Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Rusiya mətbuatının yaydığı məlumata görə, Yekaterinburqda tanınmış biznesmen, “Oblkommunenerqo” və “STS Korporasiyası”nın həmtəsisçisi Aleksey Bobrov saxlanılıb. Onun barəsində dələduzluq işi üzrə istintaq aparılır.
Bobrov 48 saatlıq həbs edilib, polis isə həm Moskvada, həm də Yekaterinburqda onun tərəfdaşlarına məxsus ev və ofislərdə axtarışlar aparıb.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Bobrovla yanaşı onun yaxın çevrəsindən Tatyana Çernıx, eləcə də “Birləşmiş İstilik Təminatı Şirkəti”nin (OTSK) rəhbərliyi də saxlanılıb. Onların sırasında hazırkı baş direktor Artyom Noskov və onun sələfi Anton Bolikov da var. İstintaq OTSK rəhbərlərini səlahiyyətlərindən sui-istifadə və tender maxinasiyalarında ittiham edir.
Qeyd edək ki, OTSK, Bobrovun əsas aktivlərindən biri olan “Oblkommunenerqo”nun törəmə müəssisəsidir və Sverdlovsk vilayətində onlarla qazanxananı idarə edir.
Xatırladaq ki, Rusiya Baş Prokurorluğu daha əvvəl Yekaterinburqun Leninski Rayon Məhkəməsinə müraciət edərək “Oblkommunenerqo”nun dövlət mülkiyyətinə qaytarılmasını tələb etmişdi. İddiada göstərilirdi ki, şirkətin faktiki sahibləri Bobrov və onun iş ortağı, Çubaysın keçmiş məsləhətçisi Artyom Bıkovdur. Prokurorluq onların hələ 2007-ci ildən Avstriyada yaşadığını, orada vətəndaşlıq aldıqlarını, dövlət əmlakını isə yüksək vəzifəli şəxslərlə qurulan gizli əlaqələr vasitəsilə ələ keçirdiklərini açıqlamışdı. Bu kontekstdə Anatoli Çubaysın adı da hallandırılır.
2025-ci ilin martında Sverdlovsk vilayətinə qubernator təyin edilən Denis Pasler “Oblkommunenerqo” ilə bütün müqavilələri ləğv etmişdi. Ardınca, iyunda bölgənin ən nüfuzlu media qurumlarından sayılan Ura.ru portalının bir neçə jurnalisti saxlanılmışdı. “Vajnıye istorii”nin məlumatına görə, həmin media strukturu məhz Bobrov və Bıkova məxsus idi.
Belə görünür ki, Yekaterinburqda baş verənlər sadəcə iqtisadi cinayət işi deyil, həm də Çubays klanına qarşı növbəti hücumdur. Uzun illər dövlət resursları hesabına formalaşmış enerji imperiyası indi tamamilə çökdürülmə ərəfəsindədir.
Rasim Əliyev
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.