ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir müddət əvvəl Mərdəkan qəsrindən yolumuz düşmüşdü. Qəsri gəzdik, eksponatlarla, qəsrlə tanış olduq. Qəsrin yaxınlığında fəaliyyət göstərən məscid diqqətimizi çəkdi. Bu məscid Tuba Şah məscidi adlanır. Tarixi mənbələrə görə, məscidin tarixi XV əsrə dayanır.
Tuba Şah adı ilə tanınan məscidin 1481-1483-cü illərdə inşa edildiyi iddia olunur. Məscidin adı Tuba Şah xanımın adı ilə bağlıdır. Məscidin bir günbəzi var və yonulmuş daşlardan tikilib. Məscid yaxşı vəziyyətdə qalıb. Tarixi mənbələrə görə, 1721-ci ildə məscid Bakı xanlarından olan Məhəmməd xan tərəfindən təmir edilib.
Bu gün kənd əhalisinin böyük önəm verdiyi və ibadət üçün toplandığı məscid Mərdəkan qəsrindən sonra inşa edilib. Məscidin divarlarının qalınlığı 1 metrə yaxındır.
Bəzi mnbələrə görə, əvvəllər məscidin yerində 1372-ci ildə inşa edilmiş başqa bir məscid varmış və həmin il də dağıdılıbmış. Sonra Tuba Şah adlı bir xanımın sifarişi ilə köhnə məscidin yerində yeni bir məscid tikilib.
Maraqlıdır ki, məscid qəsrdən daha yaxşı vəziyyətdədir. 2021-ci ilin məlumatlarına görə, Mərdəkan qəsri də, Tuba Şah məscidi də 2022-ci il təmir edilməli imiş. Təmiri də Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən həyata keçirməli imiş. İndi 2025-ci ildir və qəsrdə heç bir təmir işləri aparılmayıb. Maraqlıdır...
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.