AZ

Azərbaycanın Uzaq Şərq siyasətinin mahiyyəti

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

Nurlan UMUDOVPrezident yanında Dövlət İdarəçilik Akademiyasının Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistrantıAzərbaycanın genişlənən siyasi-strateji maraqları yeni regionlarla əməkdaşlığı, mövcud əlaqələrin inkişafını, müttəfiq və strateji tərəfdaşların sayının artırılmasını, sarsılmaz və davamlı münasibətlərin inkişafını, siyasi və iqtisadi nüfuzu artırmağı təşviq edir. Bu siyasətin qarşılıqlı olmasını təmin edən əsas proseslərə isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini və eyni zamanda regionda müstəqil və etibarlı tərəfdaş mövqeyində çıxış etməsini aid etmək olar. Azərbaycanın mühüm strateji əhəmiyyətli regionda yerləşməsi və buradan yüksək dərəcəli dəhlizlərin, infrastruktur və layihələrin keçməsi həm Azərbaycana siyasi üstünlük qazandırır, həm də müxtəlif regionlarda yerləşən dövlətləri əməkdaşlığa sövq edir. Son illərdə bu sıralara Uzaq Şərqi Asiya regionunda yerləşən dövlətlər də qoşulur. Bu yolla həm maraqlarını ifadə edirlər, həm də qarşılıqlı əlaqələri inkişaf etdirirlər. Çin, Yaponiya, Cənubi Koreya kimi dövlətləri bu aspetdə xüsusi qeyd etmək lazımdır.Yüksələn Azərbaycan-Çin münasibətləri və diqqətçəkən məqamlar:Çinlə mövcud münasibətlər daha əvvəlki illərə təsadüf etsə də, yüksək inkişaf xətti və dinamizmi son illərə, xüsusən də antiterror əməliyyatından sonraya təsadüf edir. Orta Dəhliz, Şimal-Cənub Dəhlizi, Zəngəzur Dəhlizi – bir sözlə, Azərbaycanın siyasi və iqtisadi mərkəz olması Çinin maraqlarına xidmət edən əsas amillərdəndir.Qarabağdakı son hərbi əməliyyatlardan sonra bu regiona marağın artması da təsadüfi deyil. Hər bir dövlət kimi Çinin də təhlükəsizlik prioritetləri mövcuddur və istəməz ki, ticarət və iqtisadi əlaqələr aparacağı dövlət müharibə şəraitində olsun, daxili qeyri-sabitlik, ərazi iddiaları və s. tranzit yollarına təhdid formalaşdıracaq amillər baş versin. Bunların əsasında regionda təhlükəsizliyin bərpa olunması, münaqişələrin aradan qaldırılması maraqların daha geniş şəkildə ifadə olunmasına gətirib çıxardı.Yuxarıdakı fikri tamamlayacaq hadisələrdən biri də 2024-cü ilin iyul ayında tərəflər arasında imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması” haqqında Birgə Bəyannamədir. Bu bəyannamə ilə Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın əsası qoyuldu və 2025-ci ildə daha da inkişaf etdirildi. 23 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çində rəsmi səfərdə olduğu tarixdə Azərbaycan və Çin arasında Hərtərəfli Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzalandı. Bununla da qarşılıqlı etimad, əməkdaşlıq, siyasi-strateji tərəfdaşlıq daha yüksək mərhələyə keçidi. Qarşılıqlı münasibətlərin inkişafında, genişlənməsində bir sıra başqa maraqlar və məqamlar da mövcuddur. Onlar haqqında isə ayrıca belə qeyd edə bilərik:1. Çinin Qərbə doğru quru yolla 3 əsas tranzit xətti var ki, bunlardan ikisini Rusiya və İran təşkil edir. Həmçinin, bu dövlətlər Çinin əsas siyasi, strateji və ideoloji müttəfiqləridir. Lakin buna baxmayaraq, Azərbaycanla əməkdaşlığı seçən Çin ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verir. Buna əsas səbəb kimi məhz İran və Rusiyanın qeyri-sabit və müdaxilələrə, müharibələrə açıq dövlətlər olmasıdır. Rusiya artıq 3 ildən artıqdır ki, Ukraynaya qarşı müharibə aparır və böyük sanksiyaların, təzyiqin altındadır. Belə olan halda Çin üçün şimal yolu öz əhəmiyyətini itirir. Bu yoldan istifadə məhdudlaşır və alternativ axtarışına səbəb olur.Digər tərəfdən, İranın da Qərb tərəfindən sanksiyalara və təcridlərə məruz qalma amili var. Eyni zamanda 2025-ci ilin iyun ayında İsrail və ABŞ-nın İrana ortaq hücumu İranın tranzit yollarını və uçuşlarını iflic vəziyyətində qoydu. Münaqişə müddəti ərzində heç bir uçuş baş tutmadı, hava məkanı bağlandı, dəmir yolu, nəqliyyat yolları fəaliyyət göstərmədi. Belə halların təkrar baş verməsi istisna deyil və bu da Çini və maraqlarını qane etmir. Belə olan halda alternativ olaraq sabit və etimad ediləcək yeni yola ehtiyac həmişəkindən daha çox olur. Həmin ehtiyacları qarşılayacaq qüvvə məhz Azərbaycandır. Daxili sabitliyin, ərazi bütövlüyünün mövcud olması bura investisiyaların qoyulmasına şərait yaradır. Azərbaycan Qərbə ən təhlükəsiz və zəmanətli yol təmin edir. Bu da, həm Azərbaycanın, həm də Çinin maraq və mənafelərini qarşılayır.2. Tərəflərin tarixi oxşarlıqlara malik olması və eyni problemlərdən əziyyət çəkmələri onları mənəvi və ideoloji cəhətdən də yaxınlaşdırır. Çin son əsrlərdə müxtəlif imperiyaların işğalına məruz qalıb və bundan xeyli əziyyət çəkib. Bura yapon işğalları, Qərb dövlətlərinin Çini öz aralarında bölüşdürməsi, Mancur sülaləsinin idarəçiliyi və s. aiddir. 1949-cu ildən müstəqil və vahid dövlət prinsipi altında sürətli inkişaf xəttinə qədəm qoyan Çin günümüzün qlobal gücünə çevrilib. Eyni hallarla üzləşmiş Azərbaycan son 2 əsrdə Çar Rusiyası, SSRİ kimi imperialist qüvvələrin işğalı altında olub. Bu da tərəflər arasında imperialist qüvvələrə qarşı ortaq fikri qabardır, müstəqil siyasətə və əməkdaşlığa sövq etdirir. Həmçinin, Azərbaycanın son illərə qədər mövcud olmuş ərazi problemi kimi, Çinin də ərazi problemləri mövcuddur. Və hər iki dövlət bir-birinin ərazi bütövlüyünü, suverenliyini və vahidliyini tanıyır ki, həmin amil qarşılıqlı etimadı və güvəni yüksək səviyyədə artırır. 3. Beynəlxalq arenada qarşılıqlı dəstəyin formalaşdırılması. Bildiyimiz kimi Çin beynəlxalq aləmdə böyük nüfuza malikdir və bir çox təşkilatın aparıcı üzvüdür. Bu amillər Azərbaycanı siyasi və iqtisadi maraqlarını təmin etmək üçün Çinlə münasibətləri inkişaf etdirməkdə maraqlı tərəf edir. Çinin BRİCS, ŞƏT kimi təşkilatlarda olması Azərbaycanın iqtisadi potensialını artırmasına töhfə verə bilər. Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olması, həmin qurumda beynəlxalq proseslərin və regional məsələlərin həllində Çinin dəstəyindən faydalanmağa şərait yaradır.Azərbaycan əleyhinə irəli sürülən təklif və qərarlarda Çinin veto qoymaq hüququ, digər məsələlərin həllində Azərbaycanı əməkdaş və tərəfdaş kimi təqdim etmək seçimi var ki, bunlardan Azərbaycan müsbət mənada yararlana bilər. Beynəlxalq arenada Çin kimi güclü və qüdrətli tərəfdaşın olması hər bir sahədə üstünlük qazandıracaqdır.ABŞ dəstəkli Cənubi Koreya və Yaponiya ilə əlaqələr:Cənubi Koreya və Yaponiya Şərqi Asiyanın və ümumilikdə dünyanın ən inkişaf etmiş texnoloji dövlətləri sırasındadırlar. Mövcud potensialları və qlobal gücləri təqdirəlayiqdir və əməkdaşlığa sövq edir. Azərbaycan post-sovet məkanında sürətli inkişafı hədəfləyən və gələcək üçün yüksək perspektivli yatırımlar etməyə çalışan başlıca dövlətlərdən biridir. Buna görə də yerli infrastrukturun inkişaf etdirilməsi, müasir texnologiyalara keçid, innovasiyalara açıq olmaq əsas prioritetlərdən hesab olunur. Cənubi Koreya və Yaponiyanın həmin tələbatları ödəyəcək səviyyədə olmaları və dünyanın öndə gedən texnoloji nəhəngləri kimi çıxış etmələri, bu sahələrdə əlaqələri artırmağa və əməkdaşlıq imkanlarını genişləndirməyə imkan verir. Son illərdə, daha dəqiqi, 2022-ci ildən bu yana Azərbaycanla Yaponiya arasında ətraf mühit və yaşıl enerji əməkdaşlığı; ticarət və investisiya; turizm sahəsində əməkdaşlıq; ekoloji texnologiyalar istiqamətində müzakirələr və razılaşmalar baş tutdu. Bütün bu adıçəkilən sahələrdə birgə əməkdaşlıq Azərbaycan üçün mühüm üstünlüklər və yeniliklər qazandırır. Müasir texnologiyalarla ayaqlaşmaq, yeniliklərdən geri qalmamaq üçün həmin sahələrin inkişafına və davamlılığına ehtiyac var ki, həmin dövlətlərlə əməkdaşlıq bu tələbatı qarşılaya bilər.Yaponiya ilə yanaşı Cənubi Koreya ilə də oxşar məzmunlu əməkdaşlıqlar qurulur. 2023-cü ildən bu yana tərəflər arasında keçirilmiş rəsmi görüşlərdə iqtisadi əməkdaşlıq; rəqəmsal inkişaf və süni intellekt sahəsində əməkdaşlıq; ticarət və investisiya; Azərbaycandan Seula birbaşa uçuşların təşkili istiqamətində razılaşmalar əldə olunub və birgə əməkdaşlıqlar uyğun qaydada həyata keçirilir.Bu cür texnoloji nəhənglərlə əməkdaşlıq sadəcə həmin regionla və ticari-iqtisadi məsələlərlə məhdudlaşmır. Əsas məsələlərdən biri Cənubi Koreya və Yaponiyanın ABŞ ilə sıx siyasi, strateji və iqtisadi əməkdaşlıq və müttəfiqlik əlaqələrində olmasıdır. Uzaq Şərq siyasətində balansı qorumaq üçün belə bir əməkdaşlıq sahələrinin olması Azərbaycan üçün müsbət amildir. Həm Çin ilə, həm də digər iki dövlətlə əməkdaşlıq mövcud əlaqələrdə Çin və ABŞ arasında balansı saxlamağa və mümkün təzyiqlərdən yan keçməyə fürsət yaradır. Həmçinin, Cənubi Koreya və Yaponiya ilə əməkdaşlıq dolayı yolla ABŞ ilə də əlaqələrin inkişafına və genişlənməsinə dəstək ola bilər. Beləcə, hər bir dövlət öz maraqlarını təmin edir və gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsinə yol açır. Bu cür balanslı siyasət sonrakı onilliklər üçün də təhlükəsiz və daimi əməkdaşlıq imkanları yaradır. Sözsüz ki, bugün və yaxın gələcək Azərbaycan və Çin arasında münasibətlərin zirvəyə yüksəlmə mərhələsi olacaq. Ancaq hər bir halda Çin dünyada hegemonluğa oynayan qüdrətli dövlətlərdən biridir. Qlobal güc və çoxqütblü dünyanın əsas aktoru olmaq istəyi bir neçə on illik sonra tərəfdaş dövlətlərlə münasibətlərinə təsir edə bilər. Çin günümüzün reallığında qarşılıqlı və bərabər səviyyəli əməkdaşlıqlar qurmaqda maraqlı olsa da, super güc olduğu zaman bu əlaqələrdən təzyiq vasitəsi kimi istifadə edə, tərəfdaş dövlətlərə yuxarıdan aşağı münasibət bəsləyə bilər. Belə halların qarşısını almaq üçün Çinin əsas texnoloji və iqtisadi rəqibləri olan və mövcud olduğu regionda yerləşən dövlətlərlə də əməkdaşlıq etmək yerində atılmış addım olardı. Bu da Cənubi Koreya və Yaponiya ilə mövcud əlaqələrin daha da genişləndirilməsinə və inkişaf etdirilməsinə gətirib çıxara bilər. Bu münasibətlər möhkəmləndikcə Azərbaycanın alternativ variantları artacaq. Həmçinin, həmin dövlətlərdən heç biri dövlət əleyhinə siyasət yürütməyə cəhd edə bilməyəcəklər. Çünki belə bir vəziyyətdə digər tərəf ön plana çıxacaq və qurulmuş balans Azərbaycanın xeyrinə işləyəcək. Tərəflərdən heç biri mövcud münasibətlərdən birtərəfli şəkildə öz maraqları üçün istifadə edə bilməyəcək. Nəticə etibarı ilə Azərbaycan hər bir ehtimalda daha qazanclı tərəf olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
reyting.az

2Mənbələr