AZ

"Bakı Təhlükəsizlik Forumu regional sabitlik və əməkdaşlıq üçün zəruridir" - İlyas Hüseynov - ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Təhlükəsizlik Forumunun açılışında çıxış edərək, qlobal təhdidlərlə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. Prezident, 2025-ci ildə Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamənin Cənubi Qafqazda sülhə yönəlmiş tarixi bir addım olduğunu qeyd edib. O, həmçinin, Forumun daimi fəaliyyət göstərən bir quruma çevrilməsi üçün görülən işlərdən danışıb.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:  "Bakı Təhlükəsizlik Forumunun açılışında Cənab Prezident İlham Əliyevin çıxışı mühüm əhəmiyyət kəsb edir. Çünki burada regional və qlobal miqyasda təhlükəsizlik istiqamətində mühüm məsələlər qeyd olunur və şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında sülh və təhlükəsizlik, eləcə də sabitlik yönündə əldə olunan tarixi nailiyyət - sülh müqaviləsinin Vaşinqtonda paraflanması yüksək göstərici hesab olunur. Bu, nəinki Cənubi Qafqazda, həm də daha böyük coğrafiyada sülhün və əməkdaşlığın təşviq olunması üçün böyük göstərici hesab oluna bilər. Yeni əməkdaşlıq formatının qurulması istiqamətində Azərbaycanın təşəbbüsləri xüsusi diqqət çəkir. Çünki burada nəqliyyat və kommunikasiya xətlərinin açılması, nəqliyyat arteriyalarının işə başlaması həm də sülhə, sabitliyə töhfə verəcəkdir. Gələcəkdə Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması sülhün dayanıqlığına xidmət edən amil kimi özünü göstərəcək. Digər tərəfdən, hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik istiqamətində forumun dayanıqlı olmasına böyük ehtiyac vardır. Azərbaycanda bir sıra istiqamətlərdə mühüm müzakirə meydançaları təşkil olunur.
O cümlədən təhlükəsizlik üzrə forumun hər il keçirilməsi zərurəti mövcuddur və hesab edirəm ki, bu forum həm də öz ətrafında bir sıra mühüm şəxsləri toplayacaqdır. Burada dünyanın təhlükəsizlik sistemi, təhlükəsizliyə təhdid yaradan amillər və onların aradan qaldırılması məsələləri müzakirə olunacaq.
Ümumilikdə bu forum həm də dialoqu genişləndirir və məlumdur ki, bir sıra eskalasiyaların, müharibələrin və gərgin münaqişə ocaqlarının yaranmasında dialoq çatışmazlığı səbəbindən bu cür ağır faciələrin şahidi oluruq. Məhz Azərbaycan dünyada sülhə, sabitliyə, dayanıqlı təhlükəsizlik arxitekturasının qorunmasına da öz töhfəsini bu cür forumlarla verir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
olaylar.az

1Mənbələr