AZ

Misirin ən varlı adamı ABŞ-yə $50 milyard sərmayə qoyur

Misirli milyarder Nassef Saviris ABŞ-də infrastrukturun inkişafına 50 milyard dollara qədər sərmayə qoymağı planlaşdırır. Bu barədə “Financial Times” yazır.

Qəzetin məlumatına görə, biznesinin genişmiqyaslı restrukturizasiyası zamanı Saviris ona məxsus kimya şirkəti “OCI Global”ı atası Onsi Saviris tərəfindən 1950-ci illərdə yaradılmış ailə tikinti holdinqi “Orascom Construction” ilə birləşdirəcək. Yeni şirkət BƏƏ-nin Əbu-Dabi şəhərində qeydiyyatdan keçəcək və ABŞ-də infrastruktur layihələrinə, o cümlədən data mərkəzlərinin və nəqliyyat terminallarının tikintisinə diqqət yetirəcək.

Milyarder FT-yə müsahibəsində bildirib ki, yeni biznes yalnız öz kapitalını deyil, həm də tərəfdaşların cəlb edilmiş vəsaitlərini istifadə edəcək və onları növbəti on il ərzində səhmlərə və borc alətlərinə yatıracaq.

“Orascom” artıq ABŞ-də 2012-ci ildə əldə etdiyi törəmə şirkət “Weitz” vasitəsilə fəaliyyət göstərir. “Weitz” hava limanı terminallarının, universitet yataqxanalarının və məlumat emalı mərkəzlərinin tikintisi layihələrini həyata keçirir. Son illərdə “Orascom” və OCI-nin ümumi daxili gəlirliliyi 39%-ə çatıb, səhmdarlara ödənilmiş dividendlərin məbləği isə 22 milyard dollardan çox olub.

Seçilən
84
banker.az

1Mənbələr