AZ

Psixoloq: Dırnaq yemək sadə vərdiş yox, gərginliyin göstəricisi ola bilər

Son zamanlar həm cəmiyyətdə, həm də nəqliyyatda dırnaqlarını yeyən şəxslərə tez-tez rast gəlirik. Görünüşcə kiçik bir vərdiş kimi görünsə də, əslində arxasında ciddi səbəblər gizlənir. Bəs insanları bu vərdişə vadar edən nədir və onu tərgitmək həqiqətən də çətin prosesdirmi?

Psixoloq Vüsalə Əmiraslanova E-saglam.az-a açıqlamasında bildirib ki, dırnaq yemək və əlini ağza salmaq daha çox azyaşlı uşaqlarda müşahidə olunur. Əgər bu davranış erkən yaşda psixoloji olaraq işlənməzsə, yeniyetməlik dövründə daha qabarıq şəkildə özünü göstərir:

“Psixoloji analizlər zamanı bu davranışın çox vaxt körpəlik dövrünə – süd əmizdirmə mərhələsinə qədər gedib çıxdığı müəyyən olunur. Ziqmund Freydin psixo-seksual inkişaf nəzəriyyəsində də qeyd edilir ki, bəzi uşaqlarda dırnaq yemə daha çox rast gəlinir. Lakin bu hal bağça yaşlı, yəni məktəbəqədər dövrdə də müşahidə olunur. Əsas səbəblər isə darıxma, özünü ifadə edə bilməmə, daxili gərginlik və sıxıntıdır. Zamanla bu davranış vərdişə çevrilir – uşaq rahat olduqda belə əlini ağzına aparır və dırnaq yeməyə davam edir”.

Psixoloqun sözlərinə görə, valideynlər bəzən yanlış üsullara əl atırlar – məsələn, uşağın barmaqlarına istiot və ya acı maddələr sürtürlər ki, uşaq bu vərdişdən əl çəksin:

“ Müasir uşaqlar kifayət qədər düşüncəlidirlər və tez bir zamanda bu üsullara “çözüm” taparaq vərdişi davam etdirirlər, hətta bəzən nümayişkaranə şəkildə edirlər” – deyə ekspert vurğulayıb.

Davamlı dırnaq yemək mütləq psixoloji pozuntunun əlaməti deyil, lakin gərginlik, həyəcan və təşviş pozuntusunun göstəricisi ola bilər. Ən uğurlu müalicə üsulu isə psixoloji araşdırma aparmaqdır:

“ Vərdişin hansı yaşda başladığını, ailə mühitini, məktəblinin vəziyyətini öyrənmək və problemin kökünü tapmaq. Əgər səbəb düzgün müəyyən olunarsa, problemin öhdəsindən gəlmək mümkündür” – deyə V.Əmiraslanova qeyd edib.

Xüsusi olaraq əlavə edib ki, bəzi hallarda psixoloqlar psixiatrların köməyinə də müraciət edirlər:

“Çünki dırnaq yemə təkcə bir vərdişlə deyil, digər problemlərlə də bağlı ola bilər. Belə hallarda uşaq psixiatrı və ya yeniyetmələrlə işləyən mütəxəssislərin dəstəyi ilə psixoloji yardım göstərilir və daha təsirli nəticələr əldə edilir”.

Nəzrin Abbas

İnsan

Seçilən
6
e-saglam.az

1Mənbələr