AZ

Dövrləri və xalqları bir araya gətirən alim Vaqif Kərimovla Müsahibə

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Moskva, 22 sentyabr, AZƏRTAC

Vaqif Kərimov - görkəmli geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, Rusiya Federasiyasının Əməkdar geoloqu, Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin kafedra müdiridir. Bakıda dünyaya gəlmiş Vaqif Kərimov Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Sadə mühəndislikdən başlayaraq fakültə dekanı və kafedra müdiri vəzifələrinədək yüksəlmiş, neft və qaz kəşfiyyatı sahəsində aparıcı mütəxəssislərdən birinə çevrilmişdir. O, fundamental elmi əsərlərin və dərsliklərin müəllifi olmaqla yanaşı, Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə də təltif olunub. Tarixi Vətəni Azərbaycan, həmçinin parlaq elmi karyerasının ilk addımlarını atdığı bu ölkə, hər zaman onun qəlbində xüsusi yer tutub.

AZƏRTAC-a verdiyi müsahibədə professor Vaqif Kərimov məhz bu bağlılıqdan, elmi fəaliyyətində qazandığı ən mühüm nailiyyətlərdən, müasir geoloji kəşfiyyatın qarşılaşdığı çətinliklərdən və digər aktual məsələlərdən danışıb.

- Siz Bakıda doğulub boya-başa çatmısınız. Azərbaycanda keçən uşaqlıq illəriniz və təhsiliniz karyera seçiminizə, akademik maraqlarınızın inkişafına necə təsir etdi?

- Adı qlobal neft sənayesinin qızıl salnaməsinə əbədi həkk olunmuş Bakıda doğulub boya-başa çatmaq, sadəcə, bioqrafik fakt deyil, bu, böyük şərəf və yüksək məsuliyyətdir. Böyük kəşflər ruhu ilə hopdurulmuş bu heyrətamiz şəhərin ab-havası, onun özünəməxsus mədəniyyəti, güclü elmi ənənələri mənim həyat seçimimi müəyyənləşdirdi. Hələ gənc olarkən mən küçələrdə neftçilərin portretləri ilə “Bakı neftçiləri Azərbaycan xalqının fəxridir!” şüarı yazılmış plakatlar görürdüm. Bu, sadəcə, bir şüar deyildi, bu, dünyagörüşümüzü formalaşdıran bir həqiqət idi.

Azərbaycan Neft və Kimya İnstitutu mənə həm möhkəm bilik bazası verdi, həm də geologiyaya əsl məhəbbəti alovlandırdı. Məhz dünənki abituriyentdən fakültə dekanına qədər yüksəldiyim universitetdə inamım daha da gücləndi. Geologiya, sadəcə, Yer haqqında elm deyil, bu, gələcək haqqında elmidir, Vətənimizin rifahı naminə xidmət edən təbiət sərvətlərinin açarıdır.

- Geoloji kəşfiyyat sahəsində hansı nailiyyətləri karyeranızda ən mühüm hesab edirsiniz?

- Ən qiymətli şeylərdən danışsaq, mən yerli neft-qaz elminin inkişafına və yeni nəsil geoloqların yetişdirilməsinə töhfə vermək imkanım olduğu üçün fəxr edirəm. Yer təkimizin karbohidrogen potensialının qiymətləndirilməsinə, dərinliklərdə yerləşən yataqların neft-qaz potensialının proqnozlaşdırılmasına, qeyri-ənənəvi xammal mənbələrinin işlənməsinə həsr olunmuş fundamental tədqiqatlar mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu işlər yerin təkindən rasional və ehtiyatlı istifadənin əsasını qoyur.

Mənim üçün xüsusi qürur mənbəyi karbohidrogen sistemlərinin rəqəmsal modelləşdirilməsi üzrə elmi məktəbin yaradılmasıdır. Hazırladığımız üsullar bizə ehtiyatları dəqiq proqnozlaşdırmağa, riskləri minimuma endirməyə və resurslara qənaət etməklə kəşfiyyat prosesinin səmərəliliyini maksimuma çatdırmağa imkan verir. Müəllimlərimi, görkəmli akademiklər İsmayıl İbrahimov, Şəfayət Mehtiyev, Akif Əlizadə, Kazım Qulizadəni və başqalarını səmimiyyət və sonsuz minnətdarlıq hissi ilə xatırlayıram, onların dərslərindən və məsləhətlərindən bütün həyatım boyu bəhrələnmişəm.

- Müəllimlik fəaliyyəti tərcümeyi-halınızda xüsusi yer tutur. Sizcə, sovet dövrü ilə müqayisədə bu gün gənc mütəxəssislərin hazırlanması nə dərəcədə dəyişib?

- Elmi karyeram müəllimlik fəaliyyəti ilə sıx bağlıdır və mənim üçün bilik və təcrübəmi gənclərə ötürmək ən böyük sevincdir. Dünya kəskin şəkildə dəyişib: bir vaxtlar biz fundamental biliklərin möhkəm təməlinə və əvəzsiz sahə təcrübəsinə arxalanırdıqsa, bu gün buna rəqəmsal texnologiyaların gücü əlavə olunub. Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində biz tələbələr üçün müasir laboratoriyalar və rəqəmsal texnologiyalar mərkəzi yaratmağa çalışmışıq ki, burada onlar elmin ön sıralarında işləyə bilsinlər. Biz hətta Bakıda Azərbaycan Neft və Qaz İnstitutunun alimləri ilə birlikdə birgə səyyar məktəb də təşkil etmişik.

Amma əsl mühəndis, qabaqcıl geoloq yetişdirməyin mahiyyəti dəyişməz olaraq qalır. Ən əsası gəncdə tədqiqatçı təfəkkür, qəlbində işıq, peşə sevgisi, geniş dünyagörüşü yetişdirməkdir. Fəxr edirəm ki, onlarla tələbəm elmlər namizədidir, onlar öz işlərinə sadiq əsl peşəkarlar olublar.

- Qlobal neft və qaz geologiyasının inkişafında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan dünya neft sənayesinin beşiyidir. Məhz burada neft geologiyasının əsasları qoyulmuş, mütərəqqi kəşfiyyat və hasilat üsulları işlənmişdir. Azərbaycanın təcrübəsi bütün dünya neft-qaz elminin əvəzolunmaz təməlinə çevrildi. Bu gün də tarixi Vətənimiz regionda əsas rol oynamaqda davam edir.

Mən bir azərbaycanlı kimi ölkəmin istər 44 günlük Vətən müharibəsində, istərsə də müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi yolunda əldə etdiyi parlaq qələbə və uğurları ilə hədsiz qürur duyuram. Bu, Azərbaycanın hər bir oğlunun və qızının haqlı qürurudur.

Neft və qaz hasilatı sənayesinin inkişafı xüsusi diqqət tələb edir. Strateji proqramların ekspert və elmi ictimaiyyətlə geniş dialoq əsasında hazırlanması vacibdir. Məhz elm və təcrübənin birgə səyləri gələcək uğurları təmin edə bilər.

- Müasir geoloji kəşfiyyat hansı əsas problemlərlə üzləşir?

- Problemlər kompleks xarakter daşıyır. Texnoloji cəhətdən biz getdikcə daha mürəkkəb və çətinliklə gedilə bilən yataqları inkişaf etdirməliyik və burada rəqəmsallaşdırma və modelləşdirmə köməyə gəlir. Yeni keyfiyyət sıçrayışı üçün vaxt gəlib. Nisbətən sadə tələlər, xüsusən də əhəmiyyətli dərinliklərə keçiddə tükəndikcə, aydın olur ki, mövcud karbohidrogen əmələgəlmə paradiqması yenidən nəzərdən keçirilməli və bəlkə də tam dəyişdirilməlidir. Karbohidrogen yataqlarının işlənməsinin müxtəlif mərhələlərində onların enerji vəziyyətinin bərpası, fiziki-kimyəvi və flüid-dinamik amillərlə bağlı karbohidrogen resurslarının və ehtiyatlarının tamamlanması məsələsi getdikcə aktuallaşır.

Ekoloji çağırış bizi kövrək təbiətə, xüsusən də Xəzər dənizi kimi unikal regionlara təsirini minimuma endirən metodlar hazırlamağa və tətbiq etməyə məcbur edir. Biz gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq.

Əlbəttə ki, əsas problem insan resurslarıdır. Biz fundamental elmlər və IT texnologiyaları sahəsində eyni dərəcədə güclü olan yeni nəsil geoloqlar-sintetiklər yetişdirməliyik. Bizim vəzifəmiz onlara hər iki dünyada ən yaxşı olanı verməkdir: onları sahədə sərtləşdirmək və ən müasir rəqəmsal alətlərlə təchiz etmək.

- Geoloji kəşfiyyat prosesində süni intellektdən istifadənin perspektivləri hansılardır?

- Çox maraqlı sualdır. Süni intellekt texnologiyalarının tətbiqi geoloji kəşfiyyat prosesinin planlaşdırılması və optimallaşdırılması, karbohidrogen yataqlarının işlənməsi və istismarı kimi müxtəlif məsələlərin həlli üçün modellərin sayında eksponensial artıma kömək edir, bunların həlli üçün bizim güclü, mühəndisyönümlü süni intellektə ehtiyacımız var. Bir sıra ölkələrdə süni intellektin tətbiqi “Ağıllı geoloji kəşfiyyat” (Smart Oil & Gas Exploration” və “Ağıllı yataq” (Smart Field, SF) adlı intellektual geoloji kəşfiyyat sistemlərini yaratmağa imkan verib. Bu, istehsal və logistika proseslərinin optimallaşdırılması və transformasiyası üçün rəqəmsal texnologiyaları və mühəndis biliyini birləşdirən, eləcə də onların həyat dövrünün bütün mərhələlərində neft və qaz kəşfiyyatı və karbohidrogen yataqlarının işlənməsini idarə etməyə imkan verən proqram və texniki vasitələr kompleksidir.

Yeri gəlmişkən qeyd etməliyəm ki, rəhbərlik etdiyim S.Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin Geologiya və Karbohidrogen Yataqları Kəşfiyyatı kafedrasında bu ildən “Neft-qaz sənayesində süni intellekt və informasiya texnologiyaları” ixtisası üzrə bakalavr və magistratura pillələri üzrə kadr hazırlığına başlanılıb.

- Geologiya sahəsində yeni addım atmağa başlayan gənc alim və tələbələrə nə arzu etmək istərdiniz?

- Onlara ən vacib olanı arzulayıram: böyük kəşflərə aparan o müqəddəs maraq alovunu heç vaxt itirməyin. Geologiya romantiklər, mütəfəkkirlər və ilk kəşf edənlər üçün peşədir. O, səbir, əzm və dərin bilik tələb edir. Çətin məsələlərdən qorxmayın! Yerin nəbzini hiss etmək üçün sahəyə çıxın və eyni zamanda, ən son texnologiyalara cəsarətlə yiyələnin.

Doğma Azərbaycanımızı sevin, onun çiçəklənməsi, firavanlığı üçün əlinizdən gələni edin. Cəsarətli olun, öz gücünüzə inanın, sələflərinizin şərəfli ənənələrini xatırlayın. Bununla siz mütləq milli elmin salnaməsinə öz parlaq səhifələrinizi yaza biləcəksiniz.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azertag.az

1Mənbələr