AZ

““D” vitamini azlığı son illərin gizli epidemiyasıdır” - HƏKİM DANIŞDI

"Qan azlığı və “D” Vitamini çatışmazlığı diaqnozu müraciət edən pasiyentlərin böyük bir qismində çox tez-tez eşidilir. Bu hallar bəzən yüngül simptomlarla müşahidə olunsa da, uzunmüddətli fəsadları orqanizmin ümumi sağlamlığına cidditəsir göstərə bilər. Qan azlığı (anemiya) qanda hemoqlobin səviyyəsinin azalması ilə xarakterizə olunur. Hemoqlobin qırmızı qan hüceyrələrində yerləşən zülaldır və əsas funksiyası oksigeni toxumalara daşımaqdır. Onun azalması orqanizmin enerji balansına birbaşatəsir edir. Əsas simptomları isə tez yorulma və halsızlıq, baş gicəllənməsi və diqqət dağınıqlığı, dərinin solğunlaşması, nəfəsdarlığı, ürəkdöyünmə hissi, saç tökülməsi, dırnaqlarda zəiflikdir”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.

O bildirib ki, qan azlığının əsas səbəblərindən biri dəmir çatışmazlığıdır. Adətən düzgün qidalanma olmadıqda, mədə-bağırsaq xəstəlikləri və ya qan itkisindən sonra yaranır: “Vitamin “B12” və fol turşusu çatışmazlığı, xüsusən vegeterianlar və mədə-bağırsaq sorulma pozğunluğu olan şəxslərdə görülür.

Xroniki xəstəliklər – böyrək, qaraciyər, revmatik və onkolojixəstəliklərdə müşahidə oluna bilər. İrsi qan xəstəlikləri, yəni talassemiya və digər hematolojiproblemlər.

Anemiya diaqnozu qoyulduqda ilk addım onun səbəbini tapmaqdır. Dəmir çatışmazlığı zamanı dəmir preparatları, “C” vitamini ilə birlikdə qəbul olunur. Qidalanmada qırmızı ət, qaraciyər, paxlalılar, ispanaq və digər yaşıl tərəvəzlər üstünlük təşkil etməlidir. Vitamin “B12” çatışmazlığı zamanı iynə şəklində “B12” vitamini, fol turşusu çatışmazlığında isə fol preparatları verilir. Ağır hallarda – xüsusilə həyati təhlükə yarandıqda – qan köçürülməsi (eritrosit kütləsi) həyata keçirilir.Ancaq onu da bilmək lazımdıdr ki, anemiyanın səbəbi dəqiqləşdirilmədən dərhal dəmir preparatı qəbul etmək düzgün deyil. Müalicə hər zaman həkim nəzarəti altında aparılmalıdır.

”D” vitamini son illərin ən çox rast gəlinən hallarından biridir. Hətta buna son illərin “gizli epidemiyası” da deyilir. Çünki bir çox insanda bu vitaminin səviyyəsi normadan aşağı olur. Halbuki, “D” vitamini təkcə sümük sağlamlığı üçün deyil, həm də immun sisteminin, əzələ və sinir sisteminin düzgün işləməsi üçün həyati əhəmiyyət daşıyır. Vitamin “D” sümüklərdə kalsium-fosfor mübadiləsini tənzimləyir, immuniteti gücləndirir,əzələ tonusunu və sinir keçiriciliyini dəstəkləyir.Uşaqlarda boy artımı və skelet inkişafı üçün vacibdir.

Çatışmazlığın səbəbləri: Günəş şüası ilə kifayət qədər təmasın olmaması (otaq şəraitində çox qalmaq, qoruyucu kremdən həddindən artıq istifadə), Qidalanmada “D” vitamini ilə zəngin məhsulların azlığı, xroniki qaraciyər və böyrək xəstəlikləri, yaşartdıqca dəridə sintez qabiliyyətinin azalmasıdır. Bəs necə edək ki vitamin “D” normada olsun deyə soruşurlar pasiyentlər: Günəş vannası – gündə 15–20 dəqiqə (qol və ayaqlar açıq halda) kifayətdir.

Qidalanma – balıq (somon, skumbriya), yumurta sarısı, qaraciyər, zənginləşdirilmiş süd məhsulları.

Preparatlar – çatışmazlıq analizlə təsdiqlənibsə, həkim tərəfindən təyin olunur. Yüngül hallarda damcı və kapsul, ağır hallarda isə ampul və yüksək doz preparatlar istifadə edilə bilər.

Normadan artıq qəbulun zərərləri – hiperkalsemiya, böyrəkdaşları, ürək və damar fəsadları. Buna görə, D vitaminini“profilaktik olaraq hər kəs qəbul etməlidir” yanaşması doğru deyil. Hər iki hal (anemiya və D vitamini çatışmazlığı) vaxtında müəyyənləşdirilib düzgün yanaşıldıqda, insanın həyat keyfiyyətini və uzunmüddətli sağlamlığını qorumaq mümkündür. Unutmayın ki,tibbi məsləhət yalnız laboratoranalizlər və həkim müayinəsi əsasında verilməlidir. Özbaşına vitamin və ya dəmir preparatı qəbul etmək sağlamlıq əvəzinə problem yarada bilər”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
11
1
sia.az

2Mənbələr