AZ

Vətənə arxa, yurda dayaq igidlər

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşmuş, canlarından keçmiş şəhidlərimizin xatirələrini uca tutmaq, adlarını əbədiləşdirərək yaşatmaq, övladlarına, doğmalarına qayğı və diqqət göstərmək hər birimizin vətəndaşlıq borcudur. Çünki bu oğullar Vətəni ürəkdən sevdiklərinə görə öz həyatlarını, şəxsi mənafelərini xalq, millət, torpaq yolunda qurban veriblər. Qəlbləri ilə, döyüşkən ruhları ilə torpaqlarımızın azadlığı uğrunda  hər an vuruşmağa, düşmənləri məhv etməyə hazır olublar.

2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlandı. Vətənin qeyrətli oğulları heç bir çağırış gözləmədən  yurdumuzun müdafiəsinə atıldılar. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 30 ilə yaxın işğalda qalmış torpaqlarımızı düşməndən azad etdi. Qəhrəmanlıq tariximizə yeni səhifələr yazdı. Təəssüflər olsun ki, Vətənimizin azadlığı uğrunda gedən qanlı döyüşlərdə igid-igid oğullarımızı da itirdik. Bu rəşadətli oğullar son nəfəslərinədək cəsarətlə vuruşaraq gələcək nəsillərə nümunə olacaq qəhrəmanlıqlar göstərə-göstərə yurdumuzu işğaldan azad etdilər. 

44 günlük Vətən müharibəsində bir evdən, bir ailədən iki qardaş - İman və Bəhrəm Məmmədzadələr də şəhid oldular. Onların keçdikləri qısa, amma şərəfli ömür yollarını vərəqləyəndə öyrəndik ki, böyük qardaş İman 1998-ci il sentyabrın 14-də, kiçik qardaş Bəhrəm 2000-ci il aprel ayının 18-də Lerik rayonunda dünyaya göz açıblar. Xəzər rayonu Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbdə oxuyublar. Hər ikisi ali təhsillərini Rusiyada alıblar. Qardaşlar çox vətənpərvər olublar, qoynunda dünyaya göz açdıqları Vətən torpaqlarını ürəkdən seviblər. Buna görə də qürbətdə də ölkəmizi layiqincə təmsil ediblər. 

Şəhid atası Elman Məmmədzadə həmin xoşbəxt günlərdən söz açaraq dedi ki, uşaqların ikisi də kiçik yaşlarında idmana böyük maraq göstərirdi. İman ağır atletika, Bəhrəm isə cüdo ilə məşğul olurdu. Hər ikisi dəfələrlə iştirak etdikləri yarışlarda yaxşı nəticələr göstərərək medal və diplomlar qazanırdılar. Bir dəfə Bəhrəm iştirak etdiyi beynəlxalq cüdo yarışının finalında erməni rəqibini məğlub edərək birinci pilləyə çıxmışdı. Onun qələbəsi şərəfinə üçrəngli bayrağımız ucaldılmışdı. Həmin gün onun sevinci yerə-göyə sığmırdı. Ali təhsillərini başa vurduqdan sonra 2019-cu ildə oğullarım Vətənə qayıtmışdılar. Həmin ilin iyulunda övladlarım hərbi xidmətə çağırıldılar. İkinci Qarabağ müharibəsi başlayanda onların ikisi də xidmətdəydilər. Elə ilk günlərdən övladlarım torpaqlarımızın azadlığı uğrunda vuruşmağa başlamışdılar.

2020-ci il oktyabrın 27-də Qırmızı Bazar ətrafında gedən gərgin döyüşlər zamanı övladlarımın ikisi də şəhid oldu. Bir an belə bir-birindən ayrılmayan İman və Bəhrəm döyüşlərdə də ölümün gözünə dik baxıblar. Komandiri İmana deyib ki, siz iki qardaşsınız, bir-birinizi qorumalısınız. Oğlum ona cavab verib ki, burada yüzlərlə qardaşımız var, hamımız da torpaqlarımızın azadlığı uğrunda vuruşuruq. Bir-birimizi də qorumağa çalışırıq. Mənim üçün oğullarım haqqında keçmiş zamanda danışmaq çətindir. Yeganə təsəllimiz odur ki, övladlarım Vətən uğrunda şəhid olublar. Bəhrəmlə İman heç vaxt bir-birilərini tək qoymazdılar. Heç ölümün də onları bir-birindən ayırmağa gücü çatmadı. Təhsilləri də, xidmətləri də, döyüş yolları da, şəhidlikləri də bir oldu. Övladlarımla qürur duyur, həmişə onlarla fəxr edəcəm. 

Şəhid atası Elman kişi söhbət zamanı İman və Bəhrəmin komandirləri ilə olan görüşünü də xatırladı. Dedi ki, komandirləri görüşəndə məni qucaqlayıb bağrına basdı. Söylədi ki, döyüşün gedişində Bəhrəmlə birlikdə mən də yaralandım. Güllə Bəhrəmin qolundan, mənim isə ayağımdan dəymişdi. Ona hospitala getmək tapşırılsa da, Bəhrəm qardaşı İmanı tək qoymayacağını demişdi. İlkin tibbi yardım göstərildikdən sonra döyüşə qayıtmışdı. 

Anaları Hicran xanım kədər dolu səslə danışaraq dedi ki, Vətən üçün canını fəda edən iki qəhrəman oğul böyütdüyümə görə çox qürurluyam. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan övladlarım olduqca şərəfli bir ömür yaşadılar. Təskinliyi onunla tapırıq ki, düşmən üzərində Zəfərin qazanılmasında övladlarım da qan töküblər, can qoyublar, düşməni məhv ediblər. İnanıram ki, oğullarım döyüşlərdə göstərdikləri qəhrəmanlıqları ilə  tariximizin səhifələrində əbədi yaşayacaqlar.

Kövrəldiyinə görə sözünə ara verən Hicran xanım artıq xatirəyə dönmüş rəsmlərdə və övladlarının şərəfinə salınmış guşədəki yadigar qalan əşyalara toxunaraq, onlardan rahatlıq tapdığını deyir: "Oğullarımla fəxr edirəm. Ömürlərinin bir hissəsini qürbətdə keçirdiklərinə baxmayaraq, həmişə Vətən sevgisi ilə yaşadılar, hər yerdə ölkəmizi uğurla təmsil etdilər. İstər təhsil ocağında, istərsə idman sahəsində, istərsə də döyüş meydanlarında üçrəngli bayrağımızı həmişə qürurla dalğalandırdılar. İman və Bəhrəm mehribanlıqları və tərbiyələri ilə valideynlərinə layiqli övlad, sədaqətləri ilə el-obaya gərəkli vətəndaş, igidlikləri və cəsarətləri ilə komandirlərinə və əsgər yoldaşlarına etibarlı silahdaş olaraq hər birimizin başını uca etdilər, qəhrəmanlıqları ilə adlarını əbədiləşdirdilər. İman və Bəhrəm bu gün tək mənim deyil, Azərbaycan xalqının şəhid övladlarıdırlar".

Daha sonra sözünə davam edən şəhid anası dedi ki, uşaqlar arasındakı sevgi və bir-birinə sıx bağlılıq bizi valideyn kimi həmişə qürurlandırırdı. Onların hər işdə bir-birilərinə dayaq olmaları bizə könül xoşluğu verirdi. Hətta telefon danışığı zamanı böyük oğlum İmandan "oğlu"nun (Bəhrəmi nəzərdə tutur) sözünə baxıb-baxmamasını soruşardım. Bəhrəmlə danışarkən "ata"nın (İmanı nəzərdə tutur) ona diqqət göstərib-göstərmədiyi ilə maraqlanardım. Son telefon danışığımız zamanı onlar  dedilər ki, ana, şəhidlərimizi heç vaxt unutmayın. Biz həmin vaxt övladlarımın dediklərini o qədər də anlamırdıq. Amma indi oğullarımın nə demək istədiklərini yaxşı dərk edirik. Onların timsalında bütün şəhidlərimizlə qürur duyuruq. Bütün şəhid analarına demək istəyirəm ki, başlarını dik tutsunlar, məğrur dayansınlar, qamətlərini heç vaxt əyməsinlər. Ölkəmizdə şəhidlərimizə, onların adlarının əbədiləşdirilməsinə göstərilən  diqqət biz valideynlərə böyük təsəlli verir. 

İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlığa və igidliyə görə İman və Bəhrəm Məmmədzadə qardaşları Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunublar.

Vətən uğrunda canını qurban vermək insandan böyük fədakarlıq, cəsarət və şücaət tələb edir. Şəhidlər cəsarət və hünərləri ilə bunu bacardılar. Ölümün gözünə dik baxdılar. Buna görə də canları və qanları ilə  xalqımıza Zəfər sevinci yaşadan oğullarımıza əbədi olaraq borcluyuq. Hamımız onların xatirəsinə yüksək ehtiram göstərməli, keçdikləri həm ömür, həm də döyüş yollarını dərindən öyrənməli və bu cəsur oğulları gələcək nəsillərə tanıtmalıyıq. Vətənə arxa, yurda dayaq olmuş oğulları heç vaxt unutmamalıyıq.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr