AZ

AMEA Naxçıvan Bölməsində iki elmi kitabın təqdimatı olub

Sentyabrın 23-də AMEA Naxçıvan Bölməsində iki yeni elmi nəşrin- sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanovun “Naxçıvan teatrında rəssam işi” və filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar (II kitab)” kitablarının təqdimatı keçirilib. 

Tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev təqdim olunan nəşrlərin elmi və ictimai əhəmiyyətindən danışıb. Hər iki müəllifin apardığı tədqiqatların yalnız müvafiq sahələrin inkişafına deyil, eyni zamanda Azərbaycan xalqının mədəni irsinin, milli yaddaşının qorunmasına da mühüm töhfə verdiyini qeyd edib. Kitabları ümumi təhlil edən İsmayıl Hacıyev çıxışının sonunda müəllifləri ərsəyə gətirdikləri yeni kitablar münasibətilə təbrik edib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Teatr rəssamlığına aid dəyərli araşdırma” mövzusunda məruzə edərək bildirib ki, Əli Qəhrəmanovun monoqrafiyası Naxçıvan teatr rəssamlığının tarixi inkişaf yolunu, onun əsas mərhələlərini, tanınmış teatr rəssamlarının yaradıcılığını əhatəli şəkildə tədqiq edir. Məruzəçi əsərdə teatr sənətinin formalaşmasında rəssamların rolu məsələsinin və səhnə dekorasiyasının estetik prinsiplərinin  geniş araşdırıldığını bildirib.

 İnstitutun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev hər iki nəşri yüksək qiymətləndirərək onların geniş oxucu kütləsi üçün əhəmiyyətindən danışıb. Alim bu əsərlərin həm sənətşünaslıq, həm də filologiya və tarix sahələrində araşdırma aparan tədqiqatçılar üçün zəngin və etibarlı mənbə olduğunu bildirib.

Həmin İnstitutun əməkdaşları  filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl və Aytəkin Zeynalova çıxışlarında yeni nəşrlərin maarifləndirici və elmi dəyəri ilə yanaşı, milli-mədəni kimliyin təbliğinə və qorunmasına xidmət etdiyini diqqətə çatdırıblar.

Sonda müəlliflər-sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanov və filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova kitablarının elmi əhəmiyyəti, ərsəyə gəlmə mərhələləri barədə danışıb, tədqimata və yaradıcılıqlarına göstərilən diqqətə görə minnətdarlıq ediblər. 

Səbuhi HƏSƏNOV

Seçilən
5
1
xalqqazeti.az

2Mənbələr