AZ

Ukrayna ordusu Donbasda Rusiyanın dron və sursat anbarlarını məhv edib  

Ukrayna Müdafiə Qüvvələri Donetsk və Luqansk vilayətlərində Rusiyaya məxsus hərbi pilotsuz uçuş aparatı və sursat anbarlarına zərbələr endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, Rusiya Luqansk vilayətində işğal altında olan Boqdanovka yaxınlığında 70-ci motoatıcı diviziyanın 17-ci tank alayına döyüş sursatlarının və Donetsk vilayətində ordunun ehtiyacları üçün 19 mindən çox müxtəlif tipli PUA-nın paylanmasını təşkil etməyə cəhd edib.

“Yük maşınları on minlərlə mina, qumbaraatan və müxtəlif növ döyüş sursatları, minlərlə tank mərmisi (o cümlədən yüksək dəqiqliyə malik ZUBK-14) və artilleriya mərmilərini tank alayının səhra anbarına çatdırıb”, - deyə Baş Qərargahdan bildiriblər.

Hərbi mənbələrin məlumatına görə, ikinci insidentdə yük müxtəlif PUA-lardan (“Molniya”, “Bumeranq”, “Vandal Novqorodski”, “Qorınıç” və başqaları) və əlaqəli avadanlıqlardan (batareyalar, rabitə modulları və video ötürücülər) ibarət olub.

Bundan əvvəl, avqustun 29-da Dnepr əməliyyat-strateji qüvvələrinin qoşunları Rusiyaya məxsus hücum PUA-larının böyük ehtiyatını məhv edib, pilotsuz uçuş aparatlarının logistika paylama məntəqəsinə zərbə endirib.

Sentyabrın 18-də isə Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) bölmələri Luqansk vilayətində Rusiya hərbçilərinin alay sursat anbarına zərbələr endirib.

“Sursatla yanaşı, düşmənin maşınları da yandırılıb”, -deyə Baş Qərargahın məlumatında bildirilir.

Seçilən
2
6
azerbaijan-news.az

7Mənbələr