlarla doldurulub.Komandanın şüarı sadə, amma mənalıdır: “Bir uşaq gülərsə, dünyamız gülər”.



Hər səfərdə könüllülər uşaqlarla söhbət edir, onların arzularını dinləyir və məktəb yoluna həvəsləndirməyə çalışırlar. İbrahim bəy bunları deyir:
“Uşaqların gözlərində sevinci görəndə, onların bizə şeir söylədiyini, himni oxuyarkən əllərini ürəklərinə qoyduğunu izləyəndə anlayırıq ki, amalımıza çatmışıq”.Xızı səfəri həm mehriban, həm də unudulmaz olub. Müəllimlər və valideynlər komandaya gülərüzlə qonaqpərvərlik göstəriblər, onlar üçün çay süfrəsi hazırlayıb, hətta “Təbəssüm Yarat xoş gəlmisiniz” adlı tortda bişirib. Səfər Xızı televiziyası tərəfindən də işıqlandırılıb. Uşaqlar könüllülərə “müəllim” deyə müraciət ediblər. Bu xitab könüllüləri elə sevindirib ki, bəziləri doğrudan da müəllim olmaq istədiyini dilə gətirib. Hətta uşaqların arzularını yazmaları üçün xüsusi dəftər aparılıb. Balacalar öz xəttləri ilə istəklərini yazıya köçürərək, komandaya həm bu gün, həm də gələcək üçün xatirə bəxş ediblər. Yolların uzunluğu, qarşıya çıxan çətinliklər könüllüləri yormayıb. Çünki - sevgi yormaz, yorsa da, yenə sevgi yorğunluğu aparar.
İlahə Həbib