AZ

Bu söhbəti edən dalaşqan baş məşqçi vəzifəsindən getməli idi, getdi…

Premyer Liqada beş tur arxada qalıb.

Elə «Kəpəz» də hamıdan arxada qalıb.

Adil Şükürov getdi. Necə gəlmişdisə, elə də getdi.

Hayla gələn vayla gedər. O, bunu bilməliydi və bilirdisə də, qəbul etməli, başqa variantlara göz atmalıydı.

Özünü sevdirə bilmədi «Kəpəz» camiəsinə. Nə klubun əməkdaşına, nə futbolçusuna, nə də azarkeşinə.

Şükürovu Gəncəyə qaytaranlar «Kəpəz»i düşünməmişdi. Niyyət bu deyildi, əslində.

Niyyət klubun İdarə Heyətinin sədri postunu əməliyyatlar üzrə direktor vəzifəsinə dəyişmiş İlqar Nadiriyə acıq vermək, cin atına mindirmək idi. Dönüşü həyata keçirənlərin gerçək fikrini baxın biz sizə dedik.

Ötən ilin sentyabrında «Kəpəz»dən ayrılarkən təzminat davası aparan, sonda klubu külli miqdarda xərcə salan Adil Şükürov bu dəfə arxasına baxmadan Gəncə ilə vidalaşmalı oldu.

Və yəqin ki, birdəfəlik. Çətin ki, bundan sonra «Kəpəz»in başına kim gəlir gəlsin, onu bir də bu şəhərə qaytarmaq istəyinə düşsün.

Gəncə azarkeşi bugünləri heç vaxt unutmaz. Onunla «sənin evin», «mənim evim» söhbəti edən baş məşqçini ömründə bağışlamaz.

Adil Şükürov «Kəpəz» fanatıyla mübahisəyə girişməklə böyük səhv elədi. Vaxtilə Qurban Qurbanov da azarkeşlə mübahisəyə girişib stadionda, düzdür.

Ancaq Qurbanov ağzından bu cür sözlər çıxarmayıb, «qırmızı xətt»i tapdalamayıb.

Hadisəyə haradan baxsan, tərəfdar haqlıdır. Ardıcıl beş tur uduzan komandanın simpatizanı nə etməlidir, baş məşqçiyə çəpik salmalı, alqışlamalıdır, yoxsa önünə qırmızı xalça sərməlidir? İşlər pis gedir, düzəlmir ki, o da etirazını bildirir.

Adil Şükürov hələ keçən dəfədən dərk etməli idi ki, Gəncədə işləmək çox çətindir. «Kəpəz»in baş məşqçisi hər şeyə hazır olmalıdır və çemodanını həmişə yanında hazır saxlamalıdır.

Ona nə(lər) vəd verilmişdisə belə, «ehtiyat igidin yaraşığıdır» deyimini bir an da yaddan çıxarmamalıydı. Oysa, hər addımında səhvlərə yol verdi və bunu dönə-dönə təkrarladı.

Düzgün transfer siyasəti aparmadı. Lazımsız legionerlərlə düşərgəni doldurdu.

Klubda çalışanlarla doğru irtibat qurmadı. Bəzi aparıcı simaların buradan getməsinə vəsilə oldu.

Gətirdiyi futbolçularla anlaşmanı lazımı səviyyəyə qaldırmadı. Üzünü görmək istəmirdilər. «Kəpəz»in ötən həftələrdə qapısında gördüyü qollara baxın da.

Bir də qaçırdığı epizodlara.

Futbolun yazılmayan qanunudur bu - meydandan kənarda özünü futbolçuya istədə bilmədinsə, o, səndən ötrü o meydanda canını qoymayacaq, gedişini sürətləndirəcək.

MUSA

Seçilən
4
sportinfo.az

1Mənbələr