AZ

AIIF 2025: Strateji tərəfdaşlıqlar və yeni iqtisadi fürsətlər

1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) ölkəmizi beynəlxalq investorların, dövlət rəsmilərinin və biznes liderlərinin tərəfdaşlıq mərkəzinə çevirir.

“İki sahil” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri, i.ü.f.d. Lətif Zeynallı bildirib ki, “AIIF 2025” Azərbaycanın investisiya mühitinin beynəlxalq arenada daha da tanıdılması, yeni tərəfdaşlıqların qurulması və strateji layihələrin müzakirəsi baxımından əlamətdar bir platformadır. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində deyilir: “Bizim əsas məqsədimiz innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir. Mən hamınızı kapital, texnologiya və ideyalarınızı Azərbaycana gətirməyə dəvət edirəm.” Lətif Zeynallı bildirib ki, bu çağırış ölkəmizdə innovasiya və investisiya axınlarını canlandıraraq, dayanıqlı inkişafın və rifahın yeni mərhələsi üçün təməl yaradacaq.

“AIIF 2025” tədbirinin Azərbaycanın iqtisadi inkişafının dərinləşməsinə, investisiya mühitinin institusional dayanıqlığının güclənməsinə və qeyri-neft sektorunun şaxələndirilmiş şəkildə stimullaşdırılmasına əhəmiyyətli töhfə verməsi gözlənilir. Burada iştirakçılara yalnız yeni qlobal rəqabət paradiqmalarını öyrənmək imkanı deyil, həm də gələcəyin ticarət xəritəsini birlikdə çəkmək, strateji razılaşmalar imzalamaq və yeni əməkdaşlıqlar qurmaq şansı təqdim edilir.

İİTKM-nin şöbə müdiri qeyd edib ki, 2024-cü ildə qlobal birbaşa xarici investisiya (BXİ) axınları əvvəlki illə müqayisədə artım nümayiş etdirərək 4 faizlik yüksəlişlə 1,45 trilyon ABŞ dollarından 1,51 trilyon dollara çatıb. Baxmayaraq ki, qlobal maliyyələşdirmə şəraiti sərtləşib və geosiyasi qeyri-müəyyənlik artıb, inkişaf etməkdə olan ölkələrə yönələn birbaşa xarici investisiya (BXİ) axınları sabit qalıb. Həmin axınlar 867 milyard ABŞ dolları həcmində ölçülərək qlobal BXİ-nin 57 faizini təşkil edib və bu, regionların beynəlxalq investisiya cəlbediciliyini nümayiş etdirib. Bundan başqa, 2024-cü ildə rəqəmsal iqtisadiyyat sektoru BXİ-nin ən dinamik seqmentlərindən biri olaraq qalmaqda davam edib. Xüsusilə rəqəmsal xidmətlər, platformalar və e-ticarət sahəsində layihələrin sayı 17 faiz artıb, ümumi layihə dəyərləri isə iki dəfə yüksəlib. Nümunə olaraq, “Microsoft” (ABŞ) Hindistanda bulud və süni intellekt infrastrukturunu gücləndirmək məqsədilə 3 milyard ABŞ dolları, o cümlədən, “ByteDance” (Çin) növbəti beş il ərzində Tailandda məlumat mərkəzlərinin inkişaf etdirilməsi məqsədilə 8,8 milyard ABŞ dolları  həcmində strateji investisiya planını açıqlayıb. Bu təşəbbüslər regionda rəqəmsal infrastrukturun gücləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Lətif Zeynallı bildirib ki, 2025-ci ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyalar 3,2 milyard dolları ötərək ölkəmizin beynəlxalq investorlar üçün cəlbedici olduğunu bir daha sübut edir. Eyni zamanda, Azərbaycanın xarici ölkələrdəki investisiyaları da 1 milyard 349 milyon dollar həcmində həyata keçirilib ki, bu da ölkəmizin qlobal iqtisadi proseslərdə fəal iştirakını və strateji mövqeyini göstərir. Bundan əlavə, ölkəmiz “greenfield” layihələr üzrə 1,5 milyard dollardan çox investisiya cəlb edib. “Moody’s Ratings” agentliyinin 2025-ci ildə Azərbaycan Respublikasının suveren kredit reytinqini investisiya səviyyəsinə (“Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə) yüksəldərək proqnozu “müsbət” saxlaması ölkəmizin regionda dayanıqlı iqtisadi mövqeyini və beynəlxalq investorlar üçün cəlbedici mühitini təsdiqləyir. Təsadüfi deyil ki, forum çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”  və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Lətif Zeynallı əlavə edib ki, ümumilikdə, “AIIF 2025” forumu Azərbaycanın investisiya potensialının beynəlxalq səviyyədə təqdim olunması və ölkənin qlobal iqtisadi əməkdaşlıq çərçivəsində strateji tərəfdaşlıqlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edir. Forum çərçivəsində keçirilən plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr, imzalanan müqavilələr və yaradılmış yeni əməkdaşlıqlar Azərbaycanın dayanıqlı iqtisadi inkişafına, qeyri-neft sektorunun şaxələndirilməsinə və beynəlxalq investisiya mühitinin institusional dayanıqlığının güclənməsinə mühüm töhfə verəcək.

Seçilən
17
4
ikisahil.az

9Mənbələr