AZ

Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş, cəlbedici investisiya məkanı və sabitlik nümunəsi kimi qəbul olunur - EKSPERT

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirdiyi yüksək səviyyəli ikitərəfli görüşlər bir daha təsdiq edir ki, Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş, iqtisadi baxımdan cəlbedici investisiya məkanı və sabitlik nümunəsi kimi qəbul olunur. Cənab Prezidentin dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyi görüşlər ölkəmizə olan marağın yalnız iqtisadi müstəvidə deyil, eləcə də siyasi sabitlik, strateji baxış və liderlik kontekstində artdığını nümayiş etdirir. Əsas məqamlardan biri də ondan ibarətdir ki, bu görüşlər və ümumilikdə BMT Baş Assambleyası çərçivəsində planlaşdırılan digər ikitərəfli təmaslar məhz qarşı tərəflərin təşəbbüsü ilə həyata keçirilir. Bu fakt isə öz növbəsində Azərbaycanın artan beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevin strateji idarəçiliyinin və milli maraqlara əsaslanan müstəqil siyasətinin beynəlxalq səviyyədə təqdir olunduğunun bariz ifadəsidir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Aytən Qurbanova bildirdi. 

Politoloq bildirdi ki, post-münaqişə dövründə Cənubi Qafqazın aparıcı dövləti kimi formalaşan Azərbaycan regionda sabitlik və təhlükəsizliyin qarantı kimi çıxış edir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, “Böyük Qayıdış” proqramı, yaşıl enerji zonalarının yaradılması və Zəngəzur dəhlizi kimi beynəlxalq əhəmiyyətli təşəbbüslər ölkəmizin geoiqtisadi və geostrateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycanın daxili siyasi sabitliyi, institusional dayanıqlığı və sosial-iqtisadi inkişaf dinamikası beynəlxalq maliyyə institutlarının diqqətini cəlb edən əsas amillərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkəmiz yalnız regional deyil, eyni zamanda qlobal səviyyədə də strateji tərəfdaş kimi çıxış etməkdədir. Cənab Prezidentin rəhbərlik etdiyi müstəqil xarici siyasət kursu Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiə olunmasını və beynəlxalq münasibətlərdə bərabərlik prinsipinə əsaslanan tərəfdaşlıqların qurulmasını təmin edir. Dövlətimizin heç bir hərbi-siyasi blokda təmsil olunmadan həyata keçirdiyi bu balanslı və çoxşaxəli siyasət beynəlxalq güc mərkəzləri, eləcə də transmilli korporasiyalar tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçımızın qlobal maliyyə institutlarının rəhbərləri ilə birbaşa təmasları həm siyasi dialoqun möhkəmləndirilməsi, həm də iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli bir platforma rolunu oynayır.

Ekspert qeyd etdi ki, digər tərəfdən isə bu görüşlər təkcə iqtisadi müstəvidə deyil, həm də siyasi və strateji baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın qlobal güc mərkəzləri ilə birbaşa və bərabərhüquqlu dialoq qurması, öz maraqlarını açıq şəkildə ifadə etməsi və bu maraqlar əsasında tərəfdaşlıq əlaqələrinin formalaşması ölkəmizin beynəlxalq sistemdəki yerini daha da möhkəmləndirir. Nəticə etibarilə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirdiyi görüşlər sadəcə diplomatik protokol xarakteri daşımır, eyni zamanda, Azərbaycanı regional gücdən qlobal tərəfdaşa çevirən siyasi iradənin və məqsədyönlü diplomatiyanın təzahürüdür.

Səbinə Qorxmaz "İki sahil"

Seçilən
6
ikisahil.az

1Mənbələr