AZ

Tarix və Etnologiya İnstitutunda 2025 ci il üzrə etnoqrafik ekspedisiyaların yekunlarına dair elmi konfrans keçirilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

AMEA-nın Tarix və Etnologiya İnstitutunda 2025-ci il üzrə etnoqrafik ekspedisiyaların yekunlarına həsr olunmuş elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları institutun cari il üzrə etnoqrafik ekspedisiyalarının yekunlarına dair sərgi ilə tanış olublar.

Konfransı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq, Akademiyanın 80 illik tarixi ərzində ilk dəfə etnoqrafiya və etnologiya üzrə sərginin təşkil edildiyini söyləyib. O, etnoqrafik ekspedisiyaların yekunlarına dair sərgini AMEA-nın şərəfli tarixində yeni səhifə kimi yüksək qiymətləndirib.

“Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı Türk dünyası ilə əlaqələrin öz ailəmizin qayğıları qədər əhəmiyyətli olduğunu cəmiyyətin nəzərinə çatdırmışdır”, - deyən akademik İsa Həbibbəyli bu istiqamətdə AMEA-da müxtəlif addımların atıldığını, elmi müəssisələrdə Türk xalqları ilə bağlı şöbələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırıldığını, təkmilləşdirildiyini bildirib. O, həmçinin bugünədək türkologiya şöbəsi olmayan institutlarda həmin müəssisənin profilinə uyğun yeni şöbələrin yaradıldığını diqqətə çatdırıb. Eyni zamanda, Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnologiyası şöbəsinin bazasında daxili imkanlar hesabına Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin yaradıldığını söyləyib.

AMEA rəhbəri XXI əsrin çağırışlarına əsasən etnologiya elminin gündən-günə şaxələndiyini deyib. Qeyd edib ki, AMEA-nın Tarix İnstitutunun Tarix və Etnologiya İnstitutu adlandırılması tamamilə düzgün qərardır və nəticələri ilə özünü doğrultmaqdadır.

Bildirilib ki, Tarix və Etnologiya İnstitutunda hazırda 40-dan çox etnoqrafik alim fəaliyyət göstərir. Son dövrlərdə institutda aparılan tədqiqatların miqyası genişlənməkdə və yeni prioritet istiqamətlər formalaşmaqdadır. Həmçinin AMEA tarixində ilk dəfə etnologiyaya aid jurnalın təsis olunub. Jurnalın ilk sayı artıq nəşr olunub və yaxın günlərdə nəşrin təqdimatı keçiriləcək.

Sonra Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov çıxış edərək, institutda etnoqrafik ekspedisiyaların yüksək səviyyədə təşkili istiqamətində müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdırıb. O, bu ekspedisiyalar zamanı müasir texnoloji avadanlıqlardan istifadənin zəruriliyini qeyd edib, həmçinin gələcəkdə mövsümi etnoqrafik ekspedisiyaların təşkili məsələsinə toxunub.

Dünyanın müxtəlif ölkələrində Etnologiya Muzeyinin ən vacib mədəniyyət qurumlarından biri hesab olunduğunu söyləyən professor Kərim Şükürov institutda xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən kiçik muzeyin yaradılmasının önəmini qeyd edib.

O, Tarix və Etnologiya İnstitutunda “Azərbaycan etnologiyası” jurnalının təsis edildiyini deyərək, jurnalın saytının yaradılması istiqamətində müəyyən işlərin görüldüyünü bildirib. Vurğulayıb ki, etnoqrafik ekspedisiyaların hesabatları əsasında yazılacaq elmi məqalələr sözügedən jurnalda çap olunacaq.

Sonra institutun elmi katibi Bəhmən Əliyev “Azərbaycan etnologiya elminin inkişafında etnoqrafik ekspedisiyaların rolu” mövzusunda məruzəsini təqdim edib. Tədbirdə, həmçinin “Quba etnoqrafik ekspedisiyasının hesabatı”, “Quba-Xaçmaz etnoqrafik ekspedisiyasının hesabatı”, “Ordubad etnoqrafik ekspedisiyasının hesabatı”, “İsmayıllı etnoqrafik ekspedisiyasının hesabatı”, “Gəncə etnoqrafik ekspedisiyasının hesabatı”, “Lerik etnoqrafik ekspedisiyasının hesabatı”, “Ağstafa etnoqrafik ekspedisiyasının hesabatı” və “Ordubad etnoqrafik ekspedisiyasının hesabatı” mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
4
azertag.az

5Mənbələr