AZ

Araşdırma: Yerli radiodalğalar yadplanetlilər tərəfindən dinləyə bilər

Alimlər bildirirlər ki, kosmik siqnallar sonsuzluğa yayıldığından başqa sivilizasiyalar onları qəbul edə bilər...

Poliqon xəbər verir ki, Astrophysical Journal Letters jurnalında dərc olunan yeni araşdırmaya əsasən, yadplanetli sivilizasiyalar Yer üzündəki radiodalğa siqnallarını eşidə bilərlər. Alimlər qeyd edirlər ki, kosmik gəmilərə və marsoxodlara göndərilən əmrlər zamanı çox güclü siqnallar kosmosa yönləndirilir və onların müəyyən hissəsi hədəfə çatmadan kainata doğru yayılır. Bu dalğalar sonsuzadək hərəkət edərək, başqa sivilizasiyalara çatmaq potensialına malikdir.

Pensilvaniya Dövlət Universiteti və NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının mütəxəssisləri bildirirlər ki, əgər yadplanetli ağıl Yer və Marsın düzülüşünü müşahidə edə biləcəyi bir nöqtədə yerləşsəydi, 77 faiz ehtimalla bizim göndərdiyimiz siqnallardan birinə rast gələ bilərdi. Bu göstərici təsadüfi ehtimallardan qat-qat yüksəkdir.

Tədqiqat qrupu onilliklər boyu saxlanılan NASA-nın Uzaq Kosmik Rabitə Sistemi (DSN) qeydlərini təhlil edib. Məlum olub ki, Günəş sistemində planetlər eyni orbit müstəvisində hərəkət etdiyindən, bu müstəvinin kənarında yerləşən yadplanetli müşahidəçilər siqnalları eşitmək üçün ən əlverişli mövqeyə sahib ola bilərlər. Xüsusilə də məsafə 23 işıq ili daxilindədirsə, bu ehtimal daha da artır.

Alimlərin fikrincə, bu mexanizm həmçinin yadplanetliləri axtarmaq üçün də istifadə oluna bilər. Əgər digər sivilizasiyalar da qonşu planetləri araşdırırlarsa, onların göndərdiyi siqnallar da oxşar şəkildə yayıla bilər. Beləliklə, iki və ya daha çox planetin bizim baxış bucağımızdan düzülüş yaratdığı sistemlər ən perspektivli müşahidə nöqtələri hesab olunur.

“Biz yalnız son 10–20 ildə çoxsaylı ekzoplanetlər aşkar etməyə başlamışıq, buna görə də hələlik bu kriteriyaya uyğun sistemlər barədə məlumatımız azdır”, – deyə araşdırmanın müəlliflərindən Pincen Fan bildirib. Onun sözlərinə görə, NASA-nın yaxın illərdə istifadəyə veriləcək “Nensi Qreys Roman” teleskopu yüz minlərlə yeni ekzoplanet kəşf edə bilər və bu da axtarış imkanlarını xeyli genişləndirəcək.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr