AZ

Ailə etibarlı dayaqdır, qadınların səlahiyyətləri artırılmalıdır

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

“Dünya mürəkkəb və çoxşaxəli böhranlarla üz-üzədir. Silahlı münaqişələr, iqlim dəyişiklikləri, sürətli urbanizasiya və rəqəmsal təhlükələr cəmiyyətlərin sabitliyini sarsıdır”. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş BMT Baş Assambleyasının Yüksək Səviyyəli İclası çərçivəsində Türkiyənin təşkil etdiyi və Azərbaycanın bir sıra ölkələrlə birgə həmtəşkilatçı olduğu “Birlikdə daha güclüyük: Ailədən qaynaqlanan qlobal həmrəylik” mövzusunda yan tədbirdə çıxışı zamanı deyib.

Bahar Muradova bildirib ki, belə bir dövrdə ən etibarlı dayaq ailədir və Azərbaycan üçün ailə hər zaman yalnız şəxsi həyatın deyil, həm də sosial münasibətlərin, milli həmrəyliyin və ictimai sabitliyin əsas dayağı olub. “Hazırda ölkəmizdə ailə siyasəti dövlətin inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə uşaq hüquqlarının müdafiəsi, ailə dəyərlərinin gənclər arasında təbliği, sosial rifahın yüksəldilməsi, məişət zorakılığı ilə mübarizə və zərərli rəqəmsal məzmunlara qarşı tədbirlər kimi məsələləri diqqət mərkəzində saxlayır”,- deyə komitə sədri əlavə edib. 

O, Azərbaycanın son illərdə həyata keçirdiyi hüququ islahatlar barədə danışaraq bu baxımdan nikah yaşının yalnız 18-dən başlamasını, yaxın qan qohumları arasında nikaha məhdudiyyətlərin tətbiq edilməsini, erkən evlilik və yetkinlik yaşına çatmayanlarla dini nikah bağlanmasına şərait yaradanlara qarşı inzibati və cinayət məsuliyyətinin sərtləşməsini vurğulayıb. Bildirib ki, Azərbaycan ailə siyasətinə həm milli dəyərlərin qorunması, həm də müasir beynəlxalq standartların tətbiqi prizmasından yanaşır.

O əlavə edib ki, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəklədiyi “Sıfır tullantı” təşəbbüsü yalnız ekoloji layihə deyil, həm də ailə institutunun həmrəylik platforması kimi dəyərlidir. “Üç əsas istiqamətdə beynəlxalq əməkdaşlığı vacib hesab edirik. Bu ilk növbədə sosial həmrəyliyin möhkəmləndirilməsi – milli səviyyədə atılan addımların qlobal miqyasda paylaşılması ola bilər. Bir digər istiqamət uşaqların qorunması – xüsusilə rəqəmsal dövrdə onların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir. Üçüncü isə, qlobal tərəfdaşlıq – “ailə diplomatiyası” platformalarının qurulması və ən yaxşı təcrübələrin mübadiləsi məsələsidir”,– deyə komitə sədri vurğulayıb. 

Bahar Muradova, həmçinin “Gender bərabərliyinə, bütün qadınların və qızların səlahiyyətlərinin artırılmasına nail olmaq üçün Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının yenilənməsi, resursların ayrılması və icrasının sürətləndirilməsi” mövzusunda keçirilən iclasda da çıxış edib.

O, Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının illərdir gender bərabərliyi, qadınların və qızların səlahiyyətlərinin artırılması istiqamətində beynəlxalq səylərə istiqamət verdiyini qeyd edərək, bərabərlik, inkişaf və sülh məqsədlərinə sadiqliyin dəyişməz olduğunu vurğulayıb. Bu sahədə son 30 ildə göstərilən qlobal səylərin mühüm nəticələr doğurduğunu diqqətə çatdıraraq, Azərbaycanda da qadınların təhsil, səhiyyə, məşğulluq və qərarqəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatların aparıldığını deyib.

Qadın əməyinin qadağan olunduğu sahələrin sayının minimuma endirildiyini, ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsinin hazırlandığını, məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahlarını tənzimləyən qanunvericilik bazasının təkmilləşdirildiyini, nikah yaşı ilə bağlı istisnaların ləğv edildiyini diqqətə çatdıran komitə sədri bildirib ki, bütün bunlar həm qadınların hüquqlarının qorunmasına, həm də ailə və cəmiyyət arasında bağların möhkəmlənməsinə xidmət edir. O qeyd edib ki, xüsusilə azad olunmuş ərazilərdə yaradılan müasir infrastruktur, smart şəhər və kəndlər, rəqəmsal xidmətlər və inkubasiya proqramları əhaliyə bərabər imkanlar  təmin etməkdədir.

Azərbaycanın  qlobal təşəbbüslərə də mühüm töhfələr verdiyini vurğulayan B. Muradova cari ilin iyul ayında ölkəmizdə ilk dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun keçirildiyini, eləcə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsünün irəli sürüldüyünü diqqətə çatdırıb. O qeyd edib ki, üzv ölkələrin dəstəklədiyi bu orqan qadınların təhsil, əmək bazarı, iqlim və sülh quruculuğu, habelə qadın hüquqları və gender bərabərliyi sahəsində AQEM çərçivəsində əməkdaşlıq və dialoqu təşviq edəcəkdir.

Zərifə HÜSEYNOVA

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr