AZ

Şuşada investorların sağlamlıq və kurort tipli obyektlər inkişaf etdirə bilməsi üçün ərazilər ayrılıb - Aydın Kərimov

Bakı. TurkicWorld

Azərbaycanın azad edilmiş ərazilərində muzeylər və müxtəlif obyektlər də fəaliyyət göstərir və bu proses qarşıdakı illərdə də davam etdiriləcək. Bu isə həm turistlərin, həm də ziyarətçilərin cəlb olunmasına xidmət edir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.

Onun sözlərinə görə, turistlər yalnız şəhərdə qalmayacaq, yaxşı sağlamlıq və istirahət mərkəzləri, kurort tipli obyektlərin yaradılması onların şəhərdə daha çox vaxt keçirməsinə imkan verəcək: "Bunun üçün artıq baş planımızda investorların sağlamlıq və kurort tipli obyektlər inkişaf etdirə bilməsi üçün müəyyən ərazilər ayrılıb. Hazırda beynəlxalq məsləhətçilərlə birlikdə investorların imkanları daha rahat dəyərləndirməsi üçün müvafiq fizibiliti (iqtisadi əsaslandırma) araşdırmaları aparılır. Bununla paralel olaraq, qonaqpərvərlik xidmətlərinin də səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur. Əsas məqsədlərdən biri də beynəlxalq tanınmış brendlərin Şuşada və ətraf ərazilərdə fəaliyyətə başlamasıdır".

Xüsusi nümayəndə səhiyyə infrastrukturuna gəlincə qeyd edib ki, dövlət proqramı çərçivəsində tələb olunan adi tibb müəssisələri də nəzərdə tutulub: "Artıq Səhiyyə Nazirliyinin dəstəyi ilə Şuşa Səhiyyə Mərkəzi istifadəyə verilib. Bu mərkəz həm ənənəvi səhiyyə xidmətləri göstərir, həm də özəl tərəfdaşlarla birlikdə sanatoriya və reabilitasiya proqramlarının həyata keçirilməsi üçün imkan yaradır. Burada cərrahiyyə sonrası reabilitasiya, fizioterapiya və digər xüsusi tibbi xidmətlər mümkündür.

Eyni zamanda, bu mərkəz bioloji biznes modelinin tətbiqinə də şərait yaradacaq. Çünki Şuşanın yaxınlığında məşhur mineral su ehtiyatları mövcuddur və hökumətin planı həmin suların şəhərə gətirilməsidir. Hazırda bu proses üzərində işlər aparılır və yaxın gələcəkdə reallaşdırılması gözlənilir".

"Nəticə etibarilə bütün bu addımların faydası və hədəfi vətəndaşlara, istifadəçilərə yönəlib. İnsanlar həm dəniz kənarında istirahət, həm də peşəkar tibbi xidmətlərdən yararlanmaq imkanı qazanacaq. Əgər onların paketlərinə dağ kurortları və sağlamlıq mərkəzləri də daxil edilərsə, bu yalnız onların xeyrinə olacaq.

Dünyanın bugünkü reallığında təkbaşına işləmək mümkün deyil. Burada əsas meyil əməkdaşlıqdır. İctimai səhiyyə sistemi, özəl səhiyyə sektoru, tədqiqat mərkəzləri, təhsil müəssisələri birgə fəaliyyət göstərməlidir. Bu, sinerji və qarşılıqlı əməkdaşlıq tələb edir. Azərbaycanın kontekstində isə xüsusilə ucqar bölgələrin də yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması böyük əhəmiyyət daşıyır", - A. Kərimov vurğulayıb.

Seçilən
16
3
turkic.world

4Mənbələr