AZ

"Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi üçün işlər davam etdirilir" -Deputat

"Azərbaycan enerji sektorunda həm ənənəvi, həm də innovativ sahələrdə istehsala dəstək göstərir. Regionda yaşıl enerjiyə ən çox investisiya cəlb edən ölkələrdən biri olan Azərbaycan son illər yaşıl enerjiyə 1 milyard dollardan artıq xarici sərmayə cəlb edib. Eyni zamanda işğal olunmuş və azad olunmuş ərazilərdə də yaşıl enerjinin inkişafına yaxından dəstək verilir. Bu istiqamətdə vəsaitlərin ayrılması, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi üçün işlər intensiv şəkildə davam etdirilir".

Bu barədə Redaktor.az-a açıqlamasında Mİlli Məclisin deputatı Vüqar Bayramov bildirdi.

O, qeyd etdi ki, COP29-a ev sahibliyi edən Azərbaycan yaşıl enerji ilə bağlı konkret hədəflər müəyyən edib:

"Belə ki, 2030-cu ilədək ümumi istehlakda yaşıl enerjinin payının 35%-ə çatdırılması və karbon emissiyalarının 40%-ə qədər azaldılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, Azərbaycan yaşıl enerji istehsalını artırmaqla növbəti mərhələdə Avropaya yalnız ənənəvi deyil, həm də innovativ enerji məhsullarını ixrac edə biləcək. Gözləntilərə görə, Azərbaycan 2027-ci ildən sonra Gürcüstan və Qara dəniz vasitəsilə xüsusən Şərqi Avropaya öz yaşıl enerjisini çıxartmaq imkanına sahib olacaq. Bu, həm ənənəvi, həm də innovativ enerji bazarında Azərbaycanın mövqeyinin güclənməsinə, həm də ölkənin geosiyasi mövqeyinin daha da artırılmasına şərait yaradacaq. Nəticədə, Azərbaycan üçün bu, həm iqtisadi baxımdan yeni dividendlər, həm də geosiyasi baxımdan yeni imkanlar deməkdir", - deyə Vüqar Bayramov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
18
1
redaktor.az

2Mənbələr