AZ

Portuqaliya Fələstini dövlət olaraq tanıdı

BAKI, TurkicWorld, Fərid Mikayılov

İngiltərə, Avstraliya və Kanadadan sonra Portuqaliya da Fələstini dövlət olaraq tanıyan ölkələr sırasına qoşuldu.

TurkicWorld xəbər verir ki, beləliklə, Fələstini tanıyan ölkələrin sayı 150-dən çox olub.

Qərar, bu həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası öncəsi elan edilib.

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel bazar günü Nyu-Yorkda verdiyi açıqlamada, hökumətin Fələstini dövlət olaraq tanıdığını bildirib. Rangel bu addımın, “qalıcı sülh üçün yeganə həll yolunun iki dövlətli həll olduğu” vizyonunu dəstəklədiyini vurğuladı.

Portuqaliyanın qərarı, İngiltərə, Kanada və Avstraliyanın eyni istiqamətdə atdığı addımdan qısa müddət sonra gəlib.

“Səylərimizi ortaq bir ümidlə birləşdirməliyik – əsirlərin azad olunması, zorakılığın sona çatması, əzabların bitməsi və iki dövlətli həllə dönüş. Bu, bütün tərəflər üçün sülh və təhlükəsizliyin ən güclü ümididir”- deyə İngiltərə Baş naziri Keir Starmer bildirib.

İsrailli rəsmilər Portuqaliyanın qərarını kəskin şəkildə pisləyib. Baş nazir Benyamin Netanyahu bu tanımanın bölgəni sabitsizləşdirdiyini və militant qrupları gücləndirdiyini iddia edib.

Seçilən
22
turkic.world

1Mənbələr