AZ

“Neftçi” indi onu razı sala bilmir - İki yerdən maaş alır

“Neftçi” Ryonosuke Ohori ilə Ramil Şeydayevdən qurtulsa da, iki legionerlə bağlı müəmma hələ də davam edir.

Söhbət Aleks Fernandeslə Andrey Ştoqrindən gedir.

Baş məşqçi Samir Abasov ukraynalını sərəncamında görmək istəmir. Ştoqrinin komanda ilə məşq etməsinə baxmayaraq, onunla yolların ayrılması ilə bağlı danışıq aparılır.

Alekskə bağlı vəziyyət kifayət qədər fərqlidir.

Abasov icarə əsasında “ağ-qaralar”ın sıralarında olan solaxay braziliyalıdan razıdır. Hətta o dərəcədə razıdır ki, onunla azı 2 illik müqavilənin bağlanmasını istəyir. Lakin o, buna qarşıdır.

Səbəbi isə sadədir. Fernandes hazırda iki klubda – müqavilə ilə məxsus olduğu “Baltika”dan və icarə əsasında çıxış etdiyi “Neftçi”dən aylıq maaş alır.

Təmsilçimizlə sözləşmə imzalasa, yəni “Neftçi” “sambaçı”nın əsl sahibinə çevrilsə, Rusiya klubundan ilin sonuna qədər alacağı pullar qüvvədən düşəcək. Halbuki “Baltika” onunla yolların ayrılmasında ikiəlli razıdır.

Odur ki, dolaşıq vəziyyət yaranıb. Bakılılar Aleksə qapını göstərə bilmir, çünki dekabra qədər icarə müqaviləsi var. Özü də buradan almalı olduğu pulu qazanmadan getmək fikrində deyil.

Müqavilə bağlamaq da problemə çevrilib. Çünki futbolçu bunda maraqlı deyil. İki yerdən qazanmağı “Neftçi”nin birdəfəlik müştərisinə çevrilməkdən üstün tutur. “Ağ-qaralar” ona müqavilə bağlamağı təklif edir ki, adını iştirak ərizəsinə daxil etsin. Razılaşmır.

Ona görə də hər iki klubun rəhbərliyi çıxılmaz vəziyyətdə qalıb. Aleks əsas komanda ilə məşq edir, idman formasını qoruyur, pulunu qazanır və ilin son ayını gözləyir.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
2
sportinfo.az

1Mənbələr